Qanunvericilik › Bədən tərbiyəsi və idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.12.2009) › Tam mətn

Bədən tərbiyəsi və idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.12.2009)

Bədən tərbiyəsi və idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.12.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10, 1.11, 1.14 və 1.15-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İctimai birliklərə respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası Qaydası", "Hüquqi şəxs statusu olmayan idman klubu haqqında Nümunəvi Əsasnamə", "Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin Siyahısı", "Milli yığma komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi və antidopinq təminatı Qaydası", "Ölkə ərazisində yayılan idman növlərinin və idman fənlərinin tanınması Qaydaları", "Respublika idman federasiyalarının dövlət reyestrinin aparılması Qaydaları", "İdman növlərinin dövlət reyestrinin aparılması Qaydaları", "Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində idman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələri", "Dövlət bədən tərbiyəsi-idman təşkilatlarında bədən tərbiyəsi və idman xidmətləri güzəştli şərtlərlə göstərilən bəzi kateqoriyadan olan şəxslərin Siyahısı", "Dövlət bədən tərbiyəsi-idman təşkilatlarında göstərilən bədən tərbiyəsi və idman xidmətlərinə güzəştlərin siyahısı və onların həcmi" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 24 dekabr 2009-cu il

Bu Qayda "Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ölkə ərazisində fəaliyyət göstərən ölkə səviyyəli bədən tərbiyəsi — idman ictimai birliklərinə ayrı-ayrı idman növləri üzrə respublika idman federasiyası (assosiasiyası) statusunun verilməsi üçün onların dövlət akkreditasiyası qaydasını müəyyən edir.

2.1. İctimai birliklər Azərbaycan Milli Olimpiya Komitəsinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən dövlət akkreditasiyasından keçdikdən sonra respublika idman federasiyası statusunu alır.

2.2. Təqdim edilmiş sənədlərə 40 (qırx) gün ərzində baxılaraq Nazirliyin rəyi müsbət olduqda, müraciət edənə akkreditasiya barədə qərarın təsdiq edilmiş surəti, əks halda, imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir.

2.3. Dövlət akkreditasiyası barədə Nazirliyin kollegiyasında vəsatətin qaldırılması, akkreditasiya olunmuş respublika idman federasiyalarının (assosiasiyalarının) fəaliyyətinə nəzarətin təşkili və həyata keçirilməsi, akkreditasiya tələblərinə əlavələr və dəyişikliklər haqqında onlara vaxtında rəsmi xəbərdarlığın edilməsi, akkreditasiya ilə bağlı apelyasiyalara və digər məsələlərə baxılması, bu barədə müvafiq qərarların qəbul edilməsi məqsədi ilə Nazirlik tərəfindən akkreditasiyanı həyata keçirən «xüsusi komissiya» yaradılır və onun tərkibi təsdiq edilir.

2.4. Akkreditasiyadan keçmiş, eləcə də müəyyən səbəblərə görə fəaliyyəti dayandırılmış və ya ləğv edilmiş respublika idman federasiyaları (assosiasiyaları) haqqında məlumatlar Nazirlik tərəfindən respublika idman federasiyalarının (assosiasiyalarının) dövlət reyestrinə daxil edilir, bu barədə məlumat Nazirliyin və Milli Olimpiya Komitəsinin informasiya bülletenlərində dərc olunur.

3.1. Akkreditasiya olunmaq üçün ictimai birlik tərəfindən Nazirliyə aşağıdakı sənədlər təqdim edilməlidir:

rəsmi müraciət (ərizə);

bədən tərbiyəsi və idman yönümlü ictimai birliyin təsis sənədlərinin və hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq olunmuş surətləri;

Milli Olimpiya Komitəsinin rəyi;

inkişaf etdirilən idman növləri və fənlərinin siyahısı;

müvafiq idman növü üzrə yarışların müəyyən edilmiş qaydada təsdiq edilmiş keçirilmə qaydaları və həmin idman növünün inkişaf və təbliğ edilməsi barədə proqram layihəsi;

müvafiq idman növü üzrə yüksək səviyyəli idmançıların hazırlığı sisteminin təkmilləşdirilməsi haqqında təkliflər;

idman obyektləri və bazaları haqqında məlumatlar;

milli yığma komandalara namizədlərin seçilməsi və komandaların komplektləşdirilməsinə dair təkliflər;

ictimai birliyin fəaliyyətinin təmin edilməsi üzrə maliyyə mənbələri haqqında rəsmi sənədlər.

beynəlxalq və digər idman qurumlarına üzvlüyü haqqında məlumat;

rəhbərliyi və rəhbər orqanlarının tərkibi haqqında məlumat.

3.1-1. Akkreditasiya olunmaq üçün ərizəyə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

3.2. Akkreditasiya ilə bağlı sənədlər Nazirlik tərəfindən siyahı üzrə qəbul olunur.

4.1. İctimai birlik dövlət akkreditasiyasından keçdikdə, ona Nazirliyin kollegiyası tərəfindən qəbul edilmiş akkreditasiya barədə qərarın təsdiq edilmiş surəti təqdim edilir.

4.2. Nazirlik respublika idman federasiyasının fəaliyyətini dayandırmaq və ya ləğv etmək hüququna malikdir.

4.3. Aşağıdakı hallarda dövlət akkreditasiyası haqqında qərar dayandırılır və ya aşkar edilən nöqsanların ciddiliyindən asılı olaraq ləğv edilir:

dövlət akkreditasiyasından keçmək üçün təqdim edilmiş sənədlərdə qeyri-dürüst, həqiqətə uyğun olmayan və səhv faktlar (məlumatlar) aşkar edildikdə;

respublika idman federasiyasının sənədlərində və ya fəaliyyətində əsaslı dəyişikliklər baş verdiyi halda, bu barədə Nazirliyin xüsusi komissiyasına 1 (bir) ay müddətində məlumat verilmədikdə;

respublika idman federasiyasının (assosiasiyasının) fəaliyyətində onlar üçün müəyyən edilmiş tələblərin pozulması hallarına yol verildikdə.

Bu tələblər aşağıdakılardan ibarətdir:

"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara tam riayət olunması;

Nazirlik tərəfindən təsdiq edilmiş respublika Vahid idman təsnifatına və digər normativ sənədlərə riayət olunması;

müvafiq idman növünün idmanın inkişafı üzrə dövlət proqramına uyğun və sistemli inkişaf etdirilməsi;

idman fəaliyyətində beynəlxalq norma və qaydalara əməl olunması;

yarışlar keçirilən idman obyektlərinin idman növünün qaydalarına və tələblərinə uyğun olması, sanitar-gigiyenik, mühəndis-texniki, təhlükəsizlik və digər normalara cavab verməsi;

Nazirliyin bütün sorğularına vaxtında, düzgün və ətraflı məlumatların təqdim olunması.

5.1. Respublika idman federasiyasının fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə qərarda respublika idman federasiyasının fəaliyyətinin hansı səbəblərə görə dayandırılması və ya ləğv edilməsi və dayandırılması səbəblərinin aradan götürülməsi üçün 3 (üç) aydan çox olmayaraq müddət göstərilməlidir.

Respublika idman federasiyasının (assosiasiyasının) fəaliyyətindəki qeyri-qanuni halların və digər pozuntuların aradan götürülməsi təmin edilmədikdə, onun fəaliyyəti Nazirliyin qərarı ilə ləğv edilir.

5.2. Akkreditasiya olunmuş respublika idman federasiyası (assosiasiyası) ləğv edildikdə və ya yenidən təşkil olunduqda, onun fəaliyyəti bitmiş hesab olunur.

Qəbul olunmuş qərarlar barədə respublika idman federasiyası (assosiasiyası) 3 (üç) gün ərzində məlumatlandırılmalıdır.

5.3. Akkreditasiya tələblərinə riayət edilməsinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.

5.4. Nazirliyin fəaliyyətindən və qərarlarından qanunvericiliyə uyğun qaydada yuxarı inzibati orqana və ya məhkəməyə şikayət verilə bilər.

1.1. Hüquqi şəxs statusu olmayan idman klubu (bundan sonra — klub) haqqında Nümunəvi Əsasnamə "Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Klubun Əsasnaməsi onun fəaliyyət göstərdiyi sahənin xüsusiyyətlərinə uyğun olaraq təsisçi tərəfindən hazırlanır və təsdiq edilir.

1.3. Klubun fəaliyyəti məşğul olanların həyat və sağlamlıqlarının qorunması, fiziki hazırlıqlarının inkişafı və təkmilləşdirilməsi, idmanın ayrı-ayrı növləri üzrə idman ustalıqlarının artırılması, mənəvi, əxlaqi və mübariz keyfiyyətlərə yiyələnməsi prinsipləri əsasında qurulur.

fəaliyyətini demokratiya prinsipləri əsasında həyata keçirir;

fəaliyyətinin yekunları haqqında kollektiv qarşısında hesabat verir;

simvollarına, embleminə və atributlarına malikdir;

fəaliyyət göstərdiyi ərazi üzrə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsində və regional idarələrində qeydə alınır.

Klubun əsas məqsədi fəaliyyət göstərdiyi sahədə bədən tərbiyəsi və idmanın inkişafının təmin edilməsi, üzvlərinin maraqları əsasında onların asudə vaxtlarının səmərəli təşkil edilməsi, sağlamlıqlarının qorunması, fiziki inkişaflarına nail olunması, Vətənin müdafiəsinə daim hazır və yüksək əmək qabiliyyətli olması və respublikanın milli yığma komandalarının ehtiyat qüvvələrinin hazırlanmasında fəal iştirakın təmin edilməsidir.

3.1. Klubun funksiyaları aşağıdakılardır:

aidiyyəti sahə üzrə təhsil alanların, üzvlərinin bədən tərbiyəsi və idmanla, idman turizmi ilə məşğul olmalarını təşkil edir;

əhaliyə kütləvi bədən tərbiyəsi-sağlamlıq və müxtəlif idman xidmətləri göstərir;

sağlamlıq qruplarında və idman bölmələrində təlim-məşq prosesinin aparılmasına nəzarət edir, yığma komandaları formalaşdırır, onların hazırlığını və yarışlarda iştiraklarını təmin edir;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər fəaliyyətlər göstərir.

3.2. Klubun vəzifələri aşağıdakılardır:

üzvlərinin sağlamlığını bədən tərbiyəsi və idman vasitəsilə möhkəmləndirmək;

bədən tərbiyəsi və idmanı sağlam həyat tərzi kimi üzvlərinin və onların ailə üzvlərinin gündəlik həyatına daxil etmək;

üzvlərinin idmanın ayrı-ayrı növlərində yarışlarda iştirakını və uğurlar qazanmasını təmin etmək;

klubun idman bölmələrində məşğul olanların respublika Vahid idman təsnifatının tələblərinə uyğun olaraq idman dərəcələri üzrə normativlərin yerinə yetirilməsi istiqamətində iş aparmaq;

öz fəaliyyətində elmi-metodiki tövsiyələrdən və qabaqcıl iş təcrübəsindən istifadə etmək, seminar-məşğələlər, baxış — müsabiqələr və digər belə tədbirlər təşkil etmək;

məşğul olduğu idman növləri üzrə fəaliyyət göstərən respublika idman federasiyaları (assosiasiyaları) ilə əlaqə saxlamaq, beynəlxalq idman əlaqələrini təşkil etmək;

maddi-texniki bazanın yaradılmasını və daimi inkişafını, maliyyə təminatını və onun ildən-ilə artırılmasını təmin etmək.

3.3. Klub aşağıdakı hüquqlara malikdir:

klubun maddi-texniki imkanlarından səmərəli istifadəni təmin etməklə, klubun üzvləri üçün idman ləvazimatı və avadanlığı almaq;

sərəncamına verilmiş əmlakdan (inzibati bina və ya otaqlar, idman qurğuları, texniki vəsait, idman avadanlığı, ləvazimatı və s.) təmənnasız olaraq klubun tələbatına uyğun istifadə etmək;

yüksək nailiyyətlər qazanmış və nəticələrə nail olmuş klub üzvlərini və idmançılarını təltif etmək və daha yüksək səviyyədə mükafatlandırmaya təqdim etmək;

klub üçün icarəyə götürülmüş idman obyektlərindən səmərəli istifadə etmək;

klubun maddi-texniki bazasını və maliyyə təminatını möhkəmləndirmək məqsədi ilə kommersiya fəaliyyəti göstərmək;

əhaliyə pullu bədən tərbiyəsi-sağlamlıq və idman xidmətləri göstərmək;

klubun iş planına uyğun olaraq bədən tərbiyəsi-sağlamlıq tədbirləri, idman yarışları, kompleks spartakiadaları keçirmək;

üzvlərini müxtəlif idman tədbirləri ilə bağlı ayrı-ayrı şəhərlərə və ölkələrə ezam etmək;

öz yığma komandaları üçün təlim-məşq toplanışları keçirmək, onların sahə, şəhər (rayon), respublika və beynəlxalq yarışlarda iştirakını təmin etmək;

respublika Vahid idman təsnifatına əsasən klubun idmançılarına idman dərəcələri vermək və daha yüksək dərəcələrin verilməsinə təqdim etmək;

öz emblemini, simvol və atributlarını reklam etmək.

4.1. Klubun Əsasnaməsini qəbul edən, təsisçinin qərarlarını yerinə yetirən, klubun mənsub olduğu təşkilatda təhsil alan, işləyən hər bir şəxs və onların ailə üzvləri, ölkə ərazisində yaşayan Azərbaycan vətəndaşları və əcnəbilər klubun üzvü ola bilərlər.

4.2. Klubun üzvlüyünə qəbul üzv olmaq istəyənin şəxsi ərizəsi əsasında klubun idarə heyəti tərəfindən həyata keçirilir.

4.3. Klubun üzvləri aşağıdakı hüquqlara malikdirlər:

klubun rəhbər orqanlarını seçmək və seçilmək;

klubun bölmələrində, qruplarında bədən tərbiyəsi-sağlamlıq, idman və idman turizmi ilə məşğul olmaq;

klubun komandalarının heyətinə daxil olmaq, təlim-məşq toplantılarında hazırlıq keçmək və klubun iştirak etdiyi şəhər (rayon), respublika və beynəlxalq yarışlarda klubun idman şərəfini qorumaq;

klubun keçirdiyi, eləcə də klub tərəfindən göndərilmiş xüsusi seminarlarda, kurslarda, toplantılarda təlim keçmək;

klubun sərəncamında olan idman qurğularından və avadanlıqlarından istifadə etmək;

klubun döş nişanını, emblemini, idman geyimini və digər fərqləndirici atributlarını daşımaq;

yığıncaqlarda (konfranslarda), mətbuatda və digər toplantılarda klubun fəaliyyəti haqqında öz fikirlərini söyləmək, tənqid etmək, təklif vermək, qəbul olunan qərarlara münasibət bildirmək.

4.4. Klubun üzvlərinin vəzifələri aşağıdakılardan ibarətdir:

klubun işində fəal iştirak etmək, rəhbər orqanların qərarlarını yerinə yetirmək;

Vətənin müdafiəsinə hazır və yüksək əmək qabiliyyətinə malik olmaq üçün klubun imkanlarından səmərəli istifadə etmək;

sistematik olaraq tibbi müayinələrdən keçmək, həkim nəzarətinin tələblərinə və şəxsi gigiyenaya riayət etmək;

klubun əmlakını qorumaq, onlardan qənaətlə və səmərəli istifadə etmək.

5.1. Klubun maliyyə fəaliyyəti təsdiq edilmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir.

5.2. Klubun əsas maliyyə mənbələri aşağıdakılardır:

təsisçi tərəfindən bədən tərbiyəsi-sağlamlıq və idman işlərinin təşkilinə ayrılan vəsait;

klubun təsisçisi olan hüquqi şəxsin Həmkarlar İttifaqı Komitəsindən bu sahəyə ayrılan vəsait;

sponsorlardan, hami təşkilatlardan daxil olan vəsaitlər, həmçinin digər fiziki və hüquqi şəxslərin könüllü ianələri;

yerli özünüidarəetmə orqanlarından müvafiq ərazi üzrə bədən tərbiyəsi və idmanın inkişafına dair dövlət proqramlarının icrası ilə bağlı ayrılan vəsaitlər;

qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət növlərindən əldə olunmuş vəsaitlər.

5.3. Klub təsisçi ilə razılaşdırmaqla, klubun ştat cədvəlini və işçilərin aylıq əməkhaqlarının məbləğini müəyyən edir.

5.4. Klubun maliyyə fəaliyyətinə nəzarət klubun təftiş komissiyası və təsisçi tərəfindən həyata keçirilir.

6.1. Klub Əsasnaməsinə uyğun olaraq təşkilati strukturunu təsdiq edir, idarə heyətini, təftiş komissiyasını seçir, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı tədbirlər planını hazırlayır, idarə heyətinin və təftiş komissiyasının hesabatlarını dinləyir və qərarlar qəbul edir.

6.2. Klubun fəaliyyətinə rəhbərlik klubun idarə heyəti tərəfindən həyata keçirilir.

6.3. İdarə heyəti klubun Əsasnaməsi ilə müəyyən edilmiş müddətə seçilir. İdarə heyəti sədri, sədrin müavinini, xəzinədarı və katibi seçir, heyət üzvləri arasında vəzifə bölgüsünü aparır. İdarə heyəti klubun iş planını təsdiq edir, onun icrasını təmin edir, Əsasnamə ilə müəyyən edilmiş müddət üçün klubun fəaliyyəti barədə hesabat verir.

İdarə heyəti klubun nəzdində ayrı-ayrı komissiyalar və işçi qrupları yaradır, onların fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir.

İdarə heyətinin iclasları ayda 1 (bir) dəfədən az olmamaqla keçirilir. İclas heyət üzvlərinin 50%-dən çoxunun iştirakı zamanı səlahiyyətli sayılır.

Klubun idarə heyətinin sədri həm də klubun sədri olaraq, idarə heyətinin fəaliyyətinə rəhbərlik edir, klubun adından çıxış edir, dövlət, ictimai, qeyri-hökumət, özəl və digər təşkilatlarda, eləcə də beynəlxalq qurumlarda klubu təmsil edir, müqavilələr bağlayır. Klubun sədri klubun idarə heyəti üçün Əsasnamə ilə müəyyən edilmiş müddətə seçilir.

klubun fəaliyyətinə, eləcə də maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir və bunun üçün məsuliyyət daşıyır;

klubun işçilərinin funksional vəzifələrini müəyyənləşdirir və təsdiq edir, əmək qanunvericiliyi əsasında onları işə qəbul və işdən azad edir;

səlahiyyətləri çərçivəsində əmrlər və təlimatlar verir;

klubun daxili iş rejimini və qaydalarını müəyyənləşdirir və təsdiq edir;

klubun fəaliyyətinin yekunlarından asılı olaraq, işçilər barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür.

7.1. Klubun fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi klubun təsisçisinin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7.2. Klubun fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı qəbul olunmuş qərardan qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə şikayət verilə bilər.

Bu Siyahı "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növləri aşağıdakı cədvəldə göstərildiyi kimi müəyyən edilir:

I. Hərbi-tətbiqi idman növləri

Ştat və tabel silahından atıcılıq

Uzaq məsafələrə kross qaçışları

Uzaq məsafələrə silahlı-təchizat qaçışları

Maneələr zolağını dəf etmə

II. Xidməti-tətbiqi idman növləri

Suda xilasetmə idmanı

Xidməti motoçoxnövçülük idmanı

Xilasedici — idman çoxnövçülüyü

Ştat və tabel silahından atıcılıq

Yanğından xilasetmə idmanı

Qeyd. Göstərilən mərkəzi icra hakimiyyəti orqanları bu Siyahıda nəzərdə tutulan hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin seçilməsini və daxili tətbiq mexanizmini fəaliyyətlərinin xüsusiyyətlərinə müvafiq olaraq aidiyyəti üzrə müstəqil müəyyən edirlər.

Bu Qayda "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

2.1. Bu Qaydanın məqsədi milli yığma komandaların maddi-texniki təminatı qaydalarını müəyyənləşdirmək, onların maddi-texniki bazasının formalaşdırılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsini təmin etməkdən ibarətdir.

2.2. Milli yığma komandaların və onların üzvlərinin maddi-texniki təminatı əsasən aşağıdakı sahələri özündə cəmləşdirir:

2.2.1. təlim-məşq prosesi. Bu sahə üçün aşağıdakılar zəruridir:

beynəlxalq standartlar və normalara uyğun olan təlim-idman qurğusu;

idman növü üçün tələb olunan avadanlıq, ləvazimat, texniki vasitələr və s.;

xüsusi idman geyimləri, ayaqqabıları;

tibbi və bərpaedici mərkəz, sauna və s.;

yardımçı təlim-idman obyektləri (üzgüçülük hovuzu, trenajor zalı, ümumi-fiziki hazırlıq zalları və meydançalar);

2.2.2. qidalanma. Bu sahəyə aşağıdakılar daxildir:

hazırlıq dövrünün xüsusiyyətləri nəzərə alınmaqla, müəyyən edilmiş qidalar;

idman növlərinin xüsusiyyətlərinə görə əlavə qidalanma;

təlim-məşq toplanışlarında bütün gün ərzində qidalanma;

bərpaedici qidalanma;

2.2.3. tibbi-farmakoloji təminat. Bu sahə aşağıdakılardan ibarətdir:

idmançılara tibbi xidmətin və nəzarətin təşkili;

müəyyən edilmiş dövrlərdə tibbi müayinələrin keçirilməsi;

hər bir idmançıya fərdi olaraq vitaminlərin və dərman preparatlarının müəyyən edilməsi, alınması və idmançı tərəfindən onların qəbulunun təmin edilməsi;

bərpa dövrlərində idmançıların ehtiyaclarına uyğun müalicələrin müalicə sanatoriyalarında, müalicə-tibb müəssisələrində (klinika, xəstəxana, tibbi mərkəz və s.) həyata keçirilməsi;

milli yığma komandaların bütün üzvlərinin tibbi sığortalanması;

2.2.4. maliyyə təminatı. Bu sahəyə aşağıdakılar aiddir:

milli yığma komandalar üçün komandanın illik hazırlıq planına əsasən illik smeta xərclərinin hazırlanması və təsdiqi;

xərclər smetasına uyğun olaraq yığma komandaya maliyyə vəsaitinin ayrılması;

milli yığma komandaların inzibati işçilərinin, məşqçilər heyətinin, tibbi və texniki personalının və idmançılarının aylıq əməkhaqqı, müavinətlər, təqaüdlər və digər ödənişlərlə təmin edilməsi;

milli yığma komandalar üçün mükafat fondlarının yaradılması, mükafat meyarlarının müəyyən edilməsi.

2.3. Milli yığma komandaların və idmançıların maliyyə təminatı əsasən aşağıdakı mənbələr hesabına həyata keçirilir:

bədən tərbiyəsi və idman sahəsinə dövlət büdcəsindən ayrılan vəsait;

idman növləri üzrə respublika idman federasiyaları;

Milli Olimpiya Komitəsi;

hamilik edən hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan fəaliyyətlərindən (reklam, kommersiya tipli yarışlarda iştirak və s.) əldə edilmiş vəsaitlər.

2.4. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra — Nazirlik) milli yığma komandaların maddi-texniki təminatı ilə bağlı, idman obyektlərinin tikintisinin təşkili, fəaliyyət göstərən idman obyektlərinin bərpası və işlək vəziyyətdə saxlanılması barədə təkliflərini hazırlayır və müvafiq orqanlara təqdim edir.

3.1. Azərbaycan Respublikasının milli yığma komandalarının elmi-metodiki təminatının əsas məqsədi müasir elmi nailiyyətlər və qabaqcıl təcrübə əsasında yüksəkdərəcəli idmançıların hazırlıq sisteminin yaradılmasıdır.

3.2. Milli yığma komandaların və yüksəkdərəcəli idmançıların hazırlıq sisteminin elmi təminatının metodoloji əsasları aşağıdakılardan ibarətdir:

yüksəkdərəcəli idmançıların hazırlıq sisteminin elmi-metodiki əsasının hazırlanması;

çoxillik hazırlıq prosesində milli yığma komandalara namizədlərin seçilməsi və inkişaf dinamikası proqnozunun ölçü vahidlərinin elmi əsaslandırılması;

məşq prosesinin idarə olunmasının elmi əsaslandırılması;

olimpiya idman növləri üzrə yüksəkdərəcəli idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi.

3.3. Yüksəkdərəcəli idmançıların hazırlıq sisteminin ümumi nəzəri və metodoloji əsasları aşağıdakılardan ibarətdir:

müasir idman nəzəriyyəsinin ümumi quruluşu və məzmununun hazırlanması;

elmi kompleks qrupların (EKQ) yaradılması, respublika idman federasiyaları ilə əlaqələrin təşkili, milli yığma komandaların beynəlxalq yarışlara hazırlığının elmi əsaslarla aparılması üzrə birgə fəaliyyətin təmin edilməsi.

3.4. Çoxillik hazırlıq prosesində milli yığma komandalara namizədlərin seçilməsi və inkişaf dinamikası proqnozunun ölçü vahidlərinin elmi əsasları aşağıdakılardır:

hazırlığın müxtəlif mərhələlərində idman istedadlarının müəyyən edilməsi və seçilməsi metodlarının sistemləşdirilməsi;

idmançıların yaş xüsusiyyətlərini nəzərə almaqla, milli komandalara seçmənin təşkilati — metodiki əsaslarının hazırlanması;

seçmədə irsi əlamətlərin rolunun təyin edilməsi;

perspektivli idmançıların seçimi və bu seçimi aparmağın ölçü vahidlərinin elmi əsaslandırılması;

idman nailiyyətlərinin proqnozlaşdırılmasının elmi-metodiki əsasları.

3.5. Məşq prosesinin idarə olunmasının elmi əsasları aşağıdakılardan ibarətdir:

yüksəkdərəcəli idmançıların məşq prosesinin fərdiləşdirilməsinin əsaslandırılması və metodologiyasının hazırlanması;

milli komandaların məşq prosesinin bütün mərhələlərinin məzmunu, quruluşu, metod və vasitələri, planlaşdırılmasının elmi əsasları;

gərgin təlim-məşq və yarış şəraitində yığma komanda üzvlərinin xüsusi hazırlığına kompleks nəzarət, alınan nəticələrin təhlili, düzəlişlərin edilməsi, idman hazırlığının inkişafı və təkmilləşdirilməsi;

milli komandaların üzvlərinin yarış fəaliyyətinin modelləşdirilməsi;

yüksəkdərəcəli idmançıların işgörmə qabiliyyətinin bərpası və onun imkanlarının artırılmasının metod və vasitələrinin elmi əsasları;

idmançıların iradi-mənəvi hazırlığının təkmilləşdirilməsi.

3.6. Olimpiya idman növləri üzrə yüksəkdərəcəli idmançıların hazırlıq sisteminə aşağıdakılar daxildir:

silsiləvi idman növlərində milli yığma komanda üzvlərinin hazırlıq sistemi;

sürət-qüvvə tələb edən idman növlərində milli yığma komanda üzvlərinin hazırlıq sistemi;

təkmübarizəlik idman növlərində milli yığma komanda üzvlərinin hazırlıq sistemi;

mürəkkəb koordinasiyası olan idman növlərində milli yığma komanda üzvlərinin hazırlıq sistemi;

idman oyunlarında milli yığma komanda üzvlərinin hazırlıq sistemi;

Olimpiya Oyunlarına dördillik hazırlıq mərhələsində milli yığma komanda üzvlərinin hazırlığına kompleks elmi nəzarət.

3.7. Milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və beynəlxalq yarışlarda iştirakı elmi-kompleks qrupları tərəfindən işlənmiş və Nazirlik tərəfindən təsdiq edilmiş hazırlıq proqramları və planları əsasında həyata keçirilir.

3.8. Bədən tərbiyəsi və idman sahəsində elmi tədqiqat işlərinin aparılması öz fəaliyyətlərini dövlət və digər sifarişlər əsasında həyata keçirən bədən tərbiyəsi və idman sahəsində yaradılmış elmi mərkəzlər, elmi tədqiqat institutları, laboratoriyalar, eləcə də təhsil müəssisələri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

4.1. Milli yığma komandaların üzvlərinin tibbi-bioloji təminatı hər il yeniləşən Ümumdünya Antidopinq Agentliyi (bundan sonra —ÜADA) tərəfindən tərtib olunan siyahı nəzərə alınmaqla, il ərzində Nazirlik tərəfindən həyata keçirilir.

4.2. İdmançıların sağlamlığının aşkar edilmiş xüsusiyyətləri və funksional vəziyyəti nəzərə alınmaqla, orqanizmin qəbul etdiyi yüklərə adaptasiya göstəriciləri üzrə əsaslandırılmış fərdi bərpaedici-reabilitasiya üçün onlara mütəxəssis tərəfindən dərman maddələri təyin olunur.

4.3. Milli yığma komanda üzvlərinin yarışqabağı farmakoloji təminatına aşağıdakılar daxildir:

milli yığma komandaların üzvlərinin yarışqabağı adaptasiyası;

idmanda dopinq problemləri və buna nəzarət;

adoptogen bioloji fəal maddələrin idmanda istifadə olunması və farmakoloji təminat;

idmançının göstəricilərinə təsir edən müxtəlif dərman vasitələrindən və qidaya əlavələrdən istifadə.

4.4. Milli yığma komandaların üzvlərinin tibbi təminatı idmançıların əsaslı tibbi müayinəsini (idmançıların fiziki inkişafı, sağlamlığı və funksional vəziyyəti haqqında məlumat) və müalicəsini özündə əks etdirir.

4.5. Əsaslı tibbi müayinənin məqsədi aşağıdakılardır:

milli yığma komandaların idmançılarının funksional imkanlarının səviyyəsinin müəyyən edilməsi;

idmançıların təlim — məşq prosesinə qatılmalarına maneçilik törədən xəstəliklərin və patoloji halların müəyyən edilməsi;

patoloji hallara səbəb olan riskli amillərin müəyyən edilməsi;

idman ustalığı səviyyəsindən asılı olaraq, hazırlıq dövrü prosesində idmançının fiziki inkişaf səviyyəsinin dəyişilməsinin diaqnostikası;

idmançının orqanizminin sağlamlığı haqqında məlumatın təhlili və buna uyğun olaraq, onun fərdi hazırlıq planlarında müvafiq düzəlişlərin (əlavə və dəyişikliklərin) aparılması.

Əsaslı tibbi müayinənin nəticələri idmançıların tibbi sənədlərində qeyd olunur.

4.6. Milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və beynəlxalq yarışlarda iştirakı zamanı elmi-metodiki və tibbi təminatı Nazirlik (elmi-metodiki təminata münasibətdə), Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (tibbi təminata münasibətdə), Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri və respublika idman federasiyaları tərəfindən həyata keçirilir.

4.7. “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiya və Ümumdünya Antidopinq Məcəlləsi ilə qadağan edilmiş dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı yönəlmiş nəzarət “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

4.8. Milli yığma komandaların antidopinq təminatı aşağıdakıları özündə əks etdirir:

milli yığma komandaların idmançıları, məşqçiləri və tibbi personalları üçün xüsusi antidopinq maarifləndirmə proqramları üzrə (Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş dərman maddələrinin siyahısının izahı, idmançıların, həkimlərin və məşqçilərin məsuliyyətlərinin izahı, dopinq nəzarətinin klassik reqlamenti ilə tanışlıq) seminar-məşğələlərin mütəmadi olaraq təşkili və keçirilməsi;

respublika və beynəlxalq miqyaslı yarışlarda, habelə yarışdankənar vaxtlarda dopinq nəzarətinin keçirilməsi;

terapevtik istifadə ilə bağlı sorğuların vaxtında antidopinq təşkilatlarına, ÜADA-ya göndərilməsi, bu məsələlərlə bağlı mübahisəli və mürəkkəb vəziyyətlər yarandığı zaman tibbi ekspertlərin rəyinin öyrənilməsi, terapevtik istifadə məsələləri üzrə idman federasiyaları ilə qarşılıqlı fəaliyyəti tənzimləmək üçün xüsusi komissiyaların yaradılması;

ÜADA tərəfindən akkreditasiya edilmiş laboratoriyalarından idmançıların bioloji nümunələrinin yoxlamalarının nəticələrinin əldə edilməsi, antidopinq qaydalarının pozulması aşkar edildiyi təqdirdə, idman federasiyalarının (assosiasiyalarının) bu barədə məlumatlandırılması;

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi;

Bu Qaydalar "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

İdman növünün (fənninin) əsas məqsədi hər bir şəxsin sağlamlığının möhkəmləndirilməsinə, qorunmasına və fiziki inkişafına xidmət etməkdən ibarətdir.

Ölkə ərazisində yayılan idman növünə (fənninə) dair tələblər aşağıdakılardır:

idman növü (milli idman növləri istisna olmaqla) beynəlxalq idman qurumlarında tanınmış və qəbul edilmiş idman növlərindən biri olmalıdır;

milli idman növü müəyyən ərazilərdə yaşayan sakinlər arasında tarixi ənənəyə, kütləvi marağa və onların asudə vaxtlarında daha çox məşğulluqlarına xidmət edən idman növlərindən biri olmalıdır;

idman növünün qaydalarında insanın sağlamlığına ağır zədə vuran və ölümlə nəticələnə bilən fəndlərə, rəqibə qarşı hörmətsizlik və qəddarlığa, insan ləyaqətini və şəxsiyyətini alçaldan, eləcə də tamaşaçılara qarşı qeyri-etik münasibətlərlə fərqlənən hallara hər hansı bir formada icazə verilməsi qəbulolunmazdır;

idman növü (fənni) üzrə yarışların keçirilməsi qaydaları olmalıdır;

idman növünün (fənninin) inkişafı üçün tələb olunan maddi-texniki baza olmalıdır;

idman növü (fənni) üzrə mütəxəssislərin sayı və yenilərinin hazırlanması üzrə proqram olmalıdır.

Ölkə ərazisində yayılan idman növünün (fənninin) tanınması haqqında rəsmi müraciət aşağıda göstərilən sənədlərlə birlikdə müvafiq idman növləri üzrə respublika idman federasiyaları (assosiasiyaları), bədən tərbiyəsi və idman təşkilatları, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə (bundan sonra —Nazirlik) təqdim edilir:

idman növünün (fənninin) dəqiq adı göstərilən rəsmi sənəd;

müraciət edən təşkilatın təsis sənədlərinin, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, respublika idman federasiyasının (assosiasiyasının) dövlət akkreditasiyası barədə qərarının müvafiq qaydada təsdiq edilmiş surətləri;

idman növü (fənni) üzrə yarışların keçirilməsi qaydaları;

idman növünün (fənninin) perspektiv inkişaf proqramı;

idman növünün (fənninin) təlimi üzrə metodiki təlimatlar və tövsiyələr.

Ölkə ərazisində yayılan idman növünün (fənninin) tanınması üçün müraciətə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

4.1. Ölkə ərazisində yayılan idman növünün (fənninin) tanınması haqqında təqdim olunmuş rəsmi müraciətə Nazirlikdə yaradılmış xüsusi komissiyada 2 (iki) həftə ərzində baxılır. Komissiyanın rəyi müsbət olduğu halda, məsələ Nazirliyin kollegiyasının müzakirəsinə təqdim edilir. İdman növünün (fənninin) tanınması haqqında qərar Nazirlik tərəfindən qəbul edilir və 2 (iki) həftə ərzində bu barədə müraciət edənə rəsmi olaraq yazılı formada məlumat göndərilir.

4.2. Xüsusi komissiya ölkə ərazisində yayılan idman növünün (fənninin) tanınması ilə bağlı qeyri-müsbət qərar qəbul edərsə, bu barədə 2 (iki) həftə ərzində müraciət edənə idman növünün (fənninin) tanınmaması səbəbləri haqqında rəsmi yazılı məlumat verilməlidir. Müraciət edən həmin səbəbləri aradan qaldırmaqla, 6 (altı) aydan sonra ölkə ərazisində yayılan idman növünün (fənninin) tanınması ilə bağlı yenidən müraciət edə bilər.

4.3. Nazirlik rəsmi qaydada tanınmış idman növü (fənni) haqqında mediada və özünün xüsusi bülletenində məlumat dərc etdirir.

Bu Qaydalar "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

2.1. Respublika idman federasiyalarının dövlət reyestri (bundan sonra — RİFDR) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən aparılır.

2.2. İctimai birlik dövlət akkreditasiyasından keçdikdən sonra respublika idman federasiyası statusunu alır və respublika idman federasiyalarının dövlət reyestrinə daxil edilir.

2.3. RİFDR aşağıdakılardan ibarətdir:

qeydiyyatın sıra nömrəsi;

respublika idman federasiyasının (assosiasiyasının) adı və kod nömrəsi;

idman növünün (fənninin) adı və kod nömrəsi (bunlar idman növlərinin dövlət reyestrinə uyğun olmalıdır);

akkreditasiya barədə qərarın tarixi və nömrəsi;

beynəlxalq və digər idman qurumlarına üzvlük haqqında məlumat;

fəaliyyəti dayandırılmış, ləğv edilmiş və ya yenidən təşkil olunmuş respublika idman federasiyaları (assosiasiyaları) haqqında məlumatlar.

2.4. Nazirlik təqdim edilmiş sənədlər əsasında respublika idman federasiyasının (assosiasiyasının) RİFDR-ə daxil edilməsi haqqında qərarın surətini və reyestr qeydiyyatı haqqında şəhadətnaməni 1 (bir) ay ərzində müvafiq respublika idman federasiyasına (assosiasiyasına) təqdim edir.

3.1. RİFDR-də dəyişikliklər edilməsi Nazirlik tərəfindən aşağıdakı hallarda həyata keçirilir:

təqdim edilmiş sənəd və məlumatlara əlavələr və dəyişikliklər edildikdə;

hər hansı bir respublika idman federasiyasının (assosiasiyasının) fəaliyyəti dayandırıldıqda və ya ləğv edildikdə.

3.3-1. Respublika idman federasiyası (assosiasiyası) təklif etdiyi dəyişiklikləri təsdiqləyən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

3.2. RİFDR-də dəyişikliklər respublika idman federasiyasının (assosiasiyasının) rəsmi müraciəti əsasında Nazirlik tərəfindən qəbul edilmiş qərarla edilir.

3.3. Respublika idman federasiyası (assosiasiyası) təklif etdiyi dəyişiklikləri təsdiqləyən sənədləri öz müraciətinə əlavə etməlidir. Əks halda, həmçinin, təqdim olunmuş sənədlər həqiqətə uyğun olmadıqda, qeyri-dəqiq və səhv tərtib olunduqda, Nazirlik dəyişikliklər haqqında qaldırılmış məsələyə baxmır və bu barədə müraciət edəni 10 (on) gün ərzində rəsmi məlumatlandırır.

3.4. Təqdim olunmuş sənədlər əsasında RİFDR-də dəyişikliklər aparılması və yaxud aparılmaması haqqında Nazirlik tərəfindən qəbul edilmiş qərar müəyyən edilmiş qaydalara uyğun olaraq 10 (on) gün ərzində müraciət edənə göndərilir.

Respublika idman federasiyaları (assosiasiyaları) haqqında RİFDR-də toplanmış məlumatlar istənilən maraqlı şəxsin sorğusu əsasında Nazirlik tərəfindən verilir.

1. Bu Qaydalar "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

2. Bu Qaydaların məqsəd və vəzifələri ölkə ərazisində inkişaf etdirilən idman növləri və fənlərinin, həmçinin, inkişafı planlaşdırılan yeni idman növləri və fənlərinin idman növlərinin dövlət reyestrinə (bundan sonra — İNDR) daxil edilmə qaydalarını müəyyənləşdirmək, bu idman növlərinin sistemli inkişafını təmin etmək, idman növlərinin inkişaf səviyyəsi və əhatə dairəsi haqqında statistik hesabatların təkmilləşdirilməsinə və real vəziyyəti əks etdirə bilməsinə nail olmaqdır.

2.1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş bədən tərbiyəsi və idman sahəsinə aid statistik hesabatda qeydiyyata alınmış idman növləri ölkə ərazisində rəsmi olaraq tanınmış idman növləri kimi İNDR-ə daxil edilir.

2.2. Ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış idman növü (fənni) İNDR-ə Nazirliyin qərarı əsasında daxil edilir.

3.1. Müvafiq idman növü üzrə ictimai birliyə respublika idman federasiyası statusunun verilməsi üçün onun dövlət akkreditasiyası məsələsinə yalnız həmin idman növünün İNDR-ə daxil edilməsindən sonra baxıla bilər.

3.2. Hər ilin yekunlarına görə Nazirlik İNDR-ə daxil edilmiş bütün idman növlərinin (fənlərinin) siyahısını öz bülletenində və rəsmi sənədlər toplusunda nəşr etdirir.

3.3. Tanınmış idman növü (fənni) ölkə ərazisində yayılan idman növünə (fənninə) dair tələblərə gələcəkdə cavab vermədikdə İNDR-dən çıxarılır.

3.4. İNDR-də aparılan dəyişikliklər Nazirliyin qərarı ilə həyata keçirilir.

3.5. İNDR-ə daxil edilmiş idman növlərinə müəyyən edilmiş kod — nömrələr verilir.

Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində idman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələri «Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

Azərbaycan Respublikasında idman adları aşağıdakılardır:

Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi

Azərbaycan Respublikasının Əməkdar Məşqçisi

Azərbaycan Respublikasının Əməkdar İdman Ustası

Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi

İlk ad Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (bundan sonra — Nazirlik) təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən, sonrakı üç ad isə respublika miqyaslı bədən tərbiyəsi və idman təşkilatlarının, idman növləri üzrə respublika federasiyalarının təqdimatları əsasında Nazirliyin kollegiyasının qərarı ilə verilir.

Azərbaycan Respublikasının idmançılarına aşağıdakı dərəcələr verilir:

Beynəlxalq İdman Ustası

Beynəlxalq Qrossmeyster

İdman Ustalığına namizəd

Beynəlxalq İdman Ustası, Beynəlxalq Qrossmeyster, Qrossmeyster idman dərəcələri idmançıların beynəlxalq yarışlarda iştirakının nəticələrinə əsasən idman növləri üzrə beynəlxalq idman federasiyaları tərəfindən verilir.

Respublika idman dərəcələri hər olimpiya dövrü üçün 4 (dörd) illik müddətə müvafiq idman növləri üzrə respublika idman federasiyalarının (assosiasiyalarının) təklifləri əsasında Nazirlik tərəfindən hazırlanmış və təsdiq edilmiş respublika Vahid idman təsnifatının tələb və şərtləri əsasında verilir.

İdman Ustası və İdman Ustalığına namizəd dərəcələri — Nazirlik; I idman dərəcəsi — Nazirliyin Bakı Şəhər Gənclər və İdman İdarəsi və regional idarələri, respublika miqyaslı bədən tərbiyəsi və idman təşkilatları; II, III və IV idman dərəcələri isə bədən tərbiyəsi və idman təşkilatları, idman klubları və idman məktəbləri tərəfindən müvafiq təqdimatlar əsasında respublika Vahid idman təsnifatına uyğun olaraq verilir.

İdman ustalığına namizəd dərəcəsi, həmçinin, Naxçıvan MR-ın Gənclər və İdman Nazirliyi və Nazirliyin Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən verilir.

Beynəlxalq İdman Ustası, Beynəlxalq Qrossmeyster, Qrossmeyster, İdman Ustası dərəcələri daimi, digər dərəcələr isə verildiyi vaxtdan etibarən 2 (iki) il müddətində etibarlı sayılır.

Məşqçilərin təsnifat kateqoriyaları aşağıdakı kimi müəyyənləşdirilmişdir:

Məşqçilərin təsnifat kateqoriyaları Nazirlik tərəfindən respublika Vahid idman təsnifatı ilə müəyyən edilmiş normalar, tələblər və şərtlər əsasında verilir.

Azərbaycan Respublikasının idman hakimlərinin təsnifat dərəcələri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

Beynəlxalq dərəcəli hakim

Respublika dərəcəli hakim

"Beynəlxalq dərəcəli hakim" dərəcəsi hakimlərin beynəlxalq yarışlarda iştirakının nəticələrinə əsasən müvafiq idman növləri üzrə beynəlxalq federasiyalar tərəfindən verilir.

"Respublika dərəcəli hakim" dərəcəsi müvafiq idman növləri üzrə respublika idman federasiyalarının təqdimatı əsasında Nazirliyin kollegiyasının qərarı ilə verilir.

"1-ci dərəcəli hakim" dərəcəsi müvafiq təqdimatlar əsasında Naxçıvan MR-in Gənclər və İdman Nazirliyi, Nazirliyin Bakı Şəhər Gənclər və İdman İdarəsi və regional idarələri, respublika miqyaslı bədən tərbiyəsi və idman təşkilatları və müvafiq idman növləri üzrə respublika idman federasiyaları tərəfindən verilir.

"İdman hakimi" dərəcəsi bədən tərbiyəsi və idman təşkilatları, idman klubları və idman məktəbləri tərəfindən verilir.

İdman hakimlərinin təsnifat dərəcələri respublika Vahid idman təsnifatının müvafiq dövr üçün müəyyən edilmiş normaları, tələbləri və şərtləri əsasında verilir.

Bu Siyahı “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

Dövlət bədən tərbiyəsi - idman təşkilatlarında bədən tərbiyəsi və idman xidmətləri güzəştli şərtlərlə göstərilən bəzi kateqoriyadan olan şəxslərin siyahısı aşağıda göstərildiyi kimi müəyyən edilir:

şəhid ailələrindən olan uşaqlar;

müharibə ilə əlaqədar və Çernobıl AES-də qəza nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

bədən tərbiyəsi və idman sahəsində yüksək dövlət təltiflərinə və fəxri adlara malik olan şəxslər;

Olimpiya Oyunlarının, Dünya və Avropa yarışlarının mükafatçıları;

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 58.4-cü maddəsində nəzərdə tutulmuş şəxslər.

Dövlət bədən tərbiyəsi – idman təşkilatlarında göstərilən bədən tərbiyəsi və idman xidmətlərinə güzəştlərin siyahısı və onların həcmi “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147 nömrəli Fərmanının 1.15-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

Dövlət bədən tərbiyəsi – idman təşkilatlarında göstərilən bədən tərbiyəsi və idman xidmətlərinə güzəştlər və onların həcmi aşağıda göstərildiyi kimi müəyyən edilir:

İdman obyektləri, qurğuları və avadanlıqlarından istifadə etmək

həftədə 2 (iki) dəfə, 1 (bir) saatdan çox olmamaq şərti ilə - aylıq tariflərin 50%-i

Fərdi məşğələlərin keçirilməsi zamanı ilkin xidmətlərdən, təlimatçıların və məşqçilərin məsləhətlərindən istifadə etmək

1. 12 aprel 2010-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 354)

2. 26 sentyabr 2014-cü il tarixli 313 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1137)

3. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

4. 17 mart 2017-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 mart 2017-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 495)

5. 19 aprel 2017-ci il tarixli 159 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2017-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 643)

6. 21 oktyabr 2020-ci il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 oktyabr 2020-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1294)

7. 29 sentyabr 2021-ci il tarixli 288 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2021-ci il, № 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1087)

8. 25 avqust 2022-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1023)

9. 4 sentyabr 2023-cü il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 6 sentyabr 2023-cü il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1323)

10. 4 noyabr 2023-cü il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 noyabr 2023-cü il, “Xalq” qəzeti, 7 noyabr 2023-cü il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1567)

11. 30 dekabr 2023-cü il tarixli 512 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 yanvar 2024-cü il, “Xalq” qəzeti, 9 yanvar 2024-cü il, № 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1847)

12. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

13. 25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr 2024-cü il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1106)

14. 25 dekabr 2025-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 27 dekabr 2025-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1257)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver