26.1. Liman infrastrukturunun aşağıdakı obyektləri müstəsna olaraq dövlət mülkiyyətidir:
26.1.1. giriş kanalları üçün nəzərdə tutulan sualtı qurğular;
26.1.2. gəmilərin hərəkətini idarəetmə sistemləri;
26.1.3. liman infrastrukturunun fəlakət zamanı qlobal dəniz sisteminin fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan obyektləri;
26.1.4. naviqasiya avadanlığı vasitələri və dəniz yollarının naviqasiya-hidroqrafik təminatının digər obyektləri;
26.1.5. informasiya sistemləri, dəniz üzgüçülüyünə və dəniz üzgüçülüyünün idarə edilməsinə vahid nəzarət sisteminin obyektləri və vasitələri;
26.1.6. sahil-müdafiə qurğuları, dalğaqıranlar, dambalar, torpaq və daş bəndlər, pirslər, körpülər;
26.1.7. limanda dövlət orqanlarının fəaliyyətinin təmin edilməsi üçün istifadə olunan liman infrastrukturu obyektləri;
26.1.8. dəmiryol və avtomobil keçid yolları, rabitə xətləri, istilik, qaz, su və elektrik təchizatı qurğuları, iki və daha artıq dəniz terminalının istismarı üçün istifadə edilən digər qurğular, mühəndis kommunikasiyaları;
26.1.9. buzqıranlar və limanın digər gəmiləri (xüsusi xilasetmə gəmiləri).
26.2. Bu Qanun qüvvəyə minənədək hüquqi və ya fiziki şəxslərin vəsaiti hesabına yaradılmış, yaxud əldə olunmuş bu Qanunun 26.1.1-26.1.9-cu maddələrində göstərilmiş liman infrastruktur obyektləri onların mülkiyyətindədir.
26.3. Azərbaycan Respublikasının su, torpaq, mülki və ticarət gəmiçiliyi qanunvericiliyində başqa qayda nəzərdə tutulmadıqda, bu Qanunun 26.1.1-26.1.9-cu maddələrində göstərilmiş liman infrastrukturunun obyektləri hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilər.