Qanunvericilik › Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası

Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır:

9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən EHİS vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur;

9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması;

9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi;

9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınmaz əmlak üzərində hüquqların ilkin qeydiyyatı ilə bağlı ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı ilə bağlı bu Qanunun 9.1.1-ci maddəsinə uyğun olaraq göndərilən ərizələr 1 iş günü müddətində icra olunur. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir.

9.2-1. Hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) daşınmaz əmlakın dövlət kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və daşınmaz əmlakın dövlət kadastrında müvafiq düzəlişlər edilir.

9.3. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9.4. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır.

9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın Sistem vasitəsilə təqdim olunması 3 gün müddətində həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver