“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 15 mart 2019-cu il
1.1. “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları” (bundan sonra – standartlar) Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunlarına və Cəzaların İcrası Məcəlləsinə əsasən hazırlanmışdır.
1.2. Bu standartlar aşağıdakıları müəyyənləşdirir:
1.2.1. cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin məzmununu;
1.2.2. cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin idarə olunmasını;
1.2.3. cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin maddi-texniki bazasını;
1.2.4. cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin infrastrukturunu;
1.2.5. təhsilverənlərin keyfiyyət göstəricilərini;
1.2.6. təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.
1.3. Bu standartlar Azərbaycan Respublikasının ərazisində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən bütün peşə təhsili müəssisələrinə və xüsusi peşə təhsili müəssisələrinə şamil olunur və peşə təhsili sahəsində ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasında və tətbiqində əsas tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən peşəsi və ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində peşə təhsili və peşə hazırlığı həyata keçirilir.
1.4. Peşə təhsili pilləsində tədris nəticəyönlü, səriştə əsaslı və modul strukturlu təhsil proqramları (bundan sonra – kurikulum) əsasında həyata keçirilir və varislik təmin olunur.
1.5. Bu standartlar 5 ildən bir yenilənir.
2.1. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin məzmunu peşə təhsilinin dövlət standartlarına uyğun olaraq təşkil edilir.
2.2. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tədris ili 2 yarımildən ibarətdir. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və nümunəvi tədris planına müvafiq olaraq yekunlaşır. Xüsusi peşə təhsili müəssisələrində təhsilalanların komplektləşdirilməsindən asılı olaraq, tədris prosesi ilin istənilən vaxtında başlana bilər. Dərs ili ərzində qış tətili 8 gündür.
2.3. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində təlim məşğələləri 45 dəqiqə, məşğələlərarası fasilə isə 5-10 dəqiqə müəyyənləşdirilir. Tədris emalatxanalarında praktik məşğələlər zamanı təlimin birinci ilində hər 45 dəqiqədən, təlimin ikinci və sonrakı illərində hər 90 dəqiqədən sonra 10 dəqiqə fasilə verilir.
3.1. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisəsi və xüsusi peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və öz Nizamnaməsinə uyğun idarə olunur.
3.2. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Pedaqoji Şuranın yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Pedaqoji Şura haqqında Əsasnamə və təhsil müəssisəsinin Nizamnaməsi ilə tənzimlənir.
3.3. Pedaqoji Şuranın iclaslarında təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq təlim-tərbiyə, tədris prosesinin təşkili və həyata keçirilməsi, işəgötürənlərlə qarşılıqlı əlaqələr, innovativ pedaqoji ideyaların və istehsalat yeniliklərinin tətbiqi, sağlam psixoloji mühit və təhlükəsiz şəraitin yaradılması, maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, maliyyələşmə ilə bağlı məsələlər, ümumi fəaliyyətin yaxşılaşdırılması, həvəsləndirmə, mükafatlandırma istiqamətində təkliflər və hesabatlar müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir.
3.4. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisəsi və xüsusi peşə təhsili müəssisəsi hər növbəti tədris ili üçün tərtib edilmiş və Pedaqoji Şurada təsdiq olunmuş planlar əsasında idarə edilir.
3.5. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisəsinə və xüsusi peşə təhsili müəssisəsinə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən vəzifəyə təyin edilən şəxs rəhbərlik edir.
3.6. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
3.7. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət, dövlət qarşısında məsuliyyət daşıyır.
4.1. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisəsinin və xüsusi peşə təhsili müəssisəsinin maddi-texniki bazası daşınan və daşınmaz əmlakdan ibarətdir.
4.2. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisəsinin və xüsusi peşə təhsili müəssisəsinin maddi-texniki bazası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə uyğun olmalıdır.
4.2-1. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisəsində və xüsusi peşə təhsili müəssisəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla ona zidd olmayan hissədə tətbiq edilir.
4.3. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisəsinin maddi-texniki bazasına mövcud ixtisasların tələblərinə uyğun olaraq tədris laboratoriyaları, emalatxanalar, təhsilalan və təhsilverənlər üçün mebel avadanlıqları, informasiya kommunikasiya texnologiyası avadanlıqları, audio-vizual avadanlıqlar, tədris-əyani vəsaitlər, təlimin texniki vasitələri, dərslik və elmi-bədii ədəbiyyat fondu daxildir.
5.1. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin infrastrukturuna qoyulan minimum tələblər ömürboyu təhsili təmin edən təhlükəsiz və rahat təhsil şəraitinin, pedaqoji kadrlarla təminatın, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik təmirli binaların, yardımçı bina və qurğuların, kitabxananın, su, istilik, elektrik sistemlərinin, sanitar qovşaqların olmasından ibarətdir.
5.2. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində təhsilalanların ixtisasları nəzərə alınmaqla, onların nəzəri dərs, istehsalat təlim və təcrübə keçmələri üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən xüsusi sahə ayrılmalıdır.
6.1. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində təhsilverənlərin keyfiyyət göstəricilərinə aşağıdakılar daxildir:
6.1.1. ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklər və praktik səriştə;
6.1.2. təhsilalanlarla ünsiyyət qurma və iş bacarığı;
6.1.3. əxlaqi-mənəvi keyfiyyətlər, pedaqoji etika və mədəniyyət;
6.1.4. əməkdaşlıq, tədqiqatçılıq, özünü təhsil və idarəçilik bacarıqları;
6.1.5. yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək qabiliyyəti;
6.1.6. öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığı;
6.1.7. ədalətlilik, məsuliyyətlilik və cavabdehlik;
6.1.8. işlədiyi təhsil müəssisəsində və ictimaiyyətdə hörmət və nüfuz qazanmaq bacarığı.
6.2. Peşə təhsili müəssisəsində təhsilverənlərin attestasiyası (sertifikatlaşdırılması) “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilir.
6.3. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi “Peşə təhsili müəssisələrində müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları”na uyğun olaraq həyata keçirilir.
6.4. Peşə təhsili sisteminə yeni işə qəbul edilən pedaqoji təhsili olmayan rəhbər və mühəndis-pedaqoji işçilərin pedaqogikaya və psixologiyaya dair biliklərə, həmçinin fənlərin tədrisi metodikası üzrə bacarıqlara malik olmalarını təmin edən təhsil proqramları (kurikulumlar) üzrə təlimlərdən 3 ay müddətində keçmələri təmin edilir.
6.5. Peşə-ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının peşələrinə uyğun 3 ildən bir müəssisə və təşkilatlarda yeni texnika və texnologiyalar üzrə istehsalat təcrübəsi keçmələri təmin olunur.
7.1. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”na uyğun olaraq həyata keçirilir.
7.2. Peşə təhsili pilləsində təhsilalanların səriştə səviyyəsi Milli Kvalifikasiyalar Çərçivəsinə uyğun olaraq, ixtisasın kvalifikasiya standartları əsasında hazırlanmış kurikulumlarda və ayrı-ayrı modullarda bilik, bacarıq və məsuliyyət (yanaşma) xüsusiyyətləri qeyd edilən təlim nəticələrinə əsasən müəyyən edilir.
1. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)
2. 03 iyul 2025-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 07 iyul 2025-ci il, “Xalq” qəzeti, 13 iyul 2025-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 699)