Qanunvericilik › “Coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotunun aparılması qaydası, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələblər, coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.05.2008) › Tam mətn

“Coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotunun aparılması qaydası, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələblər, coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.05.2008)

“Coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotunun aparılması qaydası, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələblər, coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.05.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 729 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotunun aparılması qaydası, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələblər, coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 6 may 2008-ci il

Bu Əsasnamə “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 729 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən hazırlanmışdır və coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotunun aparılması qaydasını, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələbləri, coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydalarını müəyyən edir.

2.1. Coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotu Azərbaycan xalqının tarixi və mədəni irsinin bir hissəsi kimi qorunub saxlanılması məqsədi ilə həyata keçirilir.

2.2. Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin, o cümlədən kontinental şelfin, Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan sektorunun, Azərbaycan tədqiqatçıları tərəfindən kəşf edilmiş coğrafi obyektlərin adları, “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyat və uçota alınır.

2.3. Coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən Azərbaycan dilində aparılır.

2.4. Coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotu üçün coğrafi adların dövlət kataloqunun yaradılması və aparılması üzrə işlərin həyata keçirilməsinə imkan verən və nümunəsi Nazirlik tərəfindən təsdiq edilən vahid qeydiyyat-uçot formasından istifadə olunur.

Qeydiyyat-uçot formaları və onların tərtib olunmasına dair təlimat Nazirlik tərəfindən təsdiq edilir.

2.5. “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, coğrafi obyektlərə verilən adların qeydiyyatı və uçotu, coğrafi obyektlərin adlandırılması və adlarının dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına əsasən həyata keçirilir.

“Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra, bu Qanunun tələbləri pozulmaqla coğrafi obyektlərə verilən adlar qeydə alınmır və uçotu aparılmır.

2.6. “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl coğrafi obyektlərə verilmiş adların qeydiyyat və uçotu bu Qanunun tələblərinə əsasən aparılır.

3.1. Coğrafi obyektlərin Azərbaycan Respublikasının dövlət dilinin normaları nəzərə alınmaqla müəyyənləşdirilmiş və dəqiqləşdirilmiş adları haqqında rəsmi məlumatlar, coğrafi adların dövlət kataloquna və digər mənbələrə əsasən hazırlanır və coğrafi obyekt adlarının lüğət və soraq kitabları şəklində (bundan sonra – lüğət və soraq kitabları) nəşr edilir.

3.2. Lüğət və soraq kitabları Nazirlik tərəfindən hazırlanır və nəşr etdirilir.

Lüğət və soraq kitabları, coğrafi obyektin növü və onun yerləşdiyi yer haqqında məlumat göstərilməklə, coğrafi obyektlərin Azərbaycan dilində uyğunlaşdırılmış adlarını özündə əks etdirməlidirlər. Coğrafi obyektlərin adları ilə bağlı digər məlumatlar, məlum nəşrin xüsusiyyətlərindən və onun təyinatından asılı olaraq verilir.

4.1. Coğrafi adların dövlət kataloqu (bundan sonra-dövlət kataloqu) bu adların qorunub saxlanılmasını, Azərbaycan Respublikasında adların eyni cür və sabit işlədilməsini təmin etmək, həmçinin Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarını, təşkilatları, media subyektlərini və vətəndaşları coğrafi obyektlərin adları haqqında rəsmi məlumatlarla təmin etmək məqsədi ilə Azərbaycan dilində yaradılır.

Dövlət kataloqu coğrafi obyektlərin adları olan və bu adlarla əlaqədar əlavə məlumatlar da göstərilməklə sistemləşdirilmiş siyahı formasında aparılır.

4.2. Dövlət kataloqunun yaradılması və aparılması işləri coğrafi obyektlərə adların verilməsi və coğrafi obyektlərin adlarının dəyişdirilməsinə dair normativ hüquqi aktlara, xəritəçilik, sorğu materiallarına və digər mənbələrə əsasən Nazirlik aparır.

Dövlət kataloqunda olan məlumatların qorunub saxlanılmasını, yeniləşdirilməsini, işlənilməsini və məlumatların istifadəçilərin sorğusu ilə tez verilməsini təmin etmək üçün avtomatlaşdırılmış məlumat-axtarış sistemi yaradılır.

4.3. Dövlət kataloqunun strukturu və tərkibi (məzmunu), həmçinin dövlət kataloqunun aparılması və dövlət kataloqunda olan məlumatların istifadəçiyə təqdim olunması üzrə təlimatlar marağı olan müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının təklifləri nəzərə alınmaqla hazırlanır və Nazirlik tərəfindən təsdiq edilir.

4.4. Dövlət kataloquna adları daxil edilmiş coğrafi obyektlərə, kontinental şelfə, Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan sektorunda Azərbaycan tədqiqatçıları tərəfindən kəşf edilmiş coğrafi obyektlərin Azərbaycan Respublikasının dövlət dilinin normaları nəzərə alınmaqla müəyyənləşdirilmiş və dəqiqləşdirilmiş adlarına qeydiyyat nömrəsi, bütün digər coğrafi obyektlərə isə identifikasiya nömrəsi verilir.

4.5. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, həmçinin onların tabeliyində olan təşkilatlar Nazirliyin sorğusu üzrə dövlət kataloqunun yaradılması və aparılması üçün coğrafi obyektlərin adları haqqında zəruri olan məlumatları təqdim edirlər.

1. 2 noyabr 2016-cı il tarixli 436 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2016-cı il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1924)

2. 4 sentyabr 2023-cü il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 6 sentyabr 2023-cü il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1323)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver