Qanunvericilik › Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Qanunda istifadə olunan əsas anlayışlar

Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

1.1.1. büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi;

1.1.2. büdcə təsnifatı – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılması;

1.1.3. büdcə ili – yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövr;

1.1.4. təsdiq olunan büdcə ayırmaları – qanunvericiliklə təsdiq olunan və dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə maddələr üzrə xərclənə biləcək vəsaitin yuxarı həddi;

1.1.5. büdcədənkənar dövlət fondları – qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində və (və ya) hüquqi şəxs yaratmadan təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə və ya pul vəsaitlərinə malik olan məqsədli dövlət maliyyə fondları;

1.1.6. büdcədənkənar əməliyyatlar – büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən kənarda əldə etdikləri gəlirləri və həyata keçirdikləri xərcləri üzrə maliyyə əməliyyatları;

1.1.7. icmal büdcə – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini (Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun gəlir və xərcləri istisna olmaqla) funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədi;

1.1.8. büdcə kəsiri (defisit) – büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləği;

1.1.9. büdcə artıqlığı (profisit) – büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği;

1.1.10. dövlət büdcəsinin kassa icrası – büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsini təmin edən icra mexanizmi;

1.1.11. büdcə gəlirləri – Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar;

1.1.12. büdcә xərcləri – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait;

1.1.12-1. mərkəzləşdirilmiş gəlir – dövlət büdcəsində müəyyən edilən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir;

1.1.12-2. mərkəzləşdirilmiş xərc – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulan müvafiq orqanların fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər;

1.1.12-3. yerli gəlir – dövlət büdcəsində müəyyən edilən normativlər əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlir;

1.1.12-4. yerli xərc – büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər;

1.1.12-5. dividend – dövlət müəssisələrinin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətdən dövlət büdcəsinə edilən ödəniş;

1.1.13. büdcə ssudaları – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına büdcə ili ərzində verilən və ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan maliyyə vəsaiti;

1.1.14. dotasiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaiti;

1.1.15. qrant – daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımı;

1.1.16. subvensiya – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti;

1.1.17. subsidiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti;

1.1.17-1. transfert – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcədənkənar dövlət fondlarına, məqsədli büdcə fondlarına, büdcədənkənar dövlət fondlarından və məqsədli büdcə fondlarından dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə əvəzsiz verilən (köçürülən) maliyyə vəsaiti;

1.1.18. məqsədli büdcə fondları – dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaiti;

1.1.19. sekvestr – dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin, həmçinin dövlət büdcəsinin kəsirinin (defisitin) maliyyələşmə mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı;

1.1.20. müdafiə olunan xərc maddələri – büdcə ili ərzində maliyyələşdirilməsinə sekvestr tətbiq olunmayan, qanunvericiliklə müəyyən edilmiş büdcə xərcləri;

1.1.21. dövlət borcu – Azərbaycan Respublikasının adından bağlanılmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc;

1.1.23. büdcə təşkilatı – maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar;

1.1.24. büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar – büdcə gəlirlərinin icrasını təmin edən orqanlar, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlar, büdcədənkənar dövlət fondları və vergi ödəyiciləri, zərurət yarandıqda bələdiyyələr;

1.1.25. vahid xəzinə hesabı – dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemi;

1.1.26. vahid xəzinə hesabının qalığı – dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemində vəsait qalığı;

1.1.27. vahid xəzinə hesabının sərbəst qalığı – dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemində ötən illərin dövlət büdcələrinin icrası nəticəsində cari büdcə ilinin əvvəlinə qalan vəsaitin məbləği;

1.1.28. xalis maliyyə aktivləri – Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin qalığı, vahid xəzinə hesabının qalığı, vahid xəzinə hesabının idarəetməyə verilmiş vəsaitləri, Azərbaycan Respublikasının adından bağlanılmış müqavilələrin öhdəlikləri üzrə xarici dövlətlər tərəfindən ödənilməli olan borc və dövlət müəssisələrinin dövlət büdcəsi qarşısında öhdəliklərinə xidmət üzrə cari ilə düşən məbləğin cəmi ilə daxili və xarici dövlət borcunun ümumi məbləğinin fərqi;

1.1.29. büdcə qaydası – bu Qanunun 11-1-ci maddəsinə əsasən müəyyən edilən makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivə;

1.1.30. dövlət müəssisəsi – paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyət, məhdud məsuliyyətli cəmiyyət, digər təşkilati formada fəaliyyət göstərən hüquqi şəxslər və publik hüquqi şəxslər;

1.1.31. qeyri-neft ümumi daxili məhsul – ümumi daxili məhsulun məcmu dəyəri ilə neft-qaz sektorunda formalaşan ümumi daxili məhsulun məcmu dəyərinin fərqi;

1.1.31-1. icmal büdcənin gəlirləri – dövlət büdcəsinin gəlirləri (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert istisna olmaqla), Azərbaycan Respublikasının Dövlət Neft Fondunun gəlirləri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri (dövlət büdcəsindən verilən dotasiya istisna olmaqla), dövlət sosial müdafiə fondunun gəlirləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği istisna olmaqla), işsizlikdən sığorta fondunun gəlirləri (dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği istisna olmaqla), icbari tibbi sığorta fondunun gəlirləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların icbari tibbi sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği istisna olmaqla);

1.1.31-2. icmal büdcənin xərcləri – dövlət büdcəsinin xərcləri (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği çıxılmaqla), Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərcləri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri (dövlət büdcəsindən verilən dotasiyanın məbləği çıxılmaqla), dövlət sosial müdafiə fondunun xərcləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla), işsizlikdən sığorta fondunun xərcləri (dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla), icbari tibbi sığorta fondunun xərcləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların icbari tibbi sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla);

1.1.32. icmal büdcənin neft gəlirləri – Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, Azərbaycan Respublikasının ərazisində xam neftin və təbii qazın hasilatı ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ödədiyi vergilər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) və həmin fəaliyyətlə məşğul olan digər şəxslərin ödədiyi mənfəət vergisi;

1.1.32-1. icmal büdcənin qeyri-neft gəlirləri – icmal büdcənin gəlirlərindən icmal büdcənin neft gəlirləri çıxıldıqdan sonra qalan məbləğ;

1.1.32-2. dövlət büdcəsinin neft gəlirləri – Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert, Azərbaycan Respublikasının ərazisində xam neftin və təbii qazın hasilatı ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ödədiyi vergilər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) və həmin fəaliyyətlə məşğul olan digər şəxslərin ödədiyi mənfəət vergisi;

1.1.32-3. dövlət büdcəsinin qeyri-neft gəlirləri – dövlət büdcəsinin ümumi gəlirlərindən dövlət büdcəsinin neft gəlirləri çıxıldıqdan sonra qalan məbləğ;

1.1.34. icmal büdcə xərclərinin yuxarı həddi – bu Qanunun 11-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmış göstərici;

1.1.35. icmal büdcənin baza xərcləri – dövlət borcu üzrə faiz ödənişləri istisna olmaqla, icmal büdcənin xərcləri;

1.1.36. icmal büdcənin qeyri-neft baza kəsiri – icmal büdcənin qeyri-neft gəlirləri ilə icmal büdcənin baza xərclərinin fərqi;

1.1.37. ortamüddətli dövr – növbəti büdcə ili və sonrakı üç ili əhatə edən dövr;

1.1.38. uzunmüddətli dövr – beş və daha çox ili əhatə edən dövr.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver