Nazirlik sistemində əməkdaşların və hərbi qulluqçuların məişət təminatının yaxşılaşdırılması üzrə görülən işlər çərçivəsində istismara verilən yataqxanaların fəaliyyətinin tənzimlənməsi, o cümlədən təchizatı və saxlanılması qaydalarının, bu işə cavabdeh şəxslərin hüquq və vəzifələrinin müəyyən edilməsi, habelə «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.32-ci yarımbəndinin icrasının təmin olunması məqsədilə həmin normativ hüquqi aktın 4.1.18 və 5.3.6-cı yarımbəndlərini rəhbər tutub,
1. «Daxili İşlər Nazirliyinin yataqxanaları haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Qərar respublika daxili işlər orqanlarında və Daxili Qoşunlarda elan olunsun.
3. Qərar «Hüquqi aktların Dövlət Reyestri»ndə qeydiyyata alınması üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə göndərilsin.
4. Qərarın icrasına nəzarət Təchizat İdarəsinə və Daxili Qoşunların Baş İdarəsinə həvalə olunsun.
Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin 7 fevral 2012-ci il tarixli
Q3-001-12 nömrəli qərarı ilə təsdiq
1.1. Daxili İşlər Nazirliyinin yataqxanaları haqqında Əsasnamə (bundan sonra Əsasnamə) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (bundan sonra Nazirliyin) balansında olan yataqxanaların (bundan sonra yataqxana) fəaliyyəti, təyinatı, o cümlədən yataqxanalara qeydiyyata alınma və çıxarılma, onların təchizatı və saxlanılması qaydalarını, fəaliyyətinə cavabdeh olan və orada yaşayan şəxslərin hüquq və vəzifələri ilə bağlı məsələləri tənzimləyir.
1.2. Yataqxanaların fəaliyyətinin təşkili prosesində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, o cümlədən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, Nazirliyin normativ-hüquqi aktları və bu Əsasnamə rəhbər tutulur.
1.3. Yataqxana Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı yaşayış sahəsidir. Yataqxanada yaşayış sahəsi - yalnız daimi yaşayış yerindən kənar başqa şəhər və rayonda xidmət keçməyə təyinat alan, xidmət yeri dəyişdirilən və bu xüsusatlarla əlaqədar yeni xidmət yerində yaşayış sahəsi olmayan daxili işlər orqanlarının əməkdaşlarına, Daxili Qoşunların hərbi qulluqçularına verilir və xidmət dövründə onların ailə üzvləri də daxil olmaqla müvəqqəti yaşaması üçün nəzərdə tutulur. Əsasnamənin 2.4-cü bəndi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla digər hallarda əməkdaşlara və hərbi qulluqçulara yataqxanada yaşayış sahəsi ayrılmır.
1.4. Yataqxananın saxlanılmasının vəziyyətinə nəzarəti və kommunal-istismar təminatını onun yerləşdiyi ərazinin polis orqanının rəisi və ya hərbi hissənin komandiri həyata keçirir.
1.5. Yataqxananın bilavasitə idarə olunması ərazi polis orqanının təminat hissəsinin kiçik inspektoruna, Daxili Qoşunlarda komendanta tapşırılır.
1.6. Yataqxana Nazirliyin ərazi polis orqanlarının və ya Daxili Qoşunların hərbi hissələrinin balansında olan dövlət mülkiyyətidir. Yataqxana özəlləşdirilə bilməz.
2.1. Əməkdaş və ya hərbi qulluqçu yataqxanaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.04.2010-cu il tarixli 80 nömrəli Qərarı ilə təsdiqlənmiş «Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması»na uyğun olaraq hazırlanmış kirayə müqaviləsi (əlavə №1) əsasında yerləşdirilir.
2.2. Kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında polis orqanı rəisinin və ya hərbi hissə komandirinin qərarı əsasında bağlanılır, bu barədə «Yataqxanada yaşayan əməkdaşların və ya hərbi qulluqçuların uçotu kitabı»nda (əlavə №2) müvafiq qeydlər aparılır.
2.3. Əməkdaşların və ya hərbi qulluqçuların yataqxanaya yerləşdirilməsi zamanı ailəli olanlara üstünlük verilir.
2.4. Xidməti tapşırığı yerinə yetirmək üçün ezam olunmuş əməkdaşların və ya hərbi qulluqçuların müvəqqəti olaraq yataqxanaya yerləşdirilməsi məqsədilə xüsusi otaqlar ayrılır.
2.5. Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əməkdaşın və ya hərbi qulluqçunun xidmət keçdiyi müddəti əhatə edir. Xidmətdən xaric olunma yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
2.6. Aşağıdakı hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilir:
2.6.1. xəstəliklə əlaqədar birgə yaşayış qeyri-mümkün olduqda;
2.6.2. müntəzəm olaraq daxili intizam qaydaları pozulduqda, sakinlərlə kobud rəftar edildikdə;
2.6.3. altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödənilmədikdə;
2.6.4. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda;
2.6.5. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda;
2.6.6. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə.
2.7. Kirayə müqaviləsi ləğv edildikdə və ya ona xitam verildikdə, əməkdaşlar və ya hərbi qulluqçular ailə üzvləri ilə birlikdə yaşayış sahələrini boşaltmalıdırlar.
2.8. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, itkin düşmüş və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş əməkdaşların və ya hərbi qulluqçuların ailə üzvləri yataqxanadan digər yaşayış sahəsi ilə təmin edildikdən sonra çıxarılır.
2.9. Daxili işlər orqanlarında və Daxili Qoşunlarda pensiyaya çıxanlar 3 ay müddətində yataqxanadan çıxarılırlar.
3.1. Yataqxanada mənzillərin quruluşu və sahəsi tikinti norma və qaydalarına əsasən müəyyən olunur. Bütün yataqxanalar zəruri kommunikasiya vasitələri, elektrik, su, qaz və istilik ilə təchiz edilir.
3.2. Yataqxanada yerləşən yardımçı otaqlar ümumi istifadə üçün nəzərdə tutulur.
3.3. Yaşayış sahələri mebel ilə və əməkdaşların və hərbi qulluqçuların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir.
3.4. Kommunal xidmətlərə görə xərclər yataqxananın sakinləri tərəfindən ödənilir.
3.5. Yataqxananın daxili intizam qaydaları polis orqanının rəisi və ya hərbi hissə komandiri tərəfindən təsdiqlənir.
4.1. Ərazi polis orqanının rəisi və ya hərbi hissənin komandiri:
4.1.1. Yataqxananın, mühəndis qurğularının, kommunikasiya xətlərinin düzgün texniki istismarına, təchizatına, vaxtlı-vaxtında keyfiyyətli təmirinə nəzarət etmək;
4.1.2. yataqxananın lazımi avadanlıq və inventarla təmin edilməsi üçün vəsatət qaldırmaq;
4.1.3. yataqxanada icazəsiz rekonstruksiya işlərinin aparılmasının, müvafiq icazə alınmadan boş otaqlarda məskunlaşmanın qarşısını almaq;
4.1.4. yataqxanada cari və əsaslı təmir işlərini təşkil etmək.
4.2. Ərazi polis orqanının təminat hissəsinin kiçik inspektoru, Daxili Qoşunlarda komendant:
4.2.1. binada sanitar və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək, bu sahədə yol verilmiş pozuntuların aradan qaldırılması üçün tədbirlər görmək;
4.2.2. kommunal xərclərin vaxtında ödənilməsinə nəzarət etmək;
4.2.3. yataqxanada su, qaz təchizatının, istilik sisteminin və elektrik şəbəkəsinin normal və fasiləsiz işləməsini təmin etmək;
4.2.4. yataqxananın ərazisində yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılmasını təşkil etmək;
4.2.5. boşalmış mənzillər barədə aidiyyəti üzrə məlumat vermək.
4.2.6. hər mərtəbə üzrə təxliyyə planı hazırlayaraq görünən yerlərdə asmaq;
4.2.7. kommunal sistemdə qəza, yanğın baş verdikdə müvafiq xidmətlərin çağırılmasını, ilkin olaraq yanğının və ya qəzanın mövcud qüvvələrlə aradan qaldırılmasını, insanların, xidməti sənədlərin, əmlakın köçürülməsini təşkil etmək;
4.2.8. daxili intizam qaydalarına nəzarət etmək, rübdə bir dəfə ərazi polis orqanının rəisinə və hərbi hissənin komandirinə hesabat vermək.
4.2.9. baş vermiş hadisələr barədə aidiyyəti orqanların təxirəsalınmadan məlumatlandırılmasını təmin etmək;
4.2.10. müvafiq icazə olmadan kənar şəxslərin yataqxanaya daxil olmasının qarşısını almaq.
4.3. Yataqxana sakinləri:
4.3.1. daxili intizam qaydalarına riayət etmək;
4.3.2. kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin istifadəsinə verməmək;
4.3.3. yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək;
4.3.4. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək;
4.3.5. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq;
4.3.6. yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək;
4.3.7. elektrik, qaz və digər cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin 7 fevral 2012-ci il tarixli
Q3-001-12 nömrəli qərarı ilə təsdiq
edilmiş Əsasnaməyə 1 nömrəli əlavə
Bundan sonra Kirayəyə verən adlandırılacaq yataqxanada yaşayış sahəsinin mülkiyyətçisinin adından çıxış edən
_________________________________________________________________________________
şəxsində bir tərəfdən və bundan sonra Kirayəçi adlandırılacaq vətəndaş
_________________________________________________________________________________
digər tərəfdən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsi haqqında «_____» «____________» 20__ il tarixli «_____» nömrəli qərar əsasında Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq aşağıdakı şərtlər daxilində bu Müqaviləni bağladılar:
1.1. Bu Müqaviləyə görə Kirayəyə verən _______________________________________
___________ küçəsi, _____ nömrəli evdə, _________ nömrəli mənzildə yerləşən, dövlət mənzil fonduna aid, ümumi sahəsi _______ kv. metrdən, yaşayış hissəsi ________ kv. metrdən ibarət _______ otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, xidmət müddətinə Kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.
1.2. Kirayəçinin ailə üzvləri:
2.1. Kirayəyə verənin yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın vaxtında ödənilməsini tələb etmək hüququ vardır (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla).
2.2. Bu Müqavilə üzrə Kirayəyə verənin aşağıdakı vəzifələri vardır:
2.2.1. digər şəxslərin hüquqlarından azad olan və yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliyin digər tələblərinə cavab verən yaşayış sahəsini təhvil aktına əsasən Kirayəçiyə vermək;
2.2.2. yaşayış sahəsinin yerləşdiyi yataqxananın ümumi əmlakının lazımınca saxlanmasında və təmirində iştirak etmək;
2.2.3. yaşayış sahəsinin əsaslı təmirini aparmaq;
2.2.4. Kirayəçiyə kommunal xidmətlərin göstərilməsini təmin etmək;
2.2.5. yataqxananın əsaslı təmiri və ya yenidən qurulması aparılarkən, əgər belə əsaslı təmir və ya yenidənqurma işlərinin kirayəçi çıxarılmadan aparılması mümkün olmazsa, bu barədə işlərin başlanmasına ən azı otuz təqvim günü qalmış Kirayəçini məlumatlandırmalı, bu Müqavilə ləğv edilmədən, əsaslı təmirin və ya yenidənqurmanın aparıldığı müddət ərzində Kirayəçiyə və onun ailə üzvlərinə göstərilən binada yerləşən digər yaşayış sahəsi vermək;
2.2.6. bu Müqavilə ləğv edildikdən və ya ona xitam verildikdən sonra tərəflərin razılaşdıqları müddətdə, tərəflərin razılaşa bilmədiyi halda, bir ay ərzində yaşayış sahəsinin təslim aktına əsasən yaşayış sahəsini Kirayəçidən qəbul etmək.
2.3. Kirayəçinin öz ailə üzvlərini (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri; habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar; məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsinə köçürmək hüququ vardır.
2.4. Bu Müqavilə üzrə Kirayəçinin aşağıdakı vəzifələri vardır:
2.4.1. yaşayış sahəsini təhvil aktına əsasən Kirayəyə verəndən təhvil almaq;
2.4.2. kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin istifadəsinə verməmək;
2.4.3. yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək;
2.4.4. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək;
2.4.5. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq;
2.4.6. yaşayış sahəsinin cari təmirini aparmaq;
2.4.7. yataqxananın əsaslı təmiri və ya yenidən qurulması aparılarkən, əgər belə əsaslı təmir və ya yenidənqurma işlərinin Kirayəçi çıxarılmadan aparılması mümkün olmazsa, bu Müqavilə ləğv edilmədən, əsaslı təmirin və ya yenidənqurmanın aparıldığı müddət ərzində Kirayəçiyə və onun ailə üzvlərinə göstərilən binada yerləşən Kirayəyə verən tərəfindən təqdim edilən digər yaşayış sahəsinə köçmək (digər yaşayış sahəsinə və geriyə köçmə Kirayəyə verənin hesabına həyata keçirilir);
2.4.8. yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla);
2.4.9. yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə on iş günündən gec olmayaraq, Kirayəyə verəni məlumatlandırmaq.
2.5. Kirayəçinin ailə üzvləri bu Müqavilə üzrə Kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər.
3.1. Kirayəçi yaşayış sahəsindən istifadəyə görə ______ manat məbləğində kirayə haqqını hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək Kirayəyə verənə ödəməlidir (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla).
3.2. Kirayəçi yaşayış sahəsinin saxlanması, təmiri, habelə kommunal xidmətlərə görə haqqı idarəedici təşkilata müəyyən edilmiş qaydada ödəməlidir (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla).
3.3. Kirayəyə verən istifadə haqqının (kirayə haqqının) dəyişdirilməsi barədə həmin haqqın digər miqdarda ödənilməsi üçün əsas olan ödəniş sənədlərini təqdim etməzdən otuz gün əvvəl belə dəyişmənin qanuni əsaslarını göstərməklə Kirayəçini məlumatlandırmalıdır (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla).
4.1. Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
4.2. Kirayəyə verən yaşayış sahəsinin, onun yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakının, yaşayış sahəsində yerləşən və kommunal xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş avadanlığın vaxtlı-vaxtında əsaslı təmirini aparmaq vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Kirayəçi öz seçimi ilə istifadə etdiyi yaşayış sahəsinə, çoxmənzilli binanın ümumi əmlakına görə istifadə haqqının azaldılmasını və ya Kirayəyə verənə otuz gün əvvəldən yazılı xəbərdarlıq etməklə yaşayış sahəsində və (və ya) çoxmənzilli binanın ümumi əmlakında çatışmazlıqların aradan qaldırılmasına çəkilən xərclərin əvəzinin ödənilməsini, yaxud Kirayəyə verənin göstərilən vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb edə bilər.
4.3. Kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
4.4. Tərəflər, onların iradəsindən asılı olmayan hadisələr və proseslər nəticəsində (fövqəladə hallarda, hərbi əməliyyatlarda və ya digər fors-major hallarında) bu Müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirə bilmədikdə, onların icrası həmin səbəblər aradan qaldırılana qədər dayandırılır.
5.1. Tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər.
5.2. Kirayəçi istənilən vaxt bu Müqaviləni ləğv edə bilər.
5.3. Kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur.
5.4. Aşağıdakı hallarda bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər:
5.4.1. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə;
5.4.2. Kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə olan borcunu ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla);
5.4.3. Kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda;
5.4.4. yataqxanada birgə yaşayışı qeyri-mümkün edən hərəkətlər nəticəsində qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda;
5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə.
5.5. Bu Müqaviləyə həmin yaşayış sahəsinin məhv olması, itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan Kirayəçinin vəfatı ilə əlaqədar və ya Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.
5.6. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş əməkdaşların və ya hərbi qulluqçuların ailə üzvləri yataqxanadan digər yaşayış sahəsi ilə təmin edildikdən sonra çıxarılır.
5.7. Xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi bu Müqavilənin xitamına səbəb olur.
5.8. Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər:
5.8.1. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri; habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar; məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda;
5.8.2. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri; habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar; məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə;
5.8.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə.
6.1. Bu Müqavilənin bağlanması və yerinə yetirilməsi prosesində yaranmış mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll olunur.
6.2. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilməklə, bir nüsxəsi Kirayəyə verəndə, digər nüsxəsi isə Kirayəçidə saxlanılır.
_____________________________________
_____________________________________
_____________________________________
__________________________________
«______» _________________ ____ il
_____________________________________
_____________________________________
_____________________________________
____________________________________
___________________________________
«______» _________________ _____ il
1. 10 iyul 2012-ci il tarixli Q14-001-12 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207100112, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 iyul 2012-ci il)
2. 3 noyabr 2020-ci il tarixli Q45-001-20 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011030045, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 noyabr 2020-ci il)
3. 28 dekabr 2021-ci il tarixli Q22-001-21 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202112280022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 yanvar 2022-ci il)