Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslər aşağıdakı hüquqlara malikdirlər:
1. Resept üzrə dərman almaq və ildə bir dəfə müalicə olunmaq üçün (nəqliyyat xərcləri daxil olmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət almaq.
2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada diş protezlərinin (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) düzəltdirmək.
3. Fasiləsiz əmək stajından asılı olmayaraq, müvəqqəti əmək qabiliyyətini itirməyə görə axırıncı iş ilindəki orta əmək haqqı məbləğində müavinət almaq.
4. Əmək qabiliyyətini müvəqqəti itirmiş işləyən əlilliyi olan şəxslərə 4 ay dalbadal, yaxud bir təqvim ilində 5 aya qədər müavinət verilir.
5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya bələdiyyə orqanı tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındıqda, yaşayış sahəsi ilə təmin olunmaq.
7. Tibbi göstəricilərə əsasən azmaaşlı işə keçirilərkən əvvəl ki maaşla yeni maaş arasındakı fərqi almaq. Bu fərq əmək qabiliyyəti bərpa edilənədək, yaxud əlillik müəyyənləşdirilənədək iş yerində ödənilir.
8. Beş günlük iş həftəsində tam iş gününün haqqını almaqla 6 saatlıq iş günü müəyyən edilməsi. Onlar üçün əlverişli vaxtda məzuniyyət verilməsi.
10. Növbədənkənar telefon çəkdirmək.
11. İşçilərin sayının və ya ştatının ixtisarı zamanı kollektiv müqavilənin və ya əmək müqaviləsinin (kontraktın) şərtləri ilə müəyyən olunmuş qaydada əmək münasibətlərini saxlamaq.
12. Mənzil-tikinti kooperativlərinə, kollektiv qarajların və nəqliyyat vasitələri üçün dayanacaqların tikilməsi, istismarı və onlara texniki xidmət üzrə kooperativlərə, bağçılıq ortaqlıqlarına (kooperativlərinə) ilk növbədə daxil olmaq, hazır bağ evlərini və ya onları tikmək üçün materialları, yüksək tələbat olan sənaye mallarını, o cümlədən minik avtomobillərini, motosikletləri və mühərrikli qayıqları ilk növbədə almaq, məişət xidməti, nəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri, ictimai iaşə, mənzil-kommunal təsərrüfatı müəssisələrinin, rabitə təşkilatlarının xidmətindən ilk növbədə istifadə etmək.
13. Müalicə-profilaktika müəssisələrinin və apteklərin xidmətindən ilk növbədə istifadə etmək.
14. Pensiyaya çıxdıqda və ya iş yerini dəyişdikdə əvvəllər təhkim olunduğu poliklinikaların xidmətindən istifadə etmək.
15. Təhsil alarkən hökmən yataqxana və təqaüdlə təmin edilmək.
16. İdarə tabeliyindən asılı olmayaraq, uşaqlarının məktəbə qədər uşaq tərbiyə müəssisələrində, eləcə də musiqi məktəblərində növbədənkənar qaydada yerlə hökmən təmin edilməsi.
17. Fərdi mənzil tikintisi üçün növbədənkənar torpaq və bağ sahələri almaq.
18. Tibbi şəhadətnaməyə əsasən ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində və xüsusi təhsil müəssisələrində üstün qaydada yerlə təmin edilmək.
19. Sahibkarlıq fəaliyyətinin təşkili və kəndli təsərrüfatı yaratmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada kreditlər almaq..
Bu maddənin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş ildə bir dəfə müalicə olunmaq üçün müavinətin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.