Qanunvericilik › Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondları arasında qarşılıqlı əlaqə

Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Dövlət büdcəsinin, bu Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanı və həmin büdcədənkənar dövlət fondları tərəfindən birgə hazırlanmış və təsdiq olunmuş tədbirlər planı vasitəsilə həyata keçirilir. Tədbirlər planı mətbuatda dərc edilir.

27.1-1. Büdcədənkənar dövlət fondlarının idarə olunması, onların vəsaitlərinin istifadəsi və uçotu bu Qanunun müddəaları nəzərə alınmaqla, həmin büdcədənkənar dövlət fondlarının fəaliyyətini tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara uyğun həyata keçirilir.

27.2. Büdcədənkənar dövlət fondlarının bütün xərcləri (Azərbaycan Respublikası Dövlət Neft Fondunun əməliyyat xərcləri və beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitin yerləşdirilməsi ilə bağlı xərclər, habelə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri istisna olmaqla) icmal büdcənin xərclərinə daxil edilir.

27.3. Yerli büdcəyə daxil edilən layihələrin maliyyələşdirilməsi üçün büdcədənkənar dövlət fondlarından ayrılan vəsait müvafiq yerli büdcə vasitəsi ilə istifadə olunur.

27.4. Büdcədənkənar dövlət fondlarının sərbəst vəsaitləri qanunla nəzərdə tutulmuş hallarda investisiyaya yönəldilir.

27.5. Bu Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinə dair hesabat formaları və onların təqdim edilməsi dövriliyi Azərbaycan Respublikası Hesablama Palatasının və büdcədənkənar dövlət fondlarının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin büdcədənkənar dövlət fondları bu hesabatları müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikası Hesablama Palatasına təqdim edirlər və rübdə bir dəfə mətbuatda dərc etdirirlər.

27.6. Büdcədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

27.7. Azərbaycan Respublikasının Hesablama Palatası bu Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və həmin büdcədənkənar dövlət fondlarının icrasına dair illik hesabatlara rəy verir.

27.8. Hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının xərclərinin yuxarı həddi həmin fondların büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməz.

27.9. Hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının (dövlət sosial müdafiə fondu və işsizlikdən sığorta fondu istisna olmaqla) maliyyə əməliyyatları barədə illik hesabatları dövlət büdcəsinin icrası barədə hesabatla birgə təqdim olunur.

III fəsil

Naxçıvan Muxtar Respublikasının büdcəsinin tərtibi, təsdiqi, icrası və icrasına nəzarət

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver