Qanunvericilik › Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Daşınar əmlakın yüklülüyünün növləri

Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür.

4.2. Dövlət və bələdiyyə yüklülüyünə aşağıdakılar daxildir:

4.2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinə uyğun olaraq, vergi orqanı tərəfindən vergi borclarının, onlara hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının vergiödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması və ya dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilməsi;

4.2.2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.9-1.3 – 85.9-1.4-cü maddələrinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün girov müqaviləsinin bağlanması və vergi ödəyicisinin mülkiyyətində olan və satış üçün yararlı daşınar əmlakının siyahıya alınması və həmin Məcəllənin 89.1-ci maddəsinə uyğun olaraq, vergi orqanı tərəfindən vergi borcları, onlara hesablanmış faizlər və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakının siyahıya alınması;

4.2.3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin cari, valyuta və digər hesablarından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verilməsi;

4.2.3-1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsinə uyğun olaraq, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində verilmiş material, avadanlıq və digər əmlakın siyahıya alınması;

4.2.4. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə uyğun olaraq, gömrük orqanı tərəfindən vaxtında ödənilməmiş gömrük borclarının ödəyicidən tutulması üçün vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, banka icra (ödəniş) sənədi verilməsi;

4.2.5. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 250.2-ci maddəsinə uyğun olaraq, gömrük orqanı tərəfindən həm mövcud, həm də yarana biləcək gömrük borclarına görə təminat götürülməsi;

4.2.6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən daşınar əmlak barəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi;

4.2.7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinə uyğun olaraq, məhkəmə tərəfindən daşınar əmlak barəsində iddianı təmin etmə tədbirinin görülməsi;

4.2.8. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248-ci və 249-cu maddələrinə uyğun olaraq, məhkəmə tərəfindən mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə daşınar əmlak üzərinə həbs qoyulması;

4.2.9. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən məcburi icra tədbiri kimi daşınar əmlak üzərinə həbs qoyulması;

4.2.10. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, banka və ya digər kredit təşkilatına, elektron pul təşkilatına pul vəsaitlərinin tutulmasına dair tələblərin göstərildiyi icra sənədinin təsdiq olunmuş surətinin verilməsi.

4.3. Xüsusi yüklülüyə aşağıdakılar daxildir:

4.3.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 263-268-ci maddələrinə uyğun olaraq, daşınar əmlakın uzufruktu;

4.3.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovu;

4.3.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 606-cı maddəsinə uyğun olaraq mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt;

4.3.4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 698.1-ci maddəsinə uyğun olaraq, kirayəyə verənin girov hüququ;

4.3.5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 702.1-ci maddəsinə uyğun olaraq, icarəçinin girov hüququ;

4.3.6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 716-cı maddəsinə uyğun olaraq, icarəyə verənin girov hüququ;

4.3.7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə uyğun olaraq, daşınar əmlakın lizinqi;

* (4.3.7-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

4.3.8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 757-ci maddəsinə uyğun olaraq, podratçının hazırladığı daşınar əşyaya girov hüququ;

4.3.9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 820.1-ci maddəsinə uyğun olaraq, komisyonçunun təminat (girov) hüququ;

4.3.10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 830.3-cü maddəsinə uyğun olaraq, anbar sahibinin girov hüququ;

4.3.11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 836.3-cü maddəsinə uyğun olaraq, mehmanxana və ya restoran sahibinin girov hüququ;

4.3.12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 860.1-ci maddəsinə uyğun olaraq, daşıyıcının yükə girov hüququ;

4.3.13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 48-ci fəslinə uyğun olaraq, daşınar əmlakın rentası;

4.3.14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655-ci maddəsinə uyğun olaraq, pul tələbinin faktora güzəşt edilməsi hüququ;

4.3.15. əsas öhdəliyin icrasının təmini üsulu olan digər yüklülüklər.

4.4. Dövlət orqanları və bələdiyyələr mülki hüquq münasibətlərində çıxış etdikləri zaman bu Qanunun 4.3-cü maddəsində göstərilən yüklülüklər üzrə yüklülük sahibi ola bilərlər.

4.5. Dövlət orqanının, bələdiyyənin və ya məhkəmənin qərarı əsasında yüklülük bu Qanunun 4.2-ci maddəsində, müqavilə əsasında yaranan yüklülük bu Qanunun 4.3.1-4.3.3-cü, 4.3.7-ci, 4.3.13-4.3.15-ci maddələrində, qanun əsasında yaranan yüklülük isə bu Qanunun 4.3.4-cü-4.3.6-cı və 4.3.8-4.3.12-ci maddələrində nəzərdə tutulmuş hallarda yaranır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver