8.1. Damazlıq heyvanların və heyvan qruplarının identikləşdirilməsini aparmaq, mənşəyini, təsərrüfat əhəmiyyətini və istifadə təyinatını müəyyən etmək üçün onların dövlət qeydiyyatı aparılır.
8.2. Dövlət damazlıq kitabında müəyyən cinsə aid yüksək məhsuldar və damazlıq pasportu (şəhadətnaməsi) olan hər bir damazlıq heyvan haqqında məcmu məlumatlar əks olunur.
8.3. Damazlıq heyvanların dövlət reyestrinə heyvan növləri üzrə mövcud cinslərin və cinsdaxili qrupların, həmçinin seleksiya nailiyyəti hesab edilən damazlıq ehtiyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məlumatları daxil edilir.
8.4. Damazlıq heyvanların dövlət reyestri və dövlət damazlıq kitabı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
8.5. Damazlıq heyvanların dövlət reyestri və dövlət damazlıq kitabının tərtibi üçün tələb olunan məlumatların damazlıq heyvandarlıq subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir.
8.6. Damazlıq heyvanların dövlət reyestrinin və dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
8.7. Seleksiya nailiyyətləri hesab edilən damazlıq ehtiyatlarının patent mühafizəsi qaydası seleksiya nailiyyətləri haqqında qanunvericiliklə tənzimlənir.