Qanunvericilik › Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 294

Maddə 294. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata dair qəbul edilən qərarlar

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

294.1. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

294.1.1. böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumatı dərhal qeydə almaq və ona baxmaq;

294.1.2. bu Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olması qənaətinə gəldikdə və bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda, məlumatın daxil olduğu vaxtdan 48 saatdan gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması haqqında qərar qəbul etmək;

294.1.3. bu Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasları olmaması qənaətinə gəldikdə, məlumatın daxil olduğu vaxtdan 48 saatdan gec olmayaraq qəbul edilmiş qərarın əsaslarını göstərməklə cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmasından imtina barədə qərar çıxarmaq;

294.1.4. məlumatın məhkəmə aidiyyəti və ya istintaq aidiyyəti üzrə göndərilməsi qənaətinə gəldikdə, onun daxil olduğu vaxtdan 48 saatdan gec olmayaraq cinayətin izlərinin rəsmiləşdirilməsi (hadisə yerinin baxışı, bu zaman aşkar edilmiş əşyaların götürülməsi və müayinəsi) üzrə təxirəsalınmaz istintaq hərəkətlərini aparmaq və cinayətin törədilməsini görmüş şahidlərdən izahat almaq öz qərarı ilə məlumatı toplanmış bütün materiallarla birlikdə müvafiq olaraq məhkəməyə və ya istintaq orqanına göndərmək;

294.1.5. cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması haqqında qərar müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edildikdə onu aidiyyəti üzrə təhqiqat orqanına göndərmək.

294.2. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat bu Məcəllənin 214 və 215-ci maddələrində nəzərdə tutulmuş qaydalara riayət etməklə həyata keçirilir.

294.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məlumata baxarkən və ya böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın gedişində məhkəməyədək sadələşdirilmiş prosedur daxilində aparılması mümkün olmayan istintaq hərəkətlərinin aparılması zərurəti yarandıqda, təhqiqatçının və ya müstəntiqin vəsatəti, yaxud öz təşəbbüsü ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanması haqqında qərar qəbul etmək və ibtidai istintaqın aparılmasını müvafiq istintaq orqanına tapşırmaq hüququna malikdir.

294.4. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakıları yerinə yetirməlidir:

294.4.1. böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məlumat vermiş şəxsə məhkəməyədək sadələşdirilmiş icraatın açılması barəsində 24 saat müddətində yazılı məlumat vermək;

294.4.2. böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmasından imtina barədə qərar çıxardıqda 3 (üç) gün müddətində qəbul edilmiş qərarın surətinin məlumat vermiş şəxsə təqdim edilməsini və ya poçtla ona göndərilməsini təmin etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver