15.1 Əməliyyatlarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və ya digər cinayətlərə dair əsaslar və ya şübhələr mövcud olduqda bu Qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş hallarda maliyyə monitorinqi orqanı əməliyyatın icrasının dayandırılması barədə ən qısa müddətdə, lakin 2 iş günündən gec olmayaraq əsaslandırılmış qərar qəbul edir və dərhal həmin əməliyyatı icra edən maliyyə institutuna əməliyyatın dayandırılması barədə göstəriş verir.
15.2. Maliyyə monitorinqi orqanı bu Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə özünün apardığı strateji və taktiki təhlilin nəticəsi olaraq və ya üçüncü dövlətin sorğusu əsasında əməliyyatların 3 iş günündən çox olmayan müddətdə dayandırılması barədə qərar qəbul edə bilər.
15.3. Əməliyyatın icrasının dayandırılması barədə maliyyə monitorinqi orqanı tərəfindən qəbul edilmiş qərar və müvafiq məlumat və sənədlər dərhal istintaq aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqanlara göndərilir. Həmin orqanlar bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində əməliyyatın icrasının daha uzun müddətə dayandırılması üçün cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görə bilərlər.
15.4. Bu Qanunun 15.2-ci maddəsinə uyğun olaraq maliyyə institutu tərəfindən əməliyyatın icrasının dayandırılmasına dair müştəriyə məlumat verilməməlidir.