“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 26 sentyabr 2012-ci il
1.1. Bu Qayda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.5-ci yarımbəndinə əsasən hazırlanmışdır.
1.2. Bu Qayda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Ordusunu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınmasını müəyyən edir.
1.3. Bütün çağırışçılar və hərbi vəzifəlilər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hərbi qeydiyyat qaydalarına ciddi əməl etməlidirlər.
1.3-1. Çağırışçıların və hərbi vəzifəlilərin (bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi vəzifələrinin icrası ilə bağlı elektron xidmətlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – SHXÇDX) vahid elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Çağırışçılar və hərbi vəzifəlilər tərəfindən (bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi vəzifələrinin icrası ilə əlaqədar elektron kabinet yaradılır.
1.4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bütün çağırışçılar və hərbi vəzifəlilər (bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində hərbi qeydiyyatda durmalıdırlar.
1.5. Çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində və SHXÇDX-də xüsusi qeydiyyata alınırlar.
1.6. Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa) hərbi qeydiyyata götürülmürlər.
1.7. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqanlar tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır.
1.8. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınırlar.
1.9. Bu Qaydanın 1.8-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən 3 gün müddətində onların yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə göndərilir və bu barədə həmin hərbi vəzifəlilərə məlumat verilir.
2.1. Vətəndaşlar (bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməlidirlər.
2.2. Hərbi vəzifəlilər (bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar.
2.3. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə, bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər isə hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə məlumat verməlidirlər. Elektron kabinet vasitəsilə verilən məlumat çağırışçıların və hərbi vəzifəlilərin gücləndirilmiş elektron imzası ilə təsdiq edildikdən sonra Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində SHXÇDX-nin vahid elektron informasiya sisteminə göndərilir.
2.4. Hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxmaq üçün çağırışçılar və hərbi vəzifəlilər (bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə şəxsən müraciət etməlidirlər.
3.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları çağırışçıları və hərbi vəzifəliləri yalnız hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata alınma və ya hərbi qeydiyyatdan çıxarılma barədə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinin qeydləri, bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəliləri isə onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyatda olmaları barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin qeydi olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalıdırlar.
3.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri hərbi vəzifəlilərin və çağırışçıların öz soyadını, adını, atasının adını dəyişdirməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə onların hərbi qeydiyyatda olduğu SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə 7 gün müddətində elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verməlidirlər.
3.3. Cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış hərbi vəzifəlilərə və çağırışçılara dair onların hərbi qeydiyyatda olduğu SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə 7 gün müddətində elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verməlidirlər.
3.4. Cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə onların hərbi qeydiyyatda olduğu SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə 7 gün müddətində elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verməlidirlər.
3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi müəyyən edilmiş bütün çağırışçılar və hərbi vəzifəlilər barədə onların hərbi qeydiyyatda olduğu SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə 7 gün müddətində elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verməlidir.
3.6. Mənzil-istismar təşkilatlarının və yaşayış sahələrinə xidmət edən digər idarəedici təşkilatların rəhbərləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, bunlar olmadıqda, binanın sahə mülkiyyətçiləri hərbi vəzifəli və ya çağırışçı sakinlər barədə tələb olunan məlumatları onların hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə vaxtında təqdim etməlidirlər.
4.1. Çağırışçılar və hərbi vəzifəlilər iş yerlərində və təhsillərində olan dəyişikliklər barədə hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə, bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər isə hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə məlumat verməlidirlər.
4.2. Hərbi vəzifəlilər hərbi bileti qəsdən korladıqda, etinasız saxlanılma nəticəsində itirdikdə, hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə, bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər isə hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə məlumat verməlidirlər.
4.3. SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər, habelə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən çağırılmış hərbi vəzifəlilər çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər.
1. 06 may 2015-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 655)
2. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
3. 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)
4. 23 yanvar 2018-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2018-ci il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 138)
5. 7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514)
6. 24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1402)
7. 15 iyul 2022-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2022-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 819)
8. 5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974)
9. 25 avqust 2022-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1025)
10. 8 dekabr 2023-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 dekabr 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1778)
11. 2 dekabr 2025-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2025-ci il, “Xalq” qəzeti, 5 dekabr 2025-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1216)
12. 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 84)