Qanunvericilik › Cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Hüquqi yardım haqqında sorğuya əsasən həbsdə olan və ya azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərin təslim edilməsi

Cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Azərbaycan Respublikasında həbsdə olan və ya azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər şəxsiyyətin müəyyən edilməsi, ifadə verməsi və ya istintaq edilən yaxud məhkəmə baxışında olan cinayət işi üzrə başqa hüquqi yardımın göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan hallarda həmin şəxslərin razılığı olduqda onlar bu maddədə müəyyən edilən məqsədlər üçün xarici dövlətə təslim edilə bilərlər.

9.2. Bu Qanunun 9.1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanının tələbinə əsasən xarici dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən həbsdə saxlanılmalıdırlar.

9.3. Bu Qanunun 9.1-ci maddəsində göstərilən şəxslər cinayət işi üzrə icraatın gedişində müvafiq prosessual hərəkətlər yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə əvvəlcədən razılaşdırılmış müddətdə Azərbaycan Respublikasına qaytarılmalıdırlar. Belə şəxslərin qaytarılması üçün xarici dövlətin müvafiq səlahiyyətli orqanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından verilmə haqqında icraatın başlanılmasını tələb edə bilməz.

9.4. Bu Qanunun 9.1-ci maddəsində göstərilən şəxslər hüquqi yardımın göstərilməsi üçün təslim edilmələrindən əvvəl törətdikləri əməllərə görə cinayət təqibinə məruz qala bilməzlər.

9.5. Bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş qaydalar haqqında xarici dövlətin müvafiq səlahiyyətli orqanı məlumatlandırılır və həmin qaydalara uyğun olaraq şəxsi qəbul etməyə yazılı şəkildə razılığını bildirdikdən sonra müvafiq şəxslər hüquqi yardım göstərilməsi məqsədi ilə təslim edilə bilər.

9.6. Hüquqi yardımla bağlı təslim edilən şəxsin xarici dövlətdə olması müddəti onun cəza çəkmə müddətinə daxil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver