61.1. Bədən tərbiyəsi və idman sahəsində beynəlxalq əməkdaşlıq beynəlxalq müqavilələrə və qanunvericiliyə əsasən həyata keçirilir.
61.2. Respublika bədən tərbiyəsi-idman təşkilatları beynəlxalq əlaqələrində müstəqildirlər. Onlar xarici ölkələrin idman təşkilatları ilə münasibətlərində beynəlxalq idman təşkilatları tərəfindən təsdiq olunmuş reqlament və tələblərə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət edirlər.
61.3. Ölkə ərazisində beynəlxalq bədən tərbiyəsi-idman təşkilatları və onların filialları və nümayəndəlikləri yaradıla bilər. Respublika bədən tərbiyəsi-idman təşkilatları qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətlərinin həyata keçirilməsinə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri cəlb etmək, həmçinin xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, xarici təşkilatlardan, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən aldıqları maliyyə vəsaitləri və başqa növ əmlak üzərində müstəqil sərəncam vermək hüququna malikdirlər.
61.4. Beynəlxalq bədən tərbiyəsi-idman təşkilatlarının Azərbaycan Respublikası ərazisində fəaliyyətini həyata keçirən strukturlarının tərkibinə dövlət və ya bələdiyyə qulluğunda vəzifələr tutan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada daxil ola bilərlər.
61.5. Beynəlxalq yarışlarda Azərbaycan Respublikasını rəsmi təmsil etmək hüququ müvafiq icra hakimiyyəti orqanına, Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələrinə, respublika idman federasiyalarına və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bədən tərbiyəsi-idman təşkilatlarına məxsusdur.