Qanunvericilik › Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Bu Qanunda istifadə edilən əsas anlayışlar

Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:

3.1.1. dəniz limanı (bundan sonra - liman) - xüsusi ərazidə və akvatoriyada yerləşən, ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yük ilə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan qurğular kompleksi;

3.1.2. liman idarəsi – limanın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə yaradılan və nizamnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hüquqi şəxs;

3.1.3. limanın infrastruktur obyektləri – limanın hidrotexniki qurğuları, gəmilərin dönmə akvatoriyası, daxili reydləri, lövbər dayanacaqları, tərsanələri, yedək, bələdçi və təchizat gəmiləri, buzqıran və limanın digər gəmiləri, naviqasiya avadanlığı vasitələri və dəniz yollarının naviqasiya-hidroqrafik təminatının digər obyektləri, gəmilərin hərəkətini idarəetmə sistemləri, avtomatlaşdırılmış informasiya sistemləri, yükləmə avadanlıqları, dəmiryol və avtomobil keçid yolları, rabitə xətləri, istilik, qaz, su və elektrik təchizatı qurğuları, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, limanda xidmətlərin göstərilməsi, dövlət nəzarətinin təmin edilməsi üçün nəzərdə tutulmuş digər qurğular, avadanlıqlar, mühəndis kommunikasiyaları, anbarlar, binalar və digər tikililər;

3.1.4. liman hidrotexniki qurğuları – su mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğular (sahil-müdafiə qurğuları, dalğaqıranlar, dambalar, torpaq və daş bəndlər, pirslər, körpülər, estakadalar, platformalar, giriş kanalları və sualtı qurğular);

3.1.5. körpü – gəmilərin dayanması, gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, o cümlədən sərnişinlərin gəmilərə minməsi və düşməsi, yük əməliyyatlarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş liman hidrotexniki qurğuları;

3.1.6. limanın infrastruktur obyektlərinin sahibləri – həmin obyektlərin mülkiyyətçisi olan və ya onlardan digər qanuni əsaslarla istifadə edən hüquqi və fiziki şəxslər;

3.1.7. dəniz terminalı – texnoloji cəhətdən bir-biri ilə bağlı olan, təyinatı və istifadəsi yük əməliyyatlarının həyata keçirilməsi, onların aşırılması, gəmilərə, digər nəqliyyat vasitələrinə və (və ya) sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulan limanın infrastruktur obyektlərinin məcmusu;

3.1.8. dəniz terminalının operatoru – dəniz terminalının istismarını, yük əməliyyatlarını, onların aşırılmasını, o cümlədən gəmilərə, digər nəqliyyat vasitələrinə və (və ya) sərnişinlərə xidmətlərin göstərilməsini həyata keçirən hüquqi və fiziki şəxslər;

3.1.9. daxili reyd – liman akvatoriyasının daxilində xüsusi ayrılmış, gəmilərə xidmət göstərilməsi və yük əməliyyatlarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş su sahəsi;

3.1.10. xarici reyd – liman akvatoriyasının xaricində Azərbaycan Respublikasının ərazi sularında xüsusi ayrılmış, gəmilərin lövbərdə dayanması və onlara xidmət göstərilməsi üçün nəzərdə tutulmuş su sahəsi;

3.1.11. yükün aşırılması – beynəlxalq, yerli və tranzit daşımalar zamanı, o cümlədən limanın sərhədləri daxilində yükün yerdəyişməsi və texnoloji yığımı, yaxud texnoloji yığım aparılmadan yükün və (və ya) baqajın bir nəqliyyat növündən başqa nəqliyyat növünə yüklənməsi üzrə xidmətlərin və (və ya) işlərin kompleks növü;

3.1.12. yükün texnoloji yığımı – yükün aşırılması zamanı nəqliyyat vasitələrinin verilməsini gözləyən yük dəstlərinin qruplaşdırılması;

3.1.13. limanda göstərilən xidmətlərin istifadəçiləri (bundan sonra - istifadəçilər) – yükgöndərənlər (göndərənlər), yükalanlar (alanlar), gəmi sahibləri, daşıyıcılar, sərnişinlər, habelə hüquqi və fiziki şəxslər;

3.1.14. limanda göstərilən xidmətlər – liman akvatoriyasının daxilində və xaricində istifadəçilərə göstərilən xidmətlər;

3.1.15. limanın sərhədləri - onun ərazisinin və akvatoriyasının sərhədləridir;

3.1.16. limanın ərazisi – limanın sərhədləri daxilində səth suları ilə örtülməmiş torpaq sahəsi (sahələri), o cümlədən süni surətdə yaradılmış torpaq sahəsi (sahələri);

3.1.17. limanın akvatoriyası – limanın sərhədləri daxilində su sahəsi;

3.1.18. süni surətdə yaradılmış torpaq sahəsi – limanda qruntun yuyulması, yaxud səpilməsi yolu ilə və ya başqa texnologiyalardan istifadə olunmaqla yaradılan torpaq sahəsi;

3.1.19. liman akvatoriyasının girəcəyi – limanın akvatoriyasına bitişik, lakin Azərbaycan Respublikasının ərazi sularında gəmilərin dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xüsusi ehtiyatla hərəkət etməli olduqları dəniz yollarının xarici reydləri və sahələri;

3.1.20. limanda qanunsuz müdaxilə aktı – “Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında” Konvensiyada nəzərdə tutulan gəminin və ya limanın təhlükəsizliyini təhdid edən hər hansı bir hərəkət;

3.1.21. daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxs;

3.1.22. təhlükəli yüklər - onlara xas olan xüsusiyyətlərdən asılı olaraq daşınma, yüklənmə, boşaltma və saxlanma prosesində ətraf mühitə zərər vura bilən, partlayışa, yanğına və ya nəqliyyat vasitələrinin, qurğuların, binaların və tikililərin zədələnməsinə, habelə insanların və heyvanların məhvinə, xəsarət almasına, zəhərlənməsinə, yanmasına, şüalanmasına və ya xəstələnməsinə səbəb olan maddələr və əşyalar;

3.1.23. gəmi agenti - gəminin limana gəlməsi, limanda olması və limandan çıxması ilə əlaqədar gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin maraqlarını limanlarda qoruyan, onları dövlət orqanlarında və liman idarəsində təmsil edən, digər rəsmiyyətləri yerinə yetirən, gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin adından maliyyə tapşırıqlarını icra edən və digər hərəkətləri həyata keçirən, gəmi agentinə dair BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş minimal tələblərə cavab verən hər hansı hüquqi və ya fiziki şəxs.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver