Qanunvericilik › “Biomüxtəliflik sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 15.12.2023) › Tam mətn

“Biomüxtəliflik sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 15.12.2023)

“Biomüxtəliflik sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 15.12.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təklif olunan “Biomüxtəliflik sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” təsdiq edilsin (əlavə olunur).

2. Nazirliyin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.

3. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci il 17 yanvar tarixli 22040001074 nömrəli Əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilsin.

“Biomüxtəliflik sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (bundan sonra - “Kitabça”) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabçada təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın milli park, dövlət təbiət qoruqları, balıqartırma zavodları və təsərrüfatlarında bu sahəyə aid edilən səciyyəvi qulluqçu vəzifələrinin (rəhbərlər, mütəxəssislər, texniki icraçılar) tarif-ixtisas xüsusiyyətləri öz əksini tapmışdır. Tarif-ixtisas xüsusiyyətlərində göstərilən əməyin ödəniş dərəcələri Respublikada tətbiq edilən Vahid Tarif Cədvəlinə uyğun olaraq müəyyənləşdirilmişdir.

Kitabçada hər bir vəzifənin tarif-ixtisas xüsusiyyətləri üç bölmədən ibarətdir:

- “Əmək funksiyası” bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu;

- “Bilməlidir” bölməsində işçinin qanunvericilik aktlarını, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;

- “Ödəniş dərəcəsinə ixtisas tələbləri” bölməsində işçinin ixtisas və əmək stajına, eləcə də işinin xüsusiyyətləri ilə bağlı tələblər.

Kitabça biomüxtəliflik sahəsinə aid edilən qulluqçu vəzifələrini tutan işçilərin əsas əmək funksiyalarını, onların hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, əməyinin ödəniş dərəcələrinin müəyyənləşdirilməsində, kadrların seçilməsi və yerdəyişməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, işçilərin attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.

Təsərrüfatın idarə edilməsində Kitabçada göstərilən əsas əmək funksiyaları nəzərə alınmaqla hər bir işçinin əmək müqaviləsində (kontraktında) əmək funksiyasının - yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsi dəqiq və birmənalı müəyyən edilməlidir.

Kitabçada müəyyən edilmiş təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda), əlavə təhsilə və digər ixtisas tələblərinə malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçilər attestasiya olunanadək və ya attestasiyadan sonra attestasiya komissiyasının rəyi əsasında tutduqları vəzifədə çalışa bilərlər. Kitabçanın qüvvəyə mindiyi vaxtdan sonrakı dövrdə işə qəbul edilən işçilərə Kitabça ilə müəyyən edilmiş müvafiq ixtisas tələbləri tətbiq edilir.

Kitabçada göstərilməyən qulluqçu vəzifələrinin və fəhlə peşələrinin əməyinin ödəniş dərəcələrini və tarif-ixtisas xüsusiyyətlərini təyin etmək üçün qüvvədə olan iqtisadiyyatın aidiyyəti sahələrinin qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarından istifadə edilir.

Milli parkın direktoru

Dövlət təbiət qoruğunun direktoru

Balıqartırma zavodunun və ya balıqartırma təsərrüfatının direktoru

Mühafizə işləri üzrə direktor müavini

Elmi işlər, ekoloji maarifləndirmə və ekoturizm üzrə direktor müavini

İnkubasiya sahəsinin rəisi

Dairəvi hovuzlar sahəsinin rəisi

Nohurlar sahəsinin rəisi

Əmək funksiyası. Milli parkın əsasnaməsinə uyğun olaraq onun əsas iş istiqamətlərini müəyyən edir, xidməti sahə üzrə illik və perspektiv proqnozları müəyyənləşdirir, onların yerinə yetirilməsi üçün lazımi tədbirlər görür, milli parkın fəaliyyəti, görülmüş və görülməsi tələb olunan işlər barədə hesabatların hazırlanmasını və aidiyyəti üzrə yuxarı orqana (quruma) təqdim olunmasını təmin edir.

Xidməti sahə üzrə milli parkın maliyyə-təsərrüfat fəaliyyətini və uçot işini təşkil edir, maliyyə vəsaitindən təyinatına görə səmərəli istifadə edilməsinə nəzarət edir və bu işlərə görə cavabdehlik daşıyır. Milli parkın fəaliyyətini təmin etmək məqsədilə təyinatı üzrə lazım olan müasir avadanlıq, cihaz və digər ləvazimatlarla təminatı təşkil edir.

Müasir texnologiyadan və avadanlıqlardan istifadə etmək üçün lazım olan ixtisaslı kadrların hazırlanması üçün təkliflər verir, gənc kadrların hazırlanması üçün müvafiq sifarişlər verir, kadr potensialından səmərəli istifadəni və əmək qanunvericiliyinə düzgün əməl olunmasını daim nəzarətdə saxlayır.

Milli parkın iş fəaliyyətini səmərəli təşkil etmək məqsədilə aidiyyəti təşkilatlarla müqavilələr bağlayır, bankda hesab açır, maliyyə vəsaitindən düzgün istifadə edilməsinə nəzarət edir. Ayrı-ayrı müəssisə və təşkilatlarla bağlanmış müqavilə şərtlərinin yerinə yetirilməsinə bilavasitə cavabdehlik daşıyır, müqavilə yerinə yetirilmədikdə və şərtləri pozulduqda onun səbəblərini aydınlaşdırır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görür. Fəaliyyət istiqamətlərinə uyğun olaraq yığıncaqlarda, toplantılarda, konfranslarda milli parkı təmsil edir.

İstehsalat zərurətindən asılı olaraq elmin son nailiyyətlərinin, dünya praktikasında mövcud olan mütərəqqi texnologiyanın istifadə edilməsinə şərait yaratmaqla ən mütərəqqi avadanlıq, cihaz və qurğuların əldə edilməsi üçün müvafiq tədbirlər görür.

Milli parkın ştat cədvəlini və maliyyə xərcləri smetasını hazırlayıb aidiyyəti üzrə təqdim edir, ixtisaslı kadrların seçilib yerləşdirilməsi işini təşkil edir, işçiləri işə qəbul və işdən azad edir, əmək funksiyalarını layiqincə yerinə yetirən işçiləri mükafatlandırır, əmək və icra intizamını pozan işçilərə intizam tənbehi verir.

İşçilərin işinə nəzarət edir, onlardan verilən tapşırıqları vaxtında yerinə yetirmələrini tələb edir, müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini tələb edir.

İstehsalat, əmək və icra intizamının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər aparır. İşçilərin işə davamiyyəti üzərində ümumi rəhbərliyi həyata keçirir. Milli parkın işçilərini normal iş şəraiti ilə təmin edir. İşçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlərə cəlb edilməsini təşkil edir.

Qanunvericilik üzrə məlumatlandırma və maarifləndirmə işlərini təşkil edir.

Strukturuna uyğun olaraq işçilər arasında əmək funksiyalarına əsasən iş planlarını, vəzifə bölgüsünü hazırlayıb təsdiq edir və ilin sonunda iş planının yerinə yetirilməsinə hesabat formasında nəzarət edir, əmək məhsuldarlığının artırılmasına yönələn tədbirləri həyata keçirir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik sahəsində daim tədbirlər görməklə yanğından mühafizə, ətraf mühitin qorunması sahəsində təlimatların düzgün yerinə yetirilməsi üçün tədbirlər görür. Milli parkın xidməti ərazisində meşələrin və biomüxtəlifliyin qorunub mühafizə edilməsinə nəzarəti həyata keçirir.

Milli parkın ərazisində ekoturizmin inkişaf etdirilməsinə dair təkliflər hazırlayır və onların həyata keçirilməsi istiqamətində tədbirlər görür.

Milli parkın bütün maliyyə və təsərrüfat fəaliyyətinə rəhbərlik edir, istehsal sahələrinin və digər struktur bölmələrinin işini təşkil edir, təsərrüfat mexanizmlərini təkmilləşdirir.

Ərazilərin yanğınlardan, ziyanvericilərdən, xəstəliklərdən, habelə mühafizə rejiminin pozulması hallarından qorunması üzrə bütün tədbirlərin həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarət edir. Mühafizə rejiminin pozulması hallarına dair aparılan yoxlamalara nəzarət edir.

Yuxarı orqanlar (qurumlar) tərəfindən milli parkın fəaliyyətinə dair verilmiş əmr, sərəncam və göstərişlərin icrasını və müvafiq hesabatların vaxtında təqdim edilməsini təmin edir.

Təbiəti mühafizə, elmi-tədqiqat planlarının, layihələrinin hazırlanmasını təşkil edir, onların müvafiq qaydada təsdiq edildikdən sonra yerinə yetirilməsini təmin edir. Elmi-tədqiqat işlərinin planlarının, tapşırıqların gedişi haqqında müvafiq struktur vahidlərinin və ayrı-ayrı əməkdaşların hesabatlarını dinləyir, elmi-tədqiqat işlərinin tematik planı əsasında elmi işçilərin iş planlarını təsdiq edir.

Meşəbəyilik, dolay, kvartal və postlar üzrə yoxlamaların aparılmasını təşkil edir.

Mühafizə rejiminin pozulması ilə bağlı yaranan hüquqi məsələlərin operativ, keyfiyyətli və qanunamüvafiq həllini təmin edir.

Milli park üzrə büdcə vəsaitlərinin səmərəli bölgüsü və xərclənməsinə, eyni zamanda əsasnaməsinə uyğun olaraq yaradılmış fonduna daxilolmaya və fonddan istifadə qaydalarının düzgün aparılmasına nəzarət edir.

Damğaların ciddi uçotunun aparılmasına nəzarət edir.

Milli park tərəfindən dövlət sifarişlərinin yerinə yetirilməsini təmin edir, əsaslandırılmış plan-proqnoz, əmək, maliyyə və material resursları, bütün növ resursların səmərəli və qənaətlə istifadə olunmasına nəzarət edir.

Milli parkın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər verir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək, inzibati xətalar və cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri:

18-ci dərəcə: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu və kənd təsərrüfatı ixtisasları qrupu üzrə ali təhsil və rəhbər vəzifədə 5 ildən az olmayaraq əmək stajı olduqda;

19-cu dərəcə: müvafiq sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi və 5 ildən az olmayaraq əmək stajı və yaxud elmi dərəcə və ya elmi adı və 3 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Dövlət təbiət qoruğunun əsasnaməsinə uyğun olaraq onun əsas iş istiqamətlərini müəyyən edir, xidməti sahə üzrə illik və perspektiv proqnozları müəyyənləşdirir, onların yerinə yetirilməsi üçün lazımi tədbirlər görür, dövlət təbiət qoruğunun fəaliyyəti, görülmüş və görülməsi tələb olunan işlər barədə hesabatların hazırlanmasını və aidiyyəti üzrə təqdim olunmasını təmin edir.

Xidməti sahə üzrə dövlət təbiət qoruğunun maliyyə-təsərrüfat fəaliyyətini və uçot işini təşkil edir, maliyyə vəsaitindən təyinatına görə səmərəli istifadə edilməsinə nəzarət edir və bu işlərə görə cavabdehlik daşıyır. Dövlət təbiət qoruğunun fəaliyyətini təmin etmək məqsədilə təyinatı üzrə lazım olan müasir texnoloji prosesi, avadanlıq, cihaz və digər ləvazimatlarla təminatı təşkil edir.

Müasir texnologiyadan və avadanlıqlardan istifadə etmək üçün lazım olan ixtisaslı kadrların hazırlanması üçün təkliflər verir, gənc kadrların hazırlanması üçün müvafiq sifarişlər verir, kadr potensialından səmərəli istifadəni və əmək qanunvericiliyinə düzgün əməl olunmasını daim nəzarətdə saxlayır.

Dövlət təbiət qoruğunun iş fəaliyyətini səmərəli təşkil etmək məqsədilə aidiyyəti təşkilatlarla müqavilələr bağlayır, bankda hesab açır, maliyyə vəsaitindən düzgün istifadə edilməsinə nəzarət edir. Ayrı-ayrı müəssisə və təşkilatlarla bağlanmış müqavilə şərtlərinin yerinə yetirilməsinə bilavasitə cavabdehlik daşıyır, müqavilə yerinə yetirilmədikdə və şərtləri pozulduqda onun səbəblərini aydınlaşdırır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görür. Fəaliyyət istiqamətlərinə uyğun olaraq yığıncaqlarda, toplantılarda, konfranslarda dövlət təbiət qoruğunu təmsil edir.

İstehsalat zərurətindən asılı olaraq elmin son nailiyyətlərinin, dünya praktikasında mövcud olan mütərəqqi texnologiyanın istifadə edilməsinə şərait yaratmaqla, ən mütərəqqi avadanlıq, cihaz və qurğuların əldə edilməsi üçün müvafiq tədbirlər görür.

Dövlət təbiət qoruğunun ştat cədvəlini və maliyyə xərcləri smetasını hazırlayıb aidiyyəti üzrə təqdim edir, mövcud qaydaya uyğun ixtisaslı kadrların seçilib yerləşdirilməsi işini təşkil edir, işçiləri işə qəbul və işdən azad edir, əmək funksiyalarını layiqincə yerinə yetirən işçiləri mükafatlandırır, əmək və icra intizamını pozan işçilərə intizam tənbehi verir.

İşçilərin işinə nəzarət edir, onlardan verilən tapşırıqların vaxtında yerinə yetirmələrini tələb edir, müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini tələb edir.

Strukturuna uyğun olaraq və işçilər arasında əmək funksiyalarına əsasən iş planlarını, vəzifə bölgüsünü hazırlayıb təsdiq edir və ilin sonunda iş planının yerinə yetirilməsinə hesabat formasında nəzarət edir, əmək məhsuldarlığının artırılmasına yönələn tədbirləri həyata keçirir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik sahəsində daim tədbirlər görməklə yanğından mühafizə, ətraf mühitin qorunması sahəsində təlimatların düzgün yerinə yetirilməsi üçün tədbirlər görür. Dövlət təbiət qoruğunun xidməti ərazisində meşələrin və biomüxtəlifliyin qorunub mühafizə edilməsinə nəzarəti həyata keçirir.

Dövlət təbiət qoruğunun bütün maliyyə və təsərrüfat fəaliyyətinə rəhbərlik edir, istehsal sahələrinin və digər struktur bölmələrinin işini təşkil edir, təsərrüfat mexanizmlərini təkmilləşdirir.

Ərazilərin yanğınlardan, ziyanvericilərdən, xəstəliklərdən, habelə mühafizə rejimi qanunvericiliyinin pozulması hallarından qorunması üzrə bütün tədbirlərin həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarət edir.

Mühafizə rejiminin pozulması hallarına dair aparılan bütün növ yoxlamalara nəzarət edir.

Dövlət təbiət qoruğu üzrə işçilər iş yerini dəyişdikdə və ya onlarla bağlanmış əmək müqaviləsinə xitam verildikdə cavabdehliyində olan sahədə təhvil-qəbulun aparılmasını təmin edir.

İstehsalat, əmək və icra intizamının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər aparır. İşçilərin işə davamiyyəti üzərində ümumi rəhbərliyi həyata keçirir.

Yuxarı orqanlar (qurumlar) tərəfindən dövlət təbiət qoruğunun fəaliyyətinə dair verilmiş əmr, sərəncam və göstərişlərin icrasını və müvafiq hesabatların vaxtında təqdim edilməsini təmin edir.

Dövlət təbiət qoruğunun işçilərinin sağlamlığının, əməyin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş şəraiti ilə təmin edir. İşçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlərə cəlb edilməsini təşkil edir.

Qanunvericilik üzrə məlumatlandırma və maarifləndirmə işlərini təşkil edir.

Təbiəti mühafizə, elmi-tədqiqat planlarının, layihələrinin hazırlanmasını təşkil edir. Onların müvafiq qaydada təsdiq edildikdən sonra yerinə yetirilməsini təmin edir. Elmi-tədqiqat işlərinin planlarının, tapşırıqların gedişi haqqında müvafiq şöbələrin və ayrı-ayrı əməkdaşların hesabatlarını dinləyir, elmi-tədqiqat işlərinin tematik planı əsasında elmi işçilərin iş planlarını təsdiq edir.

Meşəbəyilik, dolay, kvartal və postlar üzrə yoxlamaların aparılmasını təşkil edir.

Mühafizə rejiminin tələblərinin pozulması ilə bağlı yaranan hüquqi məsələlərin operativ, keyfiyyətli və qanunamüvafiq həllini təmin edir.

Dövlət təbiət qoruğu üzrə büdcə vəsaitlərinin səmərəli bölgüsü və xərclənməsinə, eyni zamanda əsasnaməsinə əsasən yaradılmış fonda daxilolmaya və fonddan istifadə qaydalarının düzgün aparılmasına nəzarət edir.

Damğaların ciddi uçotunun aparılmasına nəzarət edir.

Dövlət təbiət qoruğu tərəfindən dövlət sifarişlərinin yerinə yetirilməsini təmin edir, əsaslandırılmış plan-proqnoz, əmək, maliyyə və material, habelə digər növ resursların səmərəli və qənaətlə istifadə olunmasına nəzarət edir.

Dövlət təbiət qoruğunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər verir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək, inzibati xətalar və cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri:

18-ci dərəcə: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu və kənd təsərrüfatı ixtisasları qrupu üzrə ali təhsil və rəhbər vəzifədə 5 ildən az olmayaraq əmək stajı olduqda;

19-cu dərəcə: müvafiq sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi və 5 ildən az olmayaraq əmək stajı və yaxud elmi dərəcə və ya elmi adı və 3 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatının direktoru qüvvədə olan normativ hüquqi aktlar əsasında bütün istehsalat proseslərinə rəhbərlik edir. Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatının fəaliyyətinin son nəticələrinə görə tam məsuliyyət daşıyır. Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatının yüksək iş tempini, istehsalın artımını, elmi və texniki yeniliklərin geniş tətbiq edilməsini və səmərəliliyin əldə edilməsinə dair işləri istiqamətləndirir və əlaqələndirir. Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatının maliyyə əməliyyatlarına nəzarət edir və onların vəziyyətinə görə məsuliyyət daşıyır. Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatının bütün biotexniki proseslərinin gündəlik həyata keçirilməsini təşkil edir və onlara nəzarət edir. Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatının planlı şəkildə elmi-tədqiqat işlərinin aparılmasında iştirak edir və sonda öz rəyini bildirir. Törədicilərin hazırlanması, inyeksiya yolu ilə kürünün alınması, hipofizin və onun üçün suspenziyanın hazırlanması, balıqların cinsinin müəyyən olunması proseslərinə nəzarət edir.

Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatının ştat cədvəlini və maliyyə xərcləri smetasını hazırlayıb aidiyyəti üzrə təqdim edir, mövcud qaydaya uyğun ixtisaslı kadrların seçilib yerləşdirilməsi işini təşkil edir, işçiləri işə qəbul və işdən azad edir, əmək funksiyalarını layiqincə yerinə yetirən işçiləri mükafatlandırır, əmək və icra intizamını pozan işçilərə intizam tənbehi verir.

İstehsalat, əmək və icra intizamının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər aparır. İşçilərin işə davamiyyəti üzərində ümumi rəhbərliyi həyata keçirir.

Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatı işçilərinin sağlamlığının, əməyin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş şəraiti ilə təmin edir. İşçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlərə cəlb edilməsini təşkil edir.

Yuxarı orqanlar (qurumlar) tərəfindən balıqartırma zavodu və ya balıqartırma təsərrüfatının fəaliyyətinə dair verilmiş əmr, sərəncam və göstərişlərin icrasını və müvafiq hesabatların vaxtında təqdim edilməsini təmin edir.

Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatı tərəfindən dövlət sifarişlərinin yerinə yetirilməsini təmin edir, əsaslandırılmış plan-proqnoz, əmək, maliyyə və material, habelə digər növ resursların səmərəli və qənaətlə istifadə olunmasına nəzarət edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək, inzibati xətalar və cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: balıqçılıq ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

17-ci dərəcə: 3 ildən az olmayaraq əmək stajı olduqda;

18-ci dərəcə: xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Təbiəti mühafizə üzrə müavin olub, dövlət təbiət qoruğu və milli park ərazisinin mühafizəsinə, biotexniki, meşə təsərrüfatı, meşə təftişləri və ümumtəsərrüfat tədbirlərinin aparılmasına rəhbərliyi həyata keçirir.

Xüsusi mühafizə olunan təbiət ərazisində və sanitariya-mühafizə zonasında mühafizə işini təşkil edir.

Mövcud qanunvericiliyin öyrənilməsi və təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə mühafizə işçiləri üçün məşğələlər, seminarlar keçirilməsini təşkil edir.

Mühafizə işinə dair sənədləşdirmənin aparılmasını və mühafizə rejimini pozan şəxslərdən alınan əşyaların saxlanılmasını təşkil edir. Həmin şəxslərə qarşı görülməli tədbirlər haqqında qanunamüvafiq şəkildə rəhbərliyə təkliflər verir, təbiətə dəyən ziyanın ödənilməsini təmin edir.

Dövlət təbiət qoruğunun və ya milli parkın mühafizəsinə dair statistik və başqa hesabatların hazırlanmasını təmin edir.

Dövlət təbiət qoruğunun və milli parkın ərazilərində mühafizənin müəyyən edilmiş rejiminə riayət edilməsini təmin edir.

Müəyyən edilmiş qaydada tabel silahını saxlayır və gəzdirir.

Fərqlənmə nişanı olan nümunəvi paltar forması gəzdirir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək və inzibati xətalar qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu və kənd təsərrüfatı ixtisasları qrupu üzrə ali təhsil və 5 ildən az olmayaraq əmək stajı olduqda.

Aylıq vəzifə maaşı milli parkın və ya dövlət təbiət qoruğunun direktorunun vəzifə maaşından 20% aşağı məbləğdə müəyyən edilir.

Əmək funksiyası. Milli parklarda elmi işlər, ekoloji maarifləndirmə və ekoturizm üzrə direktor müavinləri təsdiq edilmiş iş planına uyğun olaraq turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını, turizm infrastrukturunun təkmilləşdirilməsini, elmi araşdırmaların və elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirir və bu istiqamətdə təkliflər verir.

Elmi işlər üzrə direktor müavini milli park və dövlət təbiət qoruqlarında aparılan elmi işlərə rəhbərlik edir və bu işlərin vəziyyəti və keyfiyyəti üçün məsuliyyət daşıyır.

Ərazilərində və onlara tabe olan başqa ərazilərdə elmi işi təşkil edir və bu məqsədlə “Təbiət salnaməsi”nin ayrı-ayrı bölmələrinin aparılmasını təmin edir, elmi işçilərə təhkim edir və aparılan işlərə rəhbərlik edir.

Elmi işçilərin fəaliyyəti və vəzifə borclarının yerinə yetirilməsi barədə rəhbərliyə təkliflər verir.

Milli park və dövlət təbiət qoruqlarında ekoloji şəraitin qiymətləndirilməsi, proqnozlaşdırılması və təbiət komplekslərində gedən təbii proseslərin dinamikasının öyrənilməsini təmin edir.

Dövlət təbiət qoruğunun və milli parkın elmi fondlarının qorunub saxlanılmasını təmin edir.

Dövlət təbiət qoruğunda və milli parkda aparılan elmi tədqiqat işində əldə edilmiş nəticələr barədə rəhbərliyi məlumatlandırır.

Dövlət təbiət qoruğuna və milli parka bitişik ərazilərdə (akvatoriyalarda) təbii ehtiyatlardan təsərrüfat məqsədilə istifadə edilməsinin səmərəliliyini müəyyənləşdirir və nəticələrini aşkara çıxarır.

Bioloji tarazlığı yaratmaq məqsədilə heyvan və bitkilərə qarşı mübarizə metodlarını, ilk növbədə bioloji mübarizə metodlarını, nadir, nəsli kəsilən və ya qiymətli heyvan və bitki növlərinin mühafizə edilməsi və miqdarının bərpa olunması tədbirlərini işləyib hazırlayır.

Su rejimində, torpağın, bitki örtüyünün xassələrində, heyvanların miqdarında və bitkilərin (fitosenozların) məhsuldarlığında dəyişikliklərin proqnozlaşdırılması məqsədilə həmin dəyişikliklərin səbəblərini öyrənir.

Təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirir.

Elmi-tədqiqat işlərinin, elmi, elmi-texniki (biotexniki) və sair tədbirlərin planlarını hər təqvim ili üçün hazırlayır.

Xidmətin və bərpa tədbirlərinin həyata keçirilməsini təmin etmək üçün təbiətdə idarə olunan istirahət və turizm tədbirlərini təşkil edir.

Təbiətdə istirahətin və turizmin inkişafının təsdiq edilmiş layihə sənədləri əsasında milli park ərazilərində yerləşən binaların və qurğuların ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə və ya istifadəyə verilməsi yolu ilə həyata keçirilməsi ilə bağlı təkliflər verir. Xüsusi mühafizə olunan təbiət ərazilərində turistlərin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə bağlı məsələni təşkil edir.

Yerli icmaların turizm potensialının öyrənilməsi və onlardan istifadəyə dair təkliflər verir, daxil olan turistlərin həmin ərazidə turizm potensialı olan təbiət kompleksi və obyektlərinə ziyan vurmaması ilə bağlı təşkilati tədbirləri həyata keçirir, ekoturizmin inkişafını stimullaşdıran şəxsi heyətin seçimini, onların ruhlandırılması istiqamətində tədbirləri təşkil edir, bələdçilərin seçiminə nəzarət edir, bələdçilərin iş bölgüsünü təşkil edir, ekoturizmin təbliği, əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Ekoturizmin inkişafı məqsədilə marşrutların yaradılmasını təşkil edir, xüsusi mühafizə olunan təbiət ərazilərinə səfər edən turistlərin vaxtlarının səmərəli təşkilini nəzərdə tutan təkliflər verir.

Ekoloji məlumatlandırma və maarifləndirmə işlərini həyata keçirir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək və inzibati xətalar qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu və kənd təsərrüfatı ixtisasları qrupu üzrə ali təhsil və 5 ildən az olmayaraq əmək stajı olduqda.

Aylıq vəzifə maaşı milli parkın və ya dövlət təbiət qoruğunun direktorunun vəzifə maaşından 20% aşağı məbləğdə müəyyən edilir.

Əmək funksiyası. İnkubasiya aparatlarının və hovuzların dezinfeksiyası məqsədilə preparatlar müəyyən edir, istifadə olunan su mənbəyinin hidrobioloji vəziyyətinə nəzarət edir, balıq növlərinin, ölçülərinin, çəkisinin, yaş həddinin bioloji araşdırılması və bu barədə qeydiyyatın aparılması, sularda təbii yem ehtiyatı bazasının müəyyən edilməsi və tələb olunan süni yem normasının (rasionunun) müəyyənləşməsində iştirak edir, xəstəlik törədicilərinin aradan qaldırılması məqsədilə profilaktik tədbirlərin görülməsini təmin edir. Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatının pasportlaşmasını aparır.

Balıq ovunun tənzimlənməsi və artırılmasına, balıqların biologiyasına, balıqların kürütökmə və qışlama yerlərinə, miqrasiya yollarına, balıqların ovlanması proseslərinə, o cümlədən balıqların qəbul olunmuş standart ölçüdə olmasına nəzarət edir. Hovuzlarda saxlananbalıqların mühafizəsi, onların qorunub saxlanması və vaxtında yemlənməsi prosesində iştirak edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: balıqçılıq ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

15-ci dərəcə: əmək stajına tələb qoyulmadan;

16-cı dərəcə: istehsalat sahələrində 3 ildən az olmayaraq iş stajı olduqda;

17-ci dərəcə: istehsalat sahələrində 5 ildən az olmayaraq iş stajı olduqda.

Əmək funksiyası. Balıqçılıq sahəsində direktorun müavini vəzifəsini yerinə yetirir. Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatında ixtisaslı kadrların seçilməsində iştirak edir. Direktor olmadıqda onun funksiyalarını həyata keçirir.

Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatında bütün biotexniki proseslərin gündəlik həyata keçirilməsini təşkil edir və onlara nəzarət edir. Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatının planlı şəkildə elmi-tədqiqat işlərinin aparılmasında iştirak edir və sonda öz rəyini bildirir. Törədicilərin hazırlanması, inyeksiya yolu ilə kürünün alınması, hipofizin və onun üçün suspenziyanın hazırlanması, balıqların cinsinin müəyyən olunması proseslərinə nəzarət edir.

Dairəvi hovuzlardan sürfələrin vaxtında buraxılmasının uçotunu aparır və müvafiq uçot sənədlərinin düzgün rəsmiləşdirilməsinə görə məsuliyyət daşıyır. Balıqçılıq sahəsində işçi qüvvəsinin düzgün istifadəsinin planını tərtib edir və balıqartırma briqadasının sahələr üzrə paylaşdırılmasına rəhbərlik edir. Balıqçılıq sahəsi üzrə illik hesabatın hazırlanmasında bilavasitə iştirak edərək ona rəhbərlik edir və onun hazırlanıb vaxtında təqdim edilməsinə görə məsuliyyət daşıyır. Balıqartırma, törədicilər və balıq sürüləri, əməyin elmi təşkili barədə statistik məlumatları operativ şəkildə hazırlayır və direktora təqdim edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: balıqçılıq ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

15-ci dərəcə: əmək stajına tələb qoyulmadan;

16-cı dərəcə: xidmət etdiyi sahədə 3 ildən az olmayaraq iş stajı olduqda;

17-ci dərəcə: xidmət etdiyi sahədə 5 ildən az olmayaraq iş stajı olduqda.

Əmək funksiyası. Baş balıqyetişdirən balıqartırma sahəsində direktorun müavini vəzifəsini yerinə yetirir. Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatında bütün biotexniki proseslərin gündəlik həyata keçirilməsini təşkil edir və onlara nəzarət edir. Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatında törədicilərin eləcə də körpə balıqların çeşidlənməsini, normativlərə uyğun olaraq yaş qruplarına, cinsinə, sağlamlıqlarını nəzərə almaqla müxtəlif hovuzlara yerləşdirilməsi, kürüalınma prosesinin tənzimlənməsi məqsədilə törədicilərin inyeksiya olunması, bunun üçün hipofiz və supsenziyaların hazırlanması prosesinə rəhbərlik edir. İnkubasiya aparatından çıxan sürfələrin hovuzlara yerləşdirilməsi, onların bəslənməsini müəyyən norma həddinə çatdıqdan sonra təbii su hövzələrinə buraxılan körpələrin uçotunun aparılmasını həyata keçirir. Planlı şəkildə elmi - tədqiqat işlərinin aparılmasında iştirak edir və sonda öz rəyini bildirir. Müvafiq uçot sənədlərinin düzgün rəsmiləşdirilməsinə görə məsuliyyət daşıyır. Rəhbərliyin sərəncamı ilə balıqartırma mövsümünə cəlb edilmiş əlavə işçi qüvvələrinin ehtiyaca uyğun yerləşdirilməsini təmin edir. Balıqartırma üzrə illik hesabatın hazırlanmasında bilavasitə iştirak edərək ona rəhbərlik edir və onun hazırlanıb vaxtında təqdim edilməsinə görə məsuliyyət daşıyır. Balıqartırma, törədicilər və balıq sürüləri, əməyin elmi təşkili barədə statistik məlumatların operativ hazırlanması və direktora təqdim edilməsi də onun vəzifəsinə aid edilir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, cinayət məsuliyyəti üzrə qanunvericiliyi, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: balıqçılıq ixtisası üzrə və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

15-ci dərəcə: əmək stajına tələb qoyulmadan;

16-cı dərəcə: istehsalat sahələrində 3 ildən az olmayaraq iş stajı olduqda;

17-ci dərəcə: istehsalat sahələrində 5 ildən az olmayaraq iş stajı olduqda.

Əmək funksiyası. Törədici balıqların saxlanması, ana balıq dəstələrinin formalaşdırılması, törədicilərin hazırlanması, saxlanması və inkubasiyası, balıqların formalaşdırılması, ölçülməsi, çəkilməsi, müxtəlif üsullarla damğalanması, cinslərinin müəyyən olunması, xəstə və zədələnmiş balıqların seçilib ayrılması əməliyyatlarını həyata keçirir. Hovuzlarda su və oksigen mübadiləsini tənzimləyir. Suyun normal vəziyyətini göstərən (səviyyə, oksigenin miqdarı, temperatur) parametrlərin mütəmadi olaraq yoxlanmasını laboratoriya ilə əlaqələndirir. Ona aid olan sexdə təhlükəsizlik texnikası qaydaları haqqında təlimat hazırlayaraq işçilər arasında maarifləndirmə işləri aparır və bu qaydalara riayət olunmamasına görə məsuliyyət daşıyır. Gün ərzində balıq körpələrinin vaxtında yemlənməsini təşkil edir. Hidrokimyəvi və hidrobioloji işlərin aparılması üçün öz fəaliyyətini laboratoriya müdiri ilə əlaqələndirir. İşçilər arasında işə qəbul zamanı, həm də iş prosesində təlim işlərini həyata keçirir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, cinayət məsuliyyəti üzrə qanunvericiliyi, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri. balıqçılıq ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

12-ci dərəcə: istehsalat sahələrində 1 ildən az olmayaraq iş stajı olduqda;

14-cü dərəcə: istehsalat sahələrində 3 ildən az olmayaraq iş stajı olduqda.

Əmək funksiyası. Mühafizə işçilərinin fəaliyyətinə nəzarət edir. Mühafizə zonalarının ərazilərində mühafizə işinə dair sənədləşdirmənin aparılmasını təşkil edir. Xidməti ərazidə biotexniki, faunanın uçotunu, meşə təftişi və sair işlərin aparılmasını təşkil edir.

Təbiətdən istifadə etmək və başqa fəaliyyətlə məşğul olmaq hüququ barəsində vətəndaşların və vəzifəli şəxslərin sənədlərini yoxlayır.

Mühafizə zonasının ərazilərində qanunvericiliyi pozanları tutmaq və şəxsiyyətlərini müəyyənləşdirmək üçün onları qoruq idarəsinə, polis şöbələrinə və yerli icra hakimiyyət orqanlarına gətirir.

Mühafizə zonasının ərazisində olan mövcud qanunvericiliyin pozuntuları haqqında protokol (akt) tərtib edir.

Mühafizə zonasının ərazilərində olan mövcud qanunvericiliyi pozan vətəndaşlarda şəxsi axtarış aparır, əşyalara, nəqliyyat vasitələrinə baxır, təbiətdən istifadə alətlərini və məhsullarını yoxlayır. Müəyyən olunmuş rejimi pozanlardan məhsulları və təbiətdən qanunsuz istifadə alətlərini, nəqliyyat vasitələrini, habelə müvafiq sənədləri alır. Qanunu pozanlardan alınmış ov silahlarını və başqa ov alətlərini, məhsulları və sair maddi sübut kimi protokola (akta) əlavə edir, əldə edilmiş məhsulların saxlanılmasını təşkil edir və bu barədə akt tərtib edir.

Mühafizə zonalarının ərazilərində və onlara tabe olan başqa ərazilərdə yerləşən müəssisələrə, hidrotexniki qurğulara, idarələrə və təşkilatlara, gəmilərə və digər nəqliyyat vasitələrinə maneəsiz daxil ola bilir.

Mühafizə zonalarının ərazilərində təsərrüfat fəaliyyəti və başqa fəaliyyətlə məşğul olan vəzifəli şəxslərin müəyyən edilmiş rejimə zidd olan göstərişlərini dayandırır.

Müəyyən edilmiş qaydada tabel silahını saxlayır və gəzdirir.

Fərqlənmə nişanı olan nümunəvi paltar formasını gəzdirir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək və inzibati xətalar qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri:

12-ci dərəcə: ali təhsil və 3 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə: müvafiq ixtisas üzrə ali təhsil və 3 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Laboratoriya işçilərinin işinə rəhbərlik edir. Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirir. İş planına uyğun olaraq materialların yığılmasında və emalında iştirak edir. Laboratoriya avadanlıqlarının, cihaz və qurğularının təmiz və saz saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır. Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və tənzimləyir, eksperimentlərin aparılmasında iştirak edir. Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd edir. Metodik materiallara uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrini emal edir, sistemləşdirir, rəsmiləşdirir və onların hesabını aparır.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: təhsil ixtisasları qrupu, təbiət ixtisasları qrupu və ya texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil.

14-cü dərəcə: mühəndis-texnoloq vəzifələrində 3 ildən az olmayaraq iş stajı olduqda.

Əmək funksiyası. Törədici balıqların saxlanması, ana balıq dəstələrinin formalaşdırılması, törədicilərin hazırlanması, saxlanması və inkubasiyası, balıqların formalaşdırılması, ölçülməsi, çəkilməsi, müxtəlif üsullarla damğalanması, cinslərinin müəyyən olunması, xəstə və zədələnmiş balıqların seçilib ayrılması əməliyyatlarını həyata keçirir. Hovuzlarda su və oksigen mübadiləsini tənzimləyir. Suyun normal vəziyyətini göstərən (səviyyə, oksigenin miqdarı, temperatur) parametrlərin mütəmadi olaraq yoxlanmasını laboratoriya ilə əlaqələndirir. Ona aid olan fəaliyyət sahəsində təhlükəsizlik texnikası qaydaları haqqında təlimat hazırlayaraq işçilər arasında təlim işləri aparır və bu qaydalara riayət olunmamasına görə məsuliyyət daşıyır. Gün ərzində balıq körpələrinin vaxtında yemlənməsini təşkil edir. Hidrokimyəvi və hidrobioloji işlərin aparılması üçün öz fəaliyyətini laboratoriya müdiri ilə əlaqələndirir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: balıqçılıq ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

12-ci dərəcə: 1 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə: 3 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Dairəvi hovuzlarda yetişdirilən körpə balıqların vaxtında yemləndirilməsini, dairəvi hovuzların təmizliyi məqsədilə sifon çəkilməsini, suda oksigenin miqdarına nəzarət edilməsini, xəstə körpə balıqların vaxtında aşkar edilərək başqa yerə köçürülməsini, dairəvi hovuzlarda yetişdirilən körpə balıqların uçotunun aparılmasını təmin edir. Gün ərzində balıq körpələrinin vaxtında yemlənməsini təşkil edir. Hidrokimyəvi və hidrobioloji işlərin aparılması üçün öz fəaliyyətini laboratoriya ilə əlaqələndirir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: balıqçılıq ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

12-ci dərəcə: 1 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə: 3 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Dairəvi hovuzlarda yetişdirilərək müəyyən çəki həddinə çatdırılmış balıq körpələrinin torpaq nohurlarda yerləşdirilməsini, böyüdülən balıqların vaxtında yemlənməsini təmin edir, hidrokimyəvi və hidrobioloji işlərin aparılması üçün öz fəaliyyətini laboratoriya ilə əlaqələndirir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: balıqçılıq ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

12-ci dərəcə: 1 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə: 3 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Törədici balıqların saxlanması, ana balıqların tədarükü və daşınması, törədicilərin ovlanması, göndərilənə qədər müvəqqəti saxlanması və balıqların ölçülməsi, çəkilməsi əməliyyatlarını həyata keçirir. Suyun normal vəziyyətini göstərən (səviyyə, oksigenin miqdarı, temperatur) parametrlərin mütəmadi olaraq yoxlanmasını laboratoriya ilə əlaqələndirir. Ona aid olan su hövzəsində təhlükəsizlik texnikası qaydaları haqqında təlimat hazırlayaraq işçilər arasında təlim işləri aparır və bu qaydalara riayət olunmamasına görə məsuliyyət daşıyır. Gün ərzində balıq körpələrinin vaxtında yemlənməsini təşkil edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: balıqçılıq ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

12-ci dərəcə: 1 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə: 3 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatında istehsalat sahəsində çalışır. Balıqçılıq sahəsində plan tapşırıqlarının yerinə yetirilməsini, hesabatların hazırlanmasını təşkil edir. Sahələrdə balıqçılıq sahəsində biotexniki normalara riayət olunmasına və görülən işlərin keyfiyyətinə nəzarət edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: balıqçılıq ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan;

12-ci dərəcə: xidmət etdiyi sahədə 1 ildən az olmayaraq iş stajı olduqda.

Əmək funksiyası. İnkubasiya aparatlarının və hovuzların dezinfeksiyası məqsədilə preparatların, sularda təbii yem ehtiyatı bazasının və tələb olunan süni yem normasının (rasionunun) müəyyən edilməsində, balıq növlərinin, ölçülərinin, çəkisinin, yaş həddinin bioloji araşdırılmasında və bu barədə qeydiyyatın aparılmasında iştirak edir və istifadə olunan su mənbəyinin hidrobioloji vəziyyətinə nəzarət edir, xəstəlik törədicilərinin aradan qaldırılması məqsədilə profilaktik tədbirlərin görülməsini təmin edir. Balıqartırma zavodu və ya balıqartırma təsərrüfatının pasportlaşmasını aparır.

Balıq ovunun tənzimlənməsi və artırılmasına, balıqların biologiyasına, balıqların kürütökmə və qışlama yerlərinə, miqrasiya yollarına, balıqların ovlanması proseslərinə, o cümlədən balıqların qəbul olunmuş standart ölçüdə olmasına nəzarət edir. Hovuzlarda saxlanan balıqların mühafizəsi, onların qorunub saxlanması və vaxtında yemlənməsi prosesində iştirak edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: balıqçılıq ixtisası və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan;

12-ci dərəcə: xidmət etdiyi sahədə 1 ildən az olmayaraq iş stajı olduqda.

Əmək funksiyası. Hidrotexniki qurğularda işin tənzimlənməsinə və balıqlar saxlanılan hovuzlarda balıqların su təchizatına, hidrotexniki qurğuların işləməsinə birbaşa nəzarət edir və cavabdehlik daşıyır.

Bilməlidir: balıqların inkişafına təsir göstərən mənfi və müsbət amilləri, balıqartırmanın meliorasiyası işlərinin səmərəsinin müəyyənləşdirilməsi qaydasını, hidrotexniki qurğularla işləmə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili.

8-ci dərəcə: xidmət etdiyi sahədə 1 ildən az olmayaraq iş stajı olduqda.

Əmək funksiyası. Briqadanın rəhbəri olmaqla, balıqartırma zavodu və ya balıqartırma təsərrüfatı tərəfindən müəyyən edilmiş müxtəlif növ törədici balıq planının yerinə yetirilməsini, briqada üzvləri arasında qarşılıqlı əlaqənin yaradılmasını, onların iş yerlərində düzgün yerləşdirilməsini, iş prosesinin qanunvericiliyə uyğun təşkilini təmin edir.

Bilməlidir: təhlükəsizlik qaydalarını, istifadə olunan avadanlıq və aparatların quruluşunu və istismarı qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı peşə istiqaməti üzrə peşə təhsili.

6-ci dərəcə: balıqçılıq sahəsində 1 ildən az olmayaraq iş stajı olduqda.

Əmək funksiyası. Sexdə saxlanan törədici fondunun balıqlarının yemlənməsinə, çəkilməsinə, ölçülməsinə, xəstə və zədələnmiş balıqların seçilib ayrılmasına, inkubasiya prosesinə ciddi nəzarət edərək xəstə və ölmüş kürülərin inkubasiya aparatından kənar edilməsində, ana balıqların inyeksiyalanmasında, kürünün alınmasında, yuyulmasında, yapışqanlıqdan yuyulub ayrılmasında və inkubasiya aparatlarına yerləşdirilməsində iştirak edir. Hovuzların təmizlənməsi, dezinfeksiya olunması və s. işləri həyata keçirir.

Bilməlidir: nərə məhsullarının seleksiyasına qoyulan tələbləri, diri balıq və kürülərlə rəftar etmək qaydalarını, spermanın saxlanması şərtlərini, istifadə olunan avadanlıq və aparatların quruluşunu və istismar qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: tam orta təhsil.

6-cı dərəcə: əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə: 1 ildən az olmayaraq iş stajı olduqda.

Əmək funksiyası. Təhkim olunmuş ərazinin, təbiət komplekslərinin və obyektlərinin qorunmasına və mövcud rejiminin təmin edilməsinə məsuliyyət daşıyır, xidməti ərazidə biotexniki, yanğına qarşı mübarizə, mühafizə və s. işləri aparır, mühafizə zonalarının ərazilərində və onlara tabe olan başqa ərazilərdə olmaq, təbiətdən istifadə etmək və başqa fəaliyyətlə məşğul olmaq hüququ barəsində vətəndaşların və vəzifəli şəxslərin sənədlərini yoxlayır, mühafizə zonasının ərazilərində olan mövcud qanunvericiliyi pozanları tutur və şəxsiyyətlərini müəyyənləşdirmək üçün onları qoruq idarəsinə, polis şöbələrinə və yerli icra hakimiyyəti orqanlarına gətirir, mühafizə zonasının ərazilərində olan mövcud qanunvericiliyi pozan vətəndaşlarda şəxsi axtarış aparır, əşyalara, nəqliyyat vasitələrinə baxır, təbiətdən istifadə alətlərini və məhsullarını yoxlayır, müəyyən olunmuş rejimi pozanlardan məhsulları və təbiətdən qanunsuz istifadə alətlərini, nəqliyyat vasitələrini, habelə müvafiq sənədləri alır, mühafizə zonasının ərazilərində olan mövcud qanunvericiliyin pozulması haqqında ilkin akt tərtib edir.

Qanun pozanlardan alınmış ov silahları və başqa ov alətləri, məhsulları və s. maddi sübut kimi akta əlavə edir, əldə edilmiş məhsulların saxlanılmasını təşkil edir və bu barədə akt tərtib edir. Mühafizə zonalarının ərazilərində və onlara tabe olan başqa ərazilərdə təsərrüfat fəaliyyəti və başqa fəaliyyətlə məşğul olan vəzifəli şəxslərin müəyyən edilmiş rejimə zidd olan göstərişlərini dayandırır, müəyyən edilmiş qaydada tabel silahını saxlayır və gəzdirir.

Bilməlidir: mühafizəçisi olduğu dolayı və ya postu, onun sərhədlərini, meşə yollarını və mərzlərini, nohurları, çayları, təbii və süni gölləri, quyuları, yaxındakı yaşayış məntəqələrini, habelə yanğın təhlükəsizliyi qaydalarını, meşələrin qorunub mühafizə edilməsi qaydalarını, yuxarı orqanın (qurumun) əmr və sərəncamlarını, ona təhkim olunmuş inventar və rabitə vasitələrinin qorunub saxlanması qaydasını və istifadəsini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: tam orta təhsil və ya kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı peşə istiqaməti üzrə peşə təhsili.

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan tam orta təhsili olduqda;

8-ci dərəcə: orta ixtisas təhsili olduqda;

9-cu dərəcə: orta ixtisas təhsili və 3 ildən az olmayaraq iş stajı və ya müvafiq ixtisas üzrə ali təhsili və ixtisası üzrə 1 ildən az olmayaraq əmək stajı olduqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver