40.1 Bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkilatçıları tədbirlərin keçirilməsi qaydalarını və şərtlərini müəyyən edir, onların təşkili və keçirilməsinə görə cavabdehdirlər. Təşkilatçılar tədbirləri dayandırmaq, keçirilmə vaxtlarını dəyişdirmək, yekunlaşdırmaq və yekunlarını təsdiq etmək hüquqlarına malikdirlər.
40.1-1. Şuşa şəhərinin ərazisində idman yarışları “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla keçirilir.
40.2. Bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin adlarından və simvollarından istifadə etmək hüququ yalnız onun təşkilatçılarına məxsusdur. Tədbirlərin keçirildiyi yerlərdə reklamların yerləşdirilməsi, tədbirlərin televiziya və radio vasitəsi ilə işıqlandırılması, eləcə də yayımların yazılışlarının və fotoçəkilişlərinin aparılması, tədbirlərdə istifadə olunan idman geyimləri, avadanlığı və ləvazimatlarının istehsalçılarının müəyyən edilməsi hüquqları bu tədbirlərin təşkilatçılarına məxsusdur.
40.3. Hüquqi və fiziki şəxslər bu Qanunun 40.2-ci maddəsində göstərilmiş hüquqlardan yalnız onlarla tədbirlərin təşkilatçıları arasında bağlanmış müqavilələr əsasında istifadə edə bilərlər.
40.4. Bədən tərbiyəsi-sağlamlıq tədbirləri və idman yarışları onların təşkilatçıları tərəfindən təsdiq olunmuş tədbirlər və ya yarışlar haqqında əsasnamələrə (reqlamentlərə) uyğun və müvafiq idman növləri üzrə qaydalar əsasında təşkil edilir və keçirilir.