Qanunvericilik › “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.07.2026) › Tam mətn

“Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.07.2026)

“Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.07.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 306 (Cild I) ləğv edilsin.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

4. Bu Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 iyul 2026-cı il

1.1. Bu Qaydalar binaların enerji effektivliyi üzrə pasportlaşdırılması prosedurunu və formasını müəyyən edir.

1.2. Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Binalar üçün minimum enerji effektivliyi Normaları” ilə müəyyən edilmiş binaların enerji effektivliyi sinifləri və binalarda enerji sərfinin hesablanması metodologiyası rəhbər tutulur.

1.3. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. binanın enerji effektivliyi pasportu – binanın enerji effektivliyi sinfini əks etdirən və bu Qaydaların 3.2-ci bəndi ilə binaya aid müəyyən edilmiş məlumatları ehtiva edən sənəd;

1.3.2. binaların enerji effektivliyi üzrə pasportlaşdırılması – binanın mülkiyyətçisi və ya idarəçisinin müraciəti əsasında enerji effektivliyi pasportunun tərtibatçısı tərəfindən binanın enerji effektivliyi sinfinin müəyyən edilməsi və binanın enerji effektivliyi pasportunun tərtib edilməsi üçün həyata keçirilən prosedur;

1.3.3. enerji effektivliyi informasiya sistemi (bundan sonra – EEİS) – “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 4-1.1-ci maddəsində nəzərdə tutulanların, o cümlədən binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının təşkilini təmin edən sistem;

1.3.4. enerji effektivliyi pasportunun tərtibatçısı (tərtibatçı) – binanın enerji effektivliyi pasportunu tərtib etmək üçün bu Qaydalarda nəzərdə tutulmuş prosedurları həyata keçirən, EEİS-ə giriş hüququ olan və müvafiq lisenziya almış şəxs.

1.4. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, Qanunda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Binalar üçün minimum enerji effektivliyi Normaları”nda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

2.1. Qanunun 17.3-cü maddəsində nəzərdə tutulan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburidir.

2.2. Qanunun 17.3-cü maddəsinə əsasən pasportlaşdırılması məcburi olmayan digər binaların (tikililərin) enerji effektivliyi pasportu bina (tikili) mülkiyyətçisi və ya idarəçisi tərəfindən könüllü əldə edilir.

3.1. Binanın enerji effektivliyi pasportunun nümunəsi bu Qaydaların əlavəsinə uyğun olaraq tərtib olunur.

3.2. Binanın enerji effektivliyi pasportuna aşağıdakı məlumatlar daxil edilir:

3.2.1. bina haqqında ümumi məlumatlar (ünvanı, ümumi və tikinti sahəsi, tipi (kateqoriyası), tikinti ili, binanın mülkiyyətçisi və ya idarəçisi haqqında məlumatlar);

3.2.2. baş fasadın görünüşü;

3.2.3. binanın enerji effektivliyi sinfi;

3.2.4. binanın karbon emissiyası sinfi (binada bərpa olunan enerji mənbələrindən alınan enerji resursları istisna olmaqla enerji sərfi nəticəsində istixana qazlarının ətraf mühitə emissiyalarının karbon ekvivalentində həcminə əsasən müəyyən edilmiş sinif);

3.2.5. bərpa olunan enerji mənbələrindən istehsal edilən enerjidən istifadə faizi (enerji sərfində bərpa olunan enerji hesabına istehsal edilən enerjinin payı);

3.2.6. istilik təchizatı, soyuqluq təchizatı, isti su, işıqlandırma və havalandırma üçün enerji sərfi və enerji effektivliyi sinfi;

3.2.7. binanın müəyyən edilmiş enerji effektivliyinin yüksəldilməsinə dair tərtibatçının izah və tövsiyələri;

3.2.8. binanın enerji effektivliyi pasportunun tərtibatçısı haqqında məlumatlar;

3.2.9. binanın enerji effektivliyi pasportunun verilmə tarixi və mərhələsi (layihələndirmə və ya istismar) haqqında məlumatlar;

3.2.10. binanın enerji effektivliyi pasportunun etibarlılıq tarixi.

3.3. Binanın enerji effektivliyi pasportu “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq elektron sənəd formasında tərtib olunur və rəsmiləşdirilir.

3.4. Binanın enerji effektivliyi pasportu sifarişçinin (binanın mülkiyyətçisi və ya idarəçisi) tələbi ilə kağız daşıyıcıda və (və ya) elektron formada təqdim edilir.

3.5. Binanın enerji effektivliyi pasportu yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan binaların tikinti layihələrinin işlənib hazırlanması, eləcə də binaların istismarı prosesində tərtib edilir.

3.6. Binaların tikinti layihəsi işlənilərkən enerji effektivliyi sinfi A, B və ya C siniflərinə cavab verməsi barədə tələblər layihə tapşırığında göstərilir və tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu yoxlanılır.

3.7. Bu Qaydalar qüvvəyə mindiyi tarixədək tikintisinə icazə verilmiş, lakin istismarına icazə verilməmiş binaların (tikililərin) enerji effektivliyi pasportu bina (tikili) mülkiyyətçisi və ya idarəçisi tərəfindən könüllü əldə edilir.

3.8. Binanın enerji effektivliyi pasportu tərtib edildiyi tarixdən, binada hər hansı yenidən qurulma və əsaslı təmir işləri aparılmadığı təqdirdə 10 (on) il ərzində qüvvədədir. Binanın enerji effektivliyi pasportu binada hər hansı yenidən qurulma və əsaslı təmir işləri aparıldığı təqdirdə layihələndirmə zamanı yenidən tərtib edilir.

3.9. Binaların enerji effektivliyi pasportunda qeyd olunan binanın enerji effektivliyi sinfi tikinti obyektinin tikintisinə və istismarına icazəsində tikinti obyektinin əsas texniki göstəricilərinə aid cədvəldə göstərilir və bu göstərici tikinti obyektinin tikintisinə və istismarına icazə verilməsi ilə bağlı Tikintilərin Dövlət reyestrinə daxil edilir.

3.10. Binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına nəzarət Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli 2215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”na əsasən həyata keçirilir.

4.1. Yeni tikilən, yenidən qurulan, əsaslı təmir edilən və istismar olunan binaların enerji effektivliyi sinifləri və bina üçün enerji sərfinin normalaşdırılan göstəricisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Binalar üçün minimum enerji effektivliyi Normaları”na əsasən müəyyən edilir və dərəcələndirilir.

4.2. İstismarda olan və istismara yararsız vəziyyətə düşmüş binaların yenidən qurulması və əsaslı təmiri nəzərdə tutulduğu təqdirdə binalarda enerji effektivliyi sinfinin artırılması layihələndirmə zamanı nəzərə alınır. Enerji effektivliyinin artırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun həyata keçirilir.

5.1. Enerji effektivliyi pasportunun tərtibi üçün tərtibatçı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın 2-ci, 3-cü hissələrində və 7.4-cü bəndində qeyd edilən işlərdən azı birinə dair lisenziya almış şəxs olmalıdır.

5.2. Binanın enerji effektivliyi üzrə pasportlaşdırılması sifarişçi (bina mülkiyyətçisi və ya idarəçisi) ilə tərtibatçı arasında bağlanılmış müqaviləyə uyğun olaraq həyata keçirilir.

5.3. Sifarişçinin istəyi və tərtibatçının razılığı ilə tərtibatçı binanın enerji effektivliyinin yüksəldilməsi üçün tövsiyələr hazırlaya, habelə binanın tikintisi və istismarı dövründə monitorinq apara və nəticəsi barədə hesabatlar hazırlaya bilər. Tövsiyələr əsaslandırılmış, texniki cəhətdən mümkün və iqtisadi cəhətdən səmərəli olmalıdır.

5.4. Sifarişçi enerji pasportunda əksini tapmış binanın enerji effektivliyi sinfi ilə razı olmadığı təqdirdə binanın enerji effektivliyi pasportu ona təqdim edildiyi gündən 10 (on) iş günü müddətində inzibati qaydada Nazirliyə və ya məhkəməyə müraciət etmək hüququna malikdir. Nazirlik müraciətə aidiyyəti qurumların rəyini almaqla baxır.

5.5. Binanın enerji effektivliyi sinfi tərtibatçının səhvi və ya sifarişçinin tam və düzgün olmayan məlumatlar təqdim etməsi səbəbindən düzgün müəyyən edilmədiyi təqdirdə, hər iki halda binanın enerji effektivliyi pasportu yenidən tərtib edilir.

5.6. Tərtibatçının vəzifələri aşağıdakılardır:

5.6.1. binaların enerji effektivliyi üzrə pasportlaşdırmasını bu Qaydalara uyğun olaraq, binalarda enerji sərfinin hesablanması metodologiyasından və EEİS-dən istifadə etməklə həyata keçirmək;

5.6.2. EEİS-də tərtib olunan enerji pasportunu sifarişçiyə təqdim etmək;

5.6.3. binanın pasportlaşdırılması çərçivəsində görüləcək işlər və tələb olunan məlumatlar barədə sifarişçini məlumatlandırmaq;

5.6.4. binanın enerji effektivliyi üzrə pasportlaşdırılması zamanı əldə etdiyi məlumatlar üzrə dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək.

5.7. Tərtibatçının hüquqları aşağıdakılardır:

5.7.1. binanın enerji effektivliyi sinfinin müəyyən edilməsi məqsədilə enerji sərfinin hesablanması üçün məlumatlarla və sənədlərlə (binanın layihə sənədləri) tanış olmaq və onları təhlil etmək;

5.7.2. istismarda olan binaya baxış keçirmək;

5.7.3. binanın enerji effektivliyi sinfinin müəyyən edilməsi məqsədilə tələb olunan məlumatların və sənədlərin sifarişçi tərəfindən təqdim edilmədiyi, habelə binaya baxış keçirilməsinə maneə yaradıldığı təqdirdə binanın pasportlaşdırılmasını keçirməkdən imtina etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver