25.1. Dövlət borcalmaları ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş proqramların həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kəsirini örtmək, dövlət investisiyalarını maliyyələşdirmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən digər məsələlərin həlli məqsədilə həyata keçirilir.
25.2. Dövlət borcu müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə olunur.
25.3. Bu Qanunun 25.3-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, büdcə ili ərzində alınan və bilavasitə dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən dövlət borcunun məbləği, istifadəsi və ona xidmət göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsində əks etdirilir.
25.3-1. Dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilmir.
25.4. Büdcə gəlirlərinin həcmindən və ayırmaların səviyyəsindən asılı olmayaraq dövlət borcu üzrə xidmətlər (əsas məbləğ və faizlər) tam və vaxtında həyata keçirilməlidir. Əsas məbləğ və faizlər kredit müqaviləsinə yaxud dövlət qiymətli kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir.
25.5. Daxili və xarici dövlət borclarının, habelə il ərzində veriləcək dövlət zəmanətinin yuxarı həddi müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunla müəyyənləşdirilir. Dövlət borcunun, habelə il ərzində veriləcək dövlət zəmanətinin yuxarı həddi (limiti) yalnız müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməklə artırıla və ya azaldıla bilər.
25.6. Müvafiq icra hakimiyyəti orqanı dövlət borcları üzrə sənədlərin əslinə uyğun olaraq borcların uçotunu aparır və onlar haqqında məlumatları mətbuatda dərc etdirir. Dövlət borcu və dövlət zəmanəti ilə bağlı proseslərin qanunvericiliklə müəyyən edilmiş qaydada şəffaflığı təmin edilir.