Qanunvericilik › Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. cinayət yolu ilə əldə edilmiş əmlak – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər;

1.1.2. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsində nəzərdə tutulmuş cinayət;

1.1.3. terrorçuluğun maliyyələşdirilməsi – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsində nəzərdə tutulmuş cinayət;

1.1.4. predikativ cinayət – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti ola bilən əmlakın əldə edilməsi ilə nəticələnən istənilən cinayət;

1.1.5. monitorinq – mənbəyi məlum olan məlumatlar və sənədlər əsasında maliyyə monitorinqi orqanı tərəfindən həyata keçirilən araşdırma tədbirləri;

1.1.6. maliyyə monitorinqi orqanı – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən, habelə bu sahədə dövlət siyasətinin formalaşmasında iştirak edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

1.1.7. öhdəlik daşıyan şəxslər – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri;

1.1.8. maliyyə institutları – kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, kraudfandinq platformalarının operatorları, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər;

* (1.1.8-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

1.1.9. qeyri-maliyyə institutları və peşə sahibləri – rieltorlar, kazino oyunlarının təşkilatçıları və operatorları, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri;

1.1.10. rieltor – daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxs;

1.1.11. virtual aktiv – ödəniş və ya investisiya məqsədilə mübadilə vasitəsi kimi çıxış edən və virtual aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərin rəqəmsal ifadəsidir. Milli və xarici valyutanın, qiymətli kağızların, habelə törəmə maliyyə alətlərinin rəqəmsal qarşılığı virtual aktiv hesab edilmir;

1.1.12. virtual aktiv xidməti təminatçıları – virtual aktivlərin valyuta sərvətləri, milli valyuta və digər virtual aktivlərlə mübadiləsi, virtual aktivin saxlanılması üçün istifadə edilən virtual aktiv hesabından və ya cüzdanından virtual aktivin digər virtual aktiv hesabına və ya cüzdanına köçürülməsi və ya köçürmənin təşkil edilməsi, virtual aktivlərlə və ya virtual aktivlərə nəzarət etmək imkanı verən alətlərlə əməliyyatların aparılmasının (əqdlərin bağlanmasının) və ya onların saxlanılmasının təşkil edilməsi, virtual aktivlərin alışı, satışı, mübadiləsi, ilkin yerləşdirilməsi və ya saxlanılması ilə əlaqədar maliyyə xidmətlərinin göstərilməsi və ya göstərilməsində iştirak edilməsi fəaliyyətlərini müstəqil sahibkarlıq fəaliyyəti kimi həyata keçirən şəxslər;

1.1.13. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə tələblərə riayət edilməsi (bundan sonra – leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət) – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində hüquqi aktların tələblərinə riayət edilməsi;

1.1.14. maliyyə qrupu (holdinq) – qrupa daxil olan digər üzvlər üzərində qrup nəzarətinin tətbiqini və koordinasiyasını həyata keçirən hüquqi şəxs, o cümlədən qrup səviyyəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qayda və prosedurların tətbiq edildiyi filiallar və ya törəmə hüquqi şəxslərin məcmusu;

1.1.15. nəzarət orqanları – öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirən bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan orqanlar (qurumlar);

1.1.16. nəzarət tədbirləri – nəzarət orqanları və maliyyə monitorinqi orqanı tərəfindən öhdəlik daşıyan şəxslərə, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə tətbiq edilən bütün növ yoxlama tədbirləri, o cümlədən nəzarət, araşdırma, müşahidə, təftiş, baxış və digər oxşar tədbirlər;

1.1.17. xarici hüquqi təsisat – xarici dövlətdə (ərazidə) qüvvədə olan qanunvericiliyə uyğun olaraq hüquqi şəxs yaratmadan təsis edilən və fiziki və ya hüquqi şəxs olan təsisçi tərəfindən benefisiarın və ya benefisiarlar qrupunun faydalanması və ya xüsusi məqsədlər çərçivəsində xarici hüquqi təsisat təminatçısının nəzarəti şərtilə və ya belə şərt olmadan əmlakın xarici hüquqi təsisat idarəçisinin mülkiyyətinə verilməsi ilə bağlı fəaliyyəti həyata keçirən trast və ya analoji xüsusiyyətlərə malik digər təsisat. Xarici hüquqi təsisatın təsisçisi, idarəçisi, təminatçısı, benefisiarı və ya benefisiarlar qrupu dedikdə xarici hüquqi təsisatın təsis sənədindən irəli gələn müvafiq hüquq və vəzifələri daşıyan şəxslər nəzərdə tutulur;

1.1.18. müştəri – öhdəlik daşıyan şəxslərin hər hansı xidmətindən istifadə edən şəxs və ya xarici hüquqi təsisat;

1.1.19. benefisiar mülkiyyətçi – son nəticədə müştəriyə nəzarəti həyata keçirən və ya hüquqi şəxs, yaxud xarici hüquqi təsisat olan müştərinin əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);

1.1.20. mühüm iştirak payı – nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik;

1.1.21. valyuta sərvətləri və milli valyuta – nağd milli və ya xarici valyuta, milli və xarici valyutada adsız sənədli qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar;

1.1.22. məlumat və sənədlər – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq öhdəlik daşıyan şəxslərin, bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının, habelə digər dövlət orqanlarının (qurumların) fəaliyyəti nəticəsində əməliyyatlar (əqdlər) (bundan sonra – əməliyyatlar) və (və ya) işgüzar münasibətlər barədə yaranan, saxlanılan və ya qeydə alınan faktlar, rəylər, xəbərlər və ya digər xarakterli məlumatlar, kağız və ya elektron formada sənədlər. Bu anlayış, eyni zamanda, müxtəlif məlumat bazalarında yaradılan, saxlanılan, qeydə alınan, habelə internet və ya digər informasiya ehtiyatlarında toplanan faktları, xəbərləri və ya digər xarakterli məlumatları və ya sənədləri də əhatə edir;

1.1.23. elektron köçürmələr – maliyyə vəsaitlərinin fiziki və ya hüquqi şəxslər tərəfindən maliyyə institutlarının təqdim etdiyi elektron üsullarla (bank və digər ödəniş hesabı vasitəsilə, hesab açmadan və ya yeni ödəniş metodları ilə) vəsaiti alana (elektron köçürmə zamanı ödəyici və vəsaiti alan eyni şəxs ola bilər) çatdırılması məqsədilə aparılan transsərhəd və ya ölkədaxili əməliyyatlar. Ödəniş kartlarından istifadə etməklə məhsulların, xidmətlərin alışı zamanı bütün əməliyyat zənciri boyunca kartı müəyyən etməyə imkan verən unikal məlumatların ötürüldüyü köçürmələr və maliyyə institutları arasında öz məqsədləri üçün hesablaşmalar və köçürmələr elektron köçürmə hesab edilmir;

1.1.24. siyasi nüfuzlu şəxslər – hər hansı dövlətdə (ərazidə) və ya beynəlxalq təşkilatda mühüm dövlət və ya ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər (dövlət və hökumət başçıları, dövlət orqanlarının (qurumların) rəhbərləri, onların müavinləri, qanunverici orqanın üzvləri, siyasi partiyaların idarəetmə orqanlarının üzvləri, ali və konstitusiya məhkəmələrinin hakimləri, ali auditi həyata keçirən nəzarət orqanlarının və mərkəzi bankların idarəetmə orqanlarının üzvləri, fövqəladə və səlahiyyətli səfirlər, müvəqqəti işlər vəkilləri, ali hərbi və ali xüsusi rütbəli şəxslər, dövlət müəssisələrinin idarəetmə orqanlarının üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, onların müavinləri, idarəetmə orqanlarının üzvləri);

1.1.25. siyasi nüfuzlu şəxslərin yaxın qohumları – siyasi nüfuzlu şəxslərin valideynləri, babaları, nənələri, əri, arvadı, uşaqları, nəvələri, doğma və ögey qardaşları və bacıları, övladlığa götürənləri (götürülənləri);

1.1.26. siyasi nüfuzlu şəxslərin yaxın münasibətdə olduğu şəxslər – siyasi nüfuzlu şəxslə eyni hüquqi şəxs və ya xarici hüquqi təsisatın ortaq benefisiar mülkiyyətçisi olan və ya onunla istənilən digər sıx sahibkarlıq münasibətində olan fiziki şəxslər, siyasi nüfuzlu şəxslərin faktiki mənfəət əldə etməsi məqsədilə təsis edilmiş hüquqi şəxsin və ya xarici hüquqi təsisatın təsisçisi və ya benefisiar mülkiyyətçisi olan fiziki şəxslər və yaxud adlarına siyasi nüfuzlu şəxsə faktiki məxsus əmlaka hüquqların rəsmiləşdirildiyi şəxslər;

1.1.27. işgüzar münasibətlər – öhdəlik daşıyan şəxslərin peşəkar fəaliyyətinin həyata keçirilməsi zamanı öz müştəriləri ilə formalaşdırdıqları, tərəflərin qarşılıqlı hüquq və vəzifələrinə əsaslanan, birdəfəlik xarakter daşımayan peşəkar münasibətlər;

1.1.28. FATF – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı qlobal maliyyə sistemini qorumaq üçün müvafiq siyasətin formalaşdırılması və yayılmasını təmin edən müstəqil hökumətlərarası qurum;

1.1.29. Maliyyə monitorinqi orqanlarının Eqmont Qrupu – beynəlxalq miqyasda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində maliyyə monitorinqi orqanları arasında məlumat və sənəd mübadiləsinin və texniki əməkdaşlığın, eləcə də bu qurumların fəaliyyət səmərəliliyinin və potensialının gücləndirilməsi məqsədilə yaradılan əməkdaşlıq şəbəkəsi;

1.1.30. yüksək riskli zonalar – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mötəbər mənbələr (beynəlxalq təşkilat və qurumlar tərəfindən dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatlar, habelə tərəqqi hesabatları) əsasında müəyyən edilmiş adekvat mübarizə sistemi olmayan, silahlı separatizmi, ekstremizmi, muzdluluğu və terror fəaliyyətini dəstəkləyən, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumat və sənədlərinin açıqlanmasını tələb etməyən və beynəlxalq təşkilatlar tərəfindən barəsində sanksiyalar və ya digər analoji tədbirlər tətbiq edilən dövlətlər və ya ərazilər.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver