Qanunvericilik › Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 293

Maddə 293. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məlumatın verilməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

293.1. Bu Məcəllənin 214.4-cü və 214.4-1-ci maddələrində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər haqqında məlumatlar (ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər üzrə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsinin şikayəti, ictimai ittiham qaydasında təqib olunan cinayətlər üzrə isə bu Məcəllənin 204–206-cı maddələrində nəzərdə tutulmuş şəxslərin məlumatları) yazılı və ya şifahi formada təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora verilir.

293.2. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumat təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şifahi formada verildiyi halda o, protokola daxil edilir və məlumatı verilmiş və protokolu tərtib etmiş şəxslər tərəfindən imzalanır.

293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı məlumatda və ya şifahi məlumatın qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir:

293.3.1. məlumat vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi, hüquqi şəxsin adı, olduğu yer və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi);

293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği);

293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi;

293.3.4. məlumatda göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi;

293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş;

293.3.6. məlumatın verildiyi tarix (il, ay və gün) və yer;

293.3.7. məlumatı vermiş şəxsin imzası.

293.4. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə bu Məcəllənin 204–206-cı maddələrində nəzərdə tutulmuş məlumat verən şəxsə bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edilir və bu barədə məlumatda qeyd edilir. Məlumat şifahi verildikdə, bu izah protokola daxil edilərək məlumatı vermiş və protokolu tərtib etmiş şəxs tərəfindən imzalanır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver