22.1. Şəxsi, ailə, ev və sifarişçinin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı olmayan ehtiyaclar üçün xidmətlər və (və ya) işlər üzrə tələblər istisna olmaqla, dəniz terminalının operatoruna qarşı yükün aşırılması müqaviləsindən irəli gələn tələblər üzrə məhkəmədə iddia irəli sürülənədək dəniz terminalının operatoruna qarşı pretenziya verilməlidir.
22.2. Yükün aşırılması müqaviləsindən irəli gələn pretenziyalar dəniz terminalının operatoruna qarşı tələblərin irəli sürülməsi üçün əsas olan hadisələrin baş verdiyi gündən etibarən 6 (altı) ay müddətində irəli sürülə bilər. Dəniz terminalının operatoru həmin tələblərin irəli sürülmə müddətinin ötürülməsinin səbəblərini üzrlü hesab etdiyi təqdirdə, bu maddə ilə müəyyən olunmuş müddətin bitməsindən sonra pretenziyanı baxılmaq üçün qəbul edə bilər.
22.3. Yükün aşırılması müqaviləsindən irəli gələn pretenziyalar yazılı formada təqdim edilir və pretenziyaya irəli sürülmüş tələbləri təsdiq edən sənədlər, o cümlədən yükün çəkisini, yük yerlərinin sayını və yükün dəyərini təsdiq edən sənədlər əlavə olunmalıdır.
22.4. Dəniz terminalının operatoru yükün aşırılması müqaviləsindən irəli gələn pretenziyaya onun alındığı gündən etibarən 30 (otuz) gün müddətində baxmalı və bu tələbin təmin edilməsi (o cümlədən qismən təmin edilməsi), yaxud imtina edilməsi haqqında ərizəçini yazılı şəkildə məlumatlandırmalıdır. Pretenziyanın qismən təmin edilməsi, yaxud imtina edilməsi halında dəniz terminalının operatoru qanunlara və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına əsasən qəbul edilmiş qərarı əsaslandırmalıdır. Pretenziyanın qismən təmin edilməsi, yaxud imtina edilməsi haqqında yazılı formada məlumatla birlikdə ərizəçiyə tələb irəli sürülərkən təqdim edilmiş sənədlər qaytarılır.
22.5. Dəniz terminalının operatoruna yükün aşırılması müqaviləsindən irəli gələn pritenziyanın təqdim edildiyi gündən etibarən iddia müddətinin axımı pretenziyaya dair cavabın alınmasına, yaxud cavab üçün müəyyən olunmuş müddətin bitməsinədək dayandırılır.
22.6. Yükün aşırılması müqaviləsindən irəli gələn iddialar belə iddiaların irəli sürülməsi üçün əsas təşkil edən hadisələrin baş verdiyi gündən etibarən 1 (bir) il müddətində irəli sürülə bilər.