Qanunvericilik › Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Üçüncü şəxslərə güvənmə

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Öhdəlik daşıyan şəxslər digər öhdəlik daşıyan şəxslərin (üçüncü şəxslərin) bu Qanunun 4-cü maddəsinə uyğun olaraq apardıqları müştəri uyğunluğu tədbirlərinə və ya işgüzar münasibətlərin yaradılması məqsədilə yeni müştərinin təqdimatı zamanı digər öhdəlik daşıyan şəxslər tərəfindən əldə edilmiş məlumat və sənədlərə güvənə bilərlər. Üçüncü şəxslərə güvənilən hallarda bu Qanunun tələblərinə əməl edilməsinin məsuliyyəti güvənən öhdəlik daşıyan şəxslərin üzərinə düşür. Bu zaman öhdəlik daşıyan şəxslər aşağıdakı tədbirləri görməlidirlər:

5.1.1. bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədləri üçüncü şəxslərdən dərhal almalı;

5.1.2. eyniləşdirmə məlumat və sənədlərinin və müştəri uyğunluğu tədbirlərinin tələblərinə əməl edilməsinə dair müvafiq məlumat və sənədlərin surətlərinin üçüncü şəxsdən sorğu əsasında təxirəsalınmadan (hər bir halda sorğu edilən iş gününün sonundan gec olmayaraq) əldə olunacağına əmin olmaq üçün addımlar atmalı;

5.1.3. bu Qanunun 4.17-ci maddəsinin tələblərinə əməl etməli;

5.1.4. üçüncü şəxslər tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinə, habelə həmin şəxslər üzərində təsis edildikləri, idarə edildikləri və ya fəaliyyət göstərdikləri ölkədə (ərazidə) dövlət tərəfindən effektiv monitorinq və nəzarət mexanizminin olduğuna əmin olmalıdırlar.

5.2. Öhdəlik daşıyan şəxslər xarici yurisdiksiyada yerləşən öhdəlik daşıyan şəxslərin müştəri uyğunluğu tədbirlərinə və ya işgüzar münasibətlərin qurulması üzrə vasitəçilik xidmətlərinə və həmin şəxslər tərəfindən əldə edilmiş məlumat və sənədlərə güvəndiyi hallarda, həmin şəxslərin aid olduğu yurisdiksiyanın riskliliyini nəzərə almalıdırlar.

5.3. Öhdəlik daşıyan şəxslər eyni maliyyə qrupu (holdinq) daxilində olan digər öhdəlik daşıyan şəxslərin müştəri uyğunluğu tədbirlərinə və ya işgüzar münasibətlərin qurulması üzrə vasitəçilik xidmətlərinə və həmin şəxslər tərəfindən əldə edilmiş məlumat və sənədlərə yalnız maliyyə qrupu (holdinq) tərəfindən bu Qanunun tələblərinin tətbiqinə və həmin maliyyə qrupu (holdinq) üzərində nəzarət orqanı tərəfindən effektiv nəzarətin həyata keçirildiyinə əmin olduqları halda güvənə bilərlər. Bu zaman, həmçinin daxili nəzarət proqramları çərçivəsində yüksək riskli zonalara münasibətdə risklərin azaldılması tədbirləri həyata keçirilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver