23.1. Dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərtidir.
23.2. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinə yenidən baxılması zərurəti yarandıqda və bu zərurətin cari il üçün dövlət büdcəsi layihəsinin tərtibi və təsdiqi zamanı nəzərə alınması mümkün olmamışdırsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.
23.3. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş rüblük göstəricilərdən az olduqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların bu Qanunun 18.4-cü, 18.5-ci, 18.6-cı və 19.6-cı maddələrində nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.
23.4. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin rüblük göstəricilərinə görə bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş göstəricilərdən 10 faiz və ya bu daxilolmalar Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfert istisna olmaqla, müəyyən olunmuş rüblük göstəricilərdən 5 faiz az olduqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların bu Qanunun 18.4-cü, 18.5-ci, 18.6-cı və 19.6-cı maddələrində nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) cari ilin dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması və (və ya) dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qarşısında məsələ qaldırır.
23.5. Dövlət büdcəsinin icrası barədə rüblük hesabatlarda büdcənin gəlirləri üzrə faktiki daxilolmalar həmin dövr üçün təsdiq edilmiş göstəricilərdən 20 faiz az olduqda həmin hesabatlar Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələrində müzakirə edilir.
23.6. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinin tətbiqi ilə bağlı dövlət büdcəsinin icra vəziyyəti barədə Azərbaycan Respublikasının Hesablama Palatasının rəyi olmalıdır.
23.7. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılarkən, onun gəlir və xərcləri üzrə məbləğinin büdcə gəlirləri təsnifatının, büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində dəyişdirilməsi nəzərdə tutularsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla aşağıdakı sənədlər Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:
23.7.1. büdcə gəlirləri üzrə dəyişiklik aparılması ilə bağlı:
23.7.1.1. cari ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Qanun layihəsi və Qanun layihəsinə dair izahat;
23.7.1.2. büdcə gəlirləri təsnifatının paraqrafları səviyyəsində dövlət büdcəsinin gəlirlərinin layihəsi;
23.7.1.3. cari ilin ötən dövrü üçün dövlət büdcəsinin gəlirlərinin icrasına dair məlumat;
23.7.2. büdcə xərcləri üzrə dəyişiklik aparılması ilə bağlı:
23.7.2.1. cari ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Qanun layihəsi və Qanun layihəsinə dair izahat;
23.7.2.2. büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində dövlət büdcəsinin xərclərinin layihəsi;
23.7.2.3. dövlət borcları və dövlət zəmanəti ilə digər öhdəliklərə dair məlumat;
23.7.2.4. cari il üzrə icmal büdcənin funksional və iqtisadi təsnifata uyğun olaraq, paraqraflar səviyyəsində layihəsi;
23.7.2.5. cari ilin ötən dövrü üçün dövlət büdcəsinin xərclərinin icrasına dair məlumat.
23.8. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinə müvafiq olaraq, cari il üçün dövlət büdcəsinin təsdiq olunmuş gəlir və xərcləri çərçivəsində, büdcə gəlirləri təsnifatının və büdcə xərclərinin funksional təsnifatının bölmələri səviyyəsində dəyişikliyin edilməsi nəzərdə tutularsa, bu halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı sənədlər Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:
23.8.1. cari ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Qanun layihəsi və Qanun layihəsinə dair izahat;
23.8.2. cari ilin ötən dövrü üçün dövlət büdcəsinin icrasına dair məlumat;
23.8.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.
23.9. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrində nəzərdə tutulmuş cari ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməklə, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin layihə daxil olduğu tarixdən 20 gün ərzində müzakirə olunur və səsə qoyulur.