52.1. İdman obyektləri sosial infrastruktur obyektlərinə aiddir.
52.2. İdman obyektlərinin yerləşdirilməsi müvafiq qanunvericiliyə uyğun həyata keçirilir.
52.3. İdman obyektlərinin layihələndirilməsi və tikintisi həmin obyektlərə əlilliyi olan şəxslərin maneəsiz keçməsinin təmin edilməsi haqqında tələblərə riayət etməklə həyata keçirilir.
52.4. Yaşayış sahələrinin tikinti planlarında bədən tərbiyəsi, sağlamlıq və idman obyektlərinin tikintisi nəzərdə tutulmalıdır. Yaşayış sahələrinin qəbulu üzrə komissiyaların tərkibinə müvafiq icra hakimiyyəti orqanlarının bədən tərbiyəsi və idman üzrə nümayəndələri də daxil edilir.
52.5. Yaşayış yerlərinin bədən tərbiyəsi, sağlamlıq və idman obyektləri ilə təmin olunma normativləri əhalinin sıxlığından və yerli iqlim şəraitindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
52.6. Bütün növ təhsil müəssisələrinin tikintisi və ya yenidən qurulması planlarına bədən tərbiyəsi, sağlamlıq və idman obyektlərinin tikintisinin salınması məcburidir.
52.7. Mülkiyyətində və ya tabeliyində idman obyektləri olan hüquqi və fiziki şəxslər bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin keçirilməsi yerlərini texniki reqlamentlərə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş norma, qayda və tələblərə, sanitariya-gigiyena norma və qaydalarına uyğun texniki avadanlıqla təchiz edirlər.
52.8. Dövlət mülkiyyətində olan idman obyektlərinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada həyata keçirilir.
52.9. İdman obyektlərindən yalnız bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin, idman yarışlarının, mədəni tədbirlərin keçirilməsi üçün istifadə oluna bilər.
52.10. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr onlara məxsus olan idman obyektlərində keçirilən idman yarışlarına giriş tariflərini idman tədbirinin təşkilatçıları ilə birlikdə, vətəndaşların belə obyektlərdən istifadə etmələri üçün abonementlərin qiymətlərini tənzimləyir. Olimpiya, paralimpiya, Avropa oyunlarının və dünya, Avropa və ölkə çempionatlarının keçirilməsi zamanı giriş biletlərinin tarifləri və satışı qaydası, daha çox tamaşaçının iştirakına imkan verməklə, idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən müəyyən edilir. Bilet satışına nəzarət yolu ilə rəqib tamaşaçı qruplarının ayrı-ayrı zonalarda yerləşdirilməsi təmin edilir. İdman tədbirlərinə giriş biletlərinin saxtalaşdırılması və idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən müəyyən olunmuş tariflərdən yüksək qiymətə satılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur.
52.11. Ölkədə fəaliyyət göstərən olimpiya komplekslərinin nəzdində kompleksin imkan və şəraitlərinə uyğun olan olimpiya idman növləri üzrə olimpiya hazırlığı mərkəzləri yaradılır və fəaliyyətləri təmin edilir.