Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin adı və ödəniş dərəcələri diapazonu” cədvəlinin “Vəzifələr” qrafasının “II. Mütəxəssislər” bölməsinə 3-cü sıra nömrəsi ilə “Patentşünas” vəzifəsi, “Dərəcələr diapazonu” qrafasında isə bu vəzifəyə uyğun olaraq “6-13” rəqəmləri daxil edilərək sonrakı vəzifələr ardıcıllıqla nömrələnsin, Kitabçanın “Tarif-ixtisas xüsusiyyətləri” hissəsinin “Mütəxəssislər” bölməsində “Texnoloq” vəzifəsinin tarif-ixtisas xüsusiyyətlərindən sonra aşağıdakı redaksiyada “Patentşünas” başlığı altında bu vəzifənin tarif-ixtisas xüsusiyyətləri əlavə edilsin:
Əmək funksiyası. Əqli (intellektual) mülkiyyətin mühafizə edilməsi tələb olunan obyektlər, nou-xau, innovasiya sahəsində elmi-metodiki rəhbərliyi və elmi-tədqiqat işlərinin səmərəliliyini yüksəltmək üçün digər elmi-texniki tədbirləri həyata keçirir.
Elmi-tədqiqat və ya eksperimental işlərin planlaşdırma, yerinə yetirilmə və yekunlaşdırma mərhələlərində patent-informasiya tədqiqatlarının aparılmasında iştirak edir. Axtarış zamanı seçilmiş materialların sistemləşdirilməsi və təhlilində iştirak edir. Patent-informasiyasının aparılması üçün mövzuların siyahısını formalaşdırır və patent-informasiya tədqiqatlarının aparılma planını tərtib edir. Elmi işlərin rəhbərləri ilə birgə müəssisələrdə yerinə yetirilən mövzularda mühafizə edilməsi tələb olunan obyektləri aşkar edir, mövzuları seçir və onların yerinə yetirilməsinə nəzarət edir.
Mühafizə edilməsi tələb olunan obyektlərin ilkin ekspertizasında iştirak edir. İddia sənədlərinin tərtib olunmasında ixtiraçılara elmi-metodiki köməklik göstərir. Mühafizə sənədi almaq üçün əqli (intellektual) mülkiyyətə iddia sənədinin hazırlanması işində müəllifə köməklik göstərir, onların qeydiyyatını və hesabatını aparır. Mühafizə edilməsi tələb olunan obyektlərin sənədləri üzrə sonrakı yazışmalar zamanı müəlliflərə köməklik göstərir.
Mühafizə edilməsi tələb olunan obyektlərin müəllifləri ilə birgə ixtiralara xaricdə patent alınması üçün tələbnaməni tərtib edir, müəyyən olunmuş qaydada əcnəbi patent təşkilatları ilə yazışmaları aparır, həmçinin lisenziya satışı işini və lisenziya müqavilələri üzrə öhdəliklərin icrasını təşkil edir.
Səmərələşdiricilik fəaliyyətini təşkil edir. Səmərələşdirici təkliflər verildikdə müəlliflə birlikdə texniki məsələləri araşdırır. Səmərələşdirici təkliflərin sənədləşdirilməsi üçün müəlliflərə kömək edir və elmi-metodiki rəhbərliyi həyata keçirir. Səmərələşdirici təkliflər üzrə ərizələrin qeydiyyat jurnalını aparır. İddia olunmuş təkliflərin ilkin qərarlarını tərtib edir. Səmərələşdirici təkliflər üçün vəsiqələri hazırlayır, onların qeydiyyatını aparır və vəsiqələrin verilməsini təmin edir.
İxtira və səmərələşdirici işlər üzrə plan, hesabat və smeta tərtib edir. Qəbul edilmiş əqli (intellektual) mülkiyyətə görə müəlliflərə qanunvericiliklə müəyyən edilmiş qaydada mükafatın ödənilməsi üçün səy göstərir.
Əqli (intellektual) mülkiyyət, nou-xau, innovasiya sahəsində işçilərin ixtisasartırmasını təmin edir.
Bilməlidir: patentşünaslıq sahəsinə aid olan qanunvericilik aktlarını; patentşünasın fəaliyyətini tənzimləyən normativ-metodik sənədləri; əqli (intellektual) mülkiyyət obyektləri ilə əlaqədar münasibətləri tənzimləyən qanunvericiliyi; əqli (intellektual) mülkiyyət obyektlərinin mühafizəsi üçün onların icra müddətlərini və hüquqi mühafizənin əhatəsini; əqli (intellektual) mülkiyyət baxımından mühafizə edilməsi tələb olunan və olunmayan obyektləri; əqli (intellektual) mülkiyyət obyektinə müəyyən edilmiş tələbləri; əqli (intellektual) mülkiyyət obyektlərinə mühafizə sənədlərinin alınmasını və onların qeydiyyatını; informasiya axtarışının aparılması qaydasını; mühafizə sənədinin verilməsi üçün iddia sənədinin tərtib olunma, verilmə və baxılma qaydasını; iddia sənədlərinə dəyişikliklərin edilməsi şərtlərini və qaydasını; əqli (intellektual) mülkiyyət obyektləri haqqında məlumatların nəşri qaydasını; patentin və ya şəhadətnamənin təsir müddətinin uzadılmasını; patent rüsumlarını və onların ödəniş qaydasını; xarici dövlətlərdə ixtiraların və faydalı modellərin patentləşməsi qaydasını; iddiaçıların, patent sahiblərinin və müəlliflərin hüquqlarının müdafiəsini; əqli (intellektual) mülkiyyətdən istifadə ilə bağlı mülki qanunvericiliyi, müəllif və patent hüquqlarının pozulmasına görə inzibati məsuliyyəti, vərəsəlik və varislik hüququnu, hüquqi şəxs anlayışını, rəqabət və haqsız rəqabət anlayışını, inzibatı və ya məhkəmə qaydasında mülki hüquqların müdafiəsini, ixtira və patent hüquqlarının pozulmasına və əmtəə nişanının qanunsuz istifadəsinə görə inzibati və cinayət məsuliyyətini.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
orta ixtisas təhsili və müvafiq işlərdə 3 ildən az olmayaraq əmək stajı;
əmək stajına tələb qoyulmayan müvafiq sahədə ali ixtisas təhsili;
ali ixtisas təhsili və 7-ci dərəcəli patentşünas vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;
ali ixtisas təhsili və 9-cu dərəcəli patentşünas vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;
(böyük patentşünas): ali ixtisas təhsili və 10-cu dərəcəli patentşünas vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;
(aparıcı patentşünas): ali ixtisas təhsili və 11-ci dərəcəli patentşünas vəzifəsində 2-3 ildən az olmayaraq əmək stajı.
1. 13 may 2024-cü il tarixli 3-17/3-5-13/2024 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202405133513, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 may 2024-cü il)