Qanunvericilik › Damazlıq heyvandarlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Damazlıq heyvandarlığa dövlət nəzarətinin həyata keçirilməsi

Damazlıq heyvandarlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Damazlıq heyvandarlığa dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

6.2. Damazlıq heyvandarlığa dövlət nəzarəti aşağıdakıları əhatə edir:

6.2.1. damazlıq heyvandarlıq sahəsində vahid elmi-texniki siyasəti formalaşdırmaq və həyata keçirmək;

6.2.2. damazlıq heyvandarlıq üzrə proqramların, o cümlədən müvafiq heyvan növləri və cinsləri, həmçinin damazlıq heyvandarlıq təsərrüfatları üzrə seleksiya-damazlıq proqramlarının işlənib hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;

6.2.3. damazlıq ehtiyatlarının sınağını və ekspertizasını aparmaq;

6.2.4. damazlıq heyvandarlıq sahəsində standartları və normaları müvafiq dövlət orqanları ilə birlikdə hazırlamaq və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək;

6.2.5. damazlıq heyvandarlıq subyektlərindən aldığı məlumatlar əsasında heyvanların hər bir növü və cinsi üzrə dövlət reyestrini və dövlət damazlıq kitablarını tərtib etmək, təsərrüfatların uçotunu aparmaq;

6.2.6. damazlıq ehtiyatlarının məhsuldarlıq və damazlıq keyfiyyətlərini təsdiq edən pasportu (şəhadətnaməni) və sertifikatı tərtib etmək, onların hazırlanmasına, saxlanmasına, uçotuna və verilməsinə nəzarət etmək;

6.2.7. damazlıq heyvandarlıq sahəsində sığorta müqaviləsinin qüvvədə olduğu müddəti və ərazi biotexnoloji üsulların tətbiqi şərtlərini müəyyən etmək;

6.2.8. ölkədən kənara çıxarılmasına məhdudiyyət qoyulan nadir genotipə aid damazlıq heyvanların siyahısını müəyyən etmək və təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

6.2.9. damazlıq heyvandarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək;

6.2.10. damazlıq heyvandarlığın dövlət tərəfindən dəstəklənməsi, dövlət büdcəsindən maliyyələşən damazlıq işləri və tədbirləri haqqında təkliflər hazırlamaq və müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

6.2.11. azsaylı və nəsli kəsilmək təhlükəsi olan yerli heyvan cinslərinin qorunub saxlanması üzrə tədbirlər işləyib hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;

6.2.12. damazlıq heyvandarlıq sahəsində beynəlxalq tədbirlərdə iştirak etmək;

6.2.13. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

6.3. Sahibkarlara münasibətdə damazlıq heyvandarlığa dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver