Qanunvericilik › Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Dövlət reyestrinin açıqlığı

Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Dövlət reyestrində qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların Sistem vasitəsilə təqdim edilən və elektron imza ilə imzalanmış müraciətləri əsasında verilir. Müraciət hüquq sahibinin səlahiyyətli nümayəndəsi və ya vərəsəsi tərəfindən təqdim edildikdə müvafiq olaraq səlahiyyətin verilməsini və vərəsəliyin müəyyən edilməsini təsdiq edən sənədə dair rekvizitlər müraciətə əlavə olunur. Qeydiyyat orqanı həmin rekvizitlər əsasında müvafiq sənədləri Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edir. Belə sənədlərin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadıqda, onların təqdim edilməsi Sistem vasitəsilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur.

5.1-1. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə (daşınmaz əmlak barəsində notariat hərəkətinin aparılması ilə bağlı notarius və qanunla müəyyən edilmiş hallarda notariat hərəkətini aparmağa hüququ olan digər vəzifəli şəxslər istisna olmaqla) daşınmaz əmlakın dövlət reyestrinin məlumatları dövlət informasiya ehtiyatları və sistemləri arasında inteqrasiya qaydasında və ya əsaslandırılmış sorğular əsasında verilir. Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir.

5.1-2. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən bu Qanunun 5.6-cı maddəsində nəzərdə tutulan məlumat və sənəd mübadiləsi qaydasında EHİS vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin sənəd və məlumatlar müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur.

5.1-3. İpoteka qoyulan daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, ipoteka fondları, ipoteka saxlayan banklar və digər kredit təşkilatlarının informasiya sistemləri ilə Sistem arasında əlaqə yaradılır.

5.1-4. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34-2.0.8-ci maddəsində nəzərdə tutulmuş məlumatlar Sistemdən sorğu əsasında real vaxt rejimində İcbari Sığorta Bürosuna ötürülür.

5.3. Qeydiyyat orqanı 1 iş günü müddətində müraciət etmiş şəxsə arayışı və ya əsaslandırılmış imtina məktubunu elektron formada Sistem vasitəsilə təqdim etməlidir.

5.4. Hüquq sahibinin Sistem vasitəsilə təqdim edilən sorğusuna əsasən ona məxsus olan daşınmaz əmlak haqqında qeydiyyat orqanının digər şəxslərə verdiyi arayışlar (məlumatlar) barədə bildiriş həmin sorğu verildikdən sonra 1 iş günü müddətində qeydiyyat orqanı tərəfindən Sistem vasitəsilə hüquq sahibinə göndərilməlidir. Sorğunun və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

5.5. Dövlət reyestrindəki məlumatlardan hüquq sahibinin qanuni mənafelərinə ziyan vuracaq üsul və formalarda istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

5.6. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsinin, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və dövlət reyestrində həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) təsdiqləndikdən dərhal sonra elektron formada dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistem vasitəsilə dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır. Bu zaman dövlət reyestrindən elektron formada sənədlərin və məlumatların təqdim edilməsi, eləcə də notariat hərəkətinin nəticəsi olan sənədlərin dövlət reyestrinə ötürülməsi ilə bağlı ödənişlərin həyata keçirilməsi qaydası, həmçinin elektron informasiya sistemləri vasitəsilə məlumat mübadiləsinin təhlükəsizliyinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

5.7. Dövlət reyestrindən arayışların və onun əldə edilməsi üçün ərizələrin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver