Qanunvericilik › "Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə"nin və "Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi"nin təsdiq olunması barədə Azərbaycan Respublikasının Qanunu › Tam mətn

"Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə"nin və "Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi"nin təsdiq olunması barədə Azərbaycan Respublikasının Qanunu

"Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə"nin və "Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi"nin təsdiq olunması barədə Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

II. “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi” təsdiq edilsin (əlavə olunur).

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2008-ci il

1. Dənizçinin şəxsiyyət sənədi (bundan sonra - şəxsiyyət sənədi) ticarət gəmiçiliyi məqsədilə istifadə edilən gəmidə (bundan sonra – gəmi) dənizçinin şəxsiyyətini təsdiq edən sənəd olmaqla, sahibinə Azərbaycan Respublikasının 2006-cı il 12 may tarixli Qanunu ilə qoşulmuş Beynəlxalq Əmək Təşkilatının “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli (dəyişdirilmiş) Konvensiyasına (bundan sonra - Konvensiya) uyğun olaraq işlədiyi gəmi ilə birlikdə və ya xaricdə işlədiyi gəmiyə çatmaq üçün fərdi qaydada Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququ verir.

1-1. Xaricdə işlədiyi gəmiyə çatmaq üçün fərdi qaydada ölkədən gedən vətəndaş şəxsiyyət sənədi ilə birlikdə həmin gəmi heyətinin tərkibində olmasını təsdiq edən sənədi (tərtib olunmuş gəmi heyətinin siyahısından çıxarış) sərhəd nəzarətindən keçərkən təqdim etməlidir.

1-2. Bu Əsasnamə şəxsiyyət sənədinin verilməsi, dəyişdirilməsi, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi və məlumatların şəxsiyyət sənədinin elektron daşıyıcısına (çipinə) daxil edilməsi, habelə həmin məlumatlardan istifadə qaydalarını müəyyən edir.

2. Şəxsiyyət sənədi gəmidə işləyən və ya təcrübə keçən Azərbaycan Respublikasının vətəndaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir.

3. Şəxsiyyət sənədi Konvensiyaya uyğun olaraq, gəmidə işləyən və ya təcrübə keçən Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə də verilir.

4. Şəxsiyyət sənədi müstəqil xarakter daşıyır və pasport hesab edilmir.

5. Şəxsiyyət sənədində Azərbaycan Respublikasının adı, Dövlət Gerbi, sənədin tipi, nömrəsi, sahibinin adı, soyadı, vətəndaşlığı, cinsi, doğulduğu tarix və yer, verilmə tarixi və etibarlılıq müddəti, verildiyi yer, şəxsiyyət sənədi sahibinin imzası, səciyyəvi əlamətləri, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun fotoşəkli, habelə şəxsiyyət sənədini verən orqanın adı, telefonu, internet səhifəsi göstərilir.

6. Şəxsiyyət sənədində elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcı (çip) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə və standartlarına uyğun olaraq, dəyişdirilməyən məlumatlardan ibarətdir. Şəxsiyyət sənədinin elektron daşıyıcısına (çipə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Əsasnamənin 6-1-ci maddəsində göstərilən məlumatlar daxil edilir.

6-1. Şəxsiyyət sənədinin elektron daşıyıcısına (çipə) aşağıdakı məlumatlar daxil edilir:

6-1.1. Azərbaycan Respublikasının adı, sənədin tipi, nömrəsi, sahibinin adı, soyadı, vətəndaşlığı, cinsi, doğulduğu tarix və yer, verilmə tarixi və etibarlılıq müddəti;

6-1.2. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun fotoşəkil;

6-1.3. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun olaraq müvafiq sertifikatlar.

7. Şəxsiyyət sənədi 5 illik müddətə verilir.

8. Şəxsiyyət sənədi verilən şəxs aşağıdakı sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir:

8.1. şəxsiyyət sənədinin verilməsi haqqında ərizə-anket (əlavə olunur);

8.2. şəxsin ixtisas şəhadətnaməsi (diplomu);

8.3. şəxsin gəmidə işlədiyini və ya təcrübə keçəcəyini təsdiq edən sənəd;

8.4. sağlamlıq haqqında tibbi arayış;

8.5. dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.

8-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) məsul əməkdaşı bu Əsasnamənin 8-ci maddəsində göstərilən sənədləri qəbul edir, ərizə-anketin düzgün doldurulduğunu yoxlayır. Ərizə-anketdəki məlumatlar əlavə sənəd tələb edilmədən dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməklə yoxlanılır. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur.

8-2. Şəxsiyyət sənədinin doldurulması “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra - İAMAS) vasitəsilə həyata keçirilir. Verilmiş şəxsiyyət sənədi, habelə onun aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir.

9. Dənizçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həyata keçirilir.

Şəxsiyyət sənədini verən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) iş qrafiki haqqında məlumatları, şəxsiyyət sənədinin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısını və ödənilməli olan dövlət rüsumunun məbləğini özünün rəsmi internet səhifəsində və inzibati binasında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirməlidir.

10. Şəxsiyyət sənədini verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) məsul əməkdaşı şəxsiyyət sənədinin verilməsi barədə ərizə-anket üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, dənizçinin şəxsi məlumatlarını yoxlanılması üçün İAMAS-ın vahid məlumat bankına göndərir (ötürür) və oraya sorğu verir. Sorğuya alınmış cavab əsasında həmin məsul əməkdaşı dənizçiyə şəxsiyyət sənədinin verilməsinin mümkünlüyü haqqında qərar qəbul edir və buna görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

11. Şəxsin ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda, şəxsiyyət sənədini verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dənizçiyə şəxsiyyət sənədinin verilməsindən imtina edilir. Şəxsiyyət sənədinin verilməsindən imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır.

12. Şəxsiyyət sənədi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilən dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin Qanunda nəzərdə tutulmuş müddətdə verilir və ya dəyişdirilir. Dənizçi yeni şəxsiyyət sənədini alarkən, köhnə şəxsiyyət sənədini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməlidir.

13. Dənizçiyə şəxsiyyət sənədinin verilməsi barədə müsbət qərar qəbul edildiyi təqdirdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) məsul əməkdaşı həmin dənizçinin ərizə-anketi üzrə təsdiq olunmuş məlumatları, onun fotoşəkli ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.

13-1. Şəxsiyyət sənədinin elektron daşıyıcısında (çipində) dənizçiyə dair məlumatların düzgünlüyünü sənəd sahibinin ödənişsiz olaraq elektron avadanlıqdan istifadə etməklə yoxlaması şəxsiyyət sənədini verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin olunur.

13-2. Şəxsiyyət sənədinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin sənəd təqdim edildiyi vaxtdan 3 (üç) iş günü müddətində, şəxsiyyət sənədinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə şəxsiyyət sənədi təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir.

14. Şəxsiyyət sənədinin sahibi sənədi qorumalıdır.

15. Dənizçi şəxsiyyət sənədini itirdikdə onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, bu sənədi verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yazılı məlumat verməlidir.

Şəxsiyyət sənədinin itirildiyini bildirən dənizçi həmin sənədi taparsa və ya itirilmiş şəxsiyyət sənədi yeni şəxsiyyət sənədi verildikdən sonra tapılarsa, tapılmış sənədi dənizçi bu sənədi verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməlidir.

Bu maddənin 1-ci hissəsinə uyğun olaraq şəxsiyyət sənədini itirməsi barədə dənizçinin yazılı məlumatı daxil olduğu halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dənizçinin şəxsiyyəti müəyyənləşdirilir, şəxsiyyət sənədinin itirilməsi barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür və İAMAS-da onun aktiv statusu dəyişdirilir. Şəxsiyyət sənədini itirmiş dənizçiyə yeni şəxsiyyət sənədi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.

Şəxsiyyət sənədi oğurlandıqda, dənizçi bu barədə cinayətin baş verdiyi yerin polis orqanına müraciət etməlidir.

Belə ərizənin qəbul olunması haqqında dənizçiyə arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət sənədinin əvəzinə yeni şəxsiyyət sənədinin verilməsi üçün əsasdır.

16. Xarici ölkədə şəxsiyyət sənədi itmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlıq müddəti bitmiş dənizçinin yeni şəxsiyyət sənədi ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu ölkədəki Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu və yaxud Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmayan xarici ölkədə Azərbaycan Respublikasının mənafeyini ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu vasitəsilə həyata keçirilir.

17. Şəxsiyyət sənədinin etibarlıq müddəti bitdikdə (gəmidə işləməyin davam etdirilməsi üçün), onun sahibinin soyadı, adı dəyişdirildikdə və ya şəxsiyyət sənədinin üzərindəki məlumatlarda səhv müəyyən edildikdə, yaxud şəxsiyyət sənədi, o cümlədən onun elektron daşıyıcısı (çipi) yararsız hala düşdükdə dənizçi şəxsiyyət sənədinin dəyişdirilməsi üçün onu verən orqana müraciət etməlidir.

17-1. Bu Əsasnamənin 17-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsiyyət sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Əsasnamənin tələblərinə riayət etməklə dəyişdirilir. Bu zaman dənizçinin fotoşəkli sənəd verən orqanda çəkilir və yalnız aşağıdakı sənədlər təqdim olunur:

17-1.2. sağlamlıq haqqında tibbi arayış (etibarlılıq müddətinin bitməsi halında);

17-1.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

17-2. Bu Əsasnamə ilə nəzərdə tutulmuş hallarda dənizçi şəxsiyyət sənədinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində müraciət etmədikdə, şəxsiyyət sənədi qüvvədən düşmüş hesab edilir, şəxsiyyət sənədinə dair məlumatlar İAMAS vasitəsilə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür və İAMAS-da onun aktiv statusu dəyişdirilir.

18. Bu Əsasnamənin tələblərinə zidd olaraq şəxsiyyət sənədinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün dənizçidən qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya şəxsiyyət sənədinin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, habelə şəxsiyyət sənədinə bilə-bilə yalan məlumatlar daxil edilməsinə, onun həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsinə, şəxsiyyət sənədinin itirilməsinə, onun verilməsi qaydalarının pozulmasına, qanunsuz alınmasına və ya girov götürülməsinə, qəsdən korlanmasına, oğurlanmasına, saxtalaşdırılmasına, satılmasına, qanunsuz hazırlanmasına və ya bilə-bilə saxta sənəddən istifadə edilməsinə görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

1.6. Doğulduğu tarix (gün, ay, il)

Date of birth (day, month, year)

1.9. Səciyyəvi əlamətləri

Identfying characteristics

1.10. Gəmidəki vəzifəsi

Position on board of vessel

1.11. Telefon nömrəsi

2. Dövlət orqanının məsul əməkdaşı tərəfindən ərizə-anketin yoxlanılması ilə bağlı qeydlər:

Notes made by the official of the authority with regard to the application:

2.1.Dənizçinin şəxsiyyət sənədini verən dövlət orqanının adı

Name of authority issuing the Seafarers` Identity Document

2.2. Ərizə-anketin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi

Date of entry and registration number of the application

2.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:

The following documents were checked during the examination:

2.3.1. Şəxsiyyəti təsdiq edən sənəd

2.3.2. Şəxsin gəmidə hər hansı vəzifədə işlədiyini və yaxud gəmidə təcrübə keçəcəyini təsdiq edən sənəd

Evidence that the person employed in any capacity or will be trained on board a vessel

2.3.3.Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd

Document certifying payment of charge

2.3.4.Ərizə-anketdə dənizçi haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd

Note on compliance of the information presented in the application about seafarer with the documents submitted

2.4. Məlumatları yoxlamış məsul işçinin:

2.4.1.Soyadı, adı, atasının adı

Surname, name, patronymic

2.5. Dənizçinin şəxsiyyət sənədinin şəxsə verilməsi ilə əlaqədar qeydlər:

Notes with regard to issuing Seafarers` Identity Document to the person:

2.5.1. Sənədin verildiyi tarix

2.5.2. Sənədin sahibinin imzası

Signature of the applicant

Elektron daşıyıcısı (çipi) olan dənizçinin şəxsiyyət sənədi beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli polikarbonat materialından hazırlanır, yüksək temperatura, işığa, deformasiyaya, kimyəvi maddələrin təsirinə və rütubətə davamlıdır, istifadə zamanı zəhərləyici maddələr ifraz etmir, fotoşəkli keyfiyyətli əks etdirir və saxtalaşdırmanın qarşısını almaq xüsusiyyətinə malikdir.

Dənizçinin şəxsiyyət sənədinin elektron daşıyıcısı (çipi) məlumatların yazılmasını və oxunmasını təmin edir.

Dənizçinin şəxsiyyət sənədində “göy qurşağı” üsulu ilə hazırlanmış qilyoşdan, ultrabənövşəyi çap və lazer həkketmə texnologiyasından, mikromətndən və digər qoruyucu elementlərdən istifadə olunur.

Dənizçinin şəxsiyyət sənədinin qalınlığı 0,76 mm-dir. Künclər 3 mm radius boyunca əyilmişdir. Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO 9303) tələblərinə uyğundur.

Optik nəzarət oxunuşu maşınında oxuna bilmək üçün dənizçinin şəxsiyyət sənədinin səthi hamardır.

Dənizçinin şəxsiyyət sənədinin üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi ultrabənövşəyi işıq altında görünən formada da verilir.

Dənizçinin şəxsiyyət sənədində yerləşdirilmiş təmassız interfeysli elektron daşıyıcının (çipin) yaddaşı 80 kilobaytdan az olmamalıdır.

Elektron daşıyıcı (çip) ən azı Basic Access Control, Passiv Authentication, Extended Access Control kimi mexanizmləri dəstəkləməli və CC EAL 5+ səviyyəsində uyğunluq sertifikatına malik olmalıdır.

Elektron daşıyıcıda (çipdə) olan məlumatların təhlükəsizliyini təmin etmək üçün elektron imza texnologiyasından və kriptoqrafik alqoritmlərdən istifadə olunur.

Xüsusi mühafizə dərəcələri olan bu sənəd müasir texniki imkanlar vasitəsilə saxtalaşdırıla, yaxud surətçıxarma üsulu ilə hazırlana bilməz.

Dənizçinin şəxsiyyət sənədi 85.6x54 mm ölçülüdür, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) 9303-cü sənədinə uyğundur.

Dənizçinin şəxsiyyət sənədinin üz tərəfinin yuxarı sol küncündə “AZƏRBAYCAN RESPUBLİKASI”, altında “REPUBLIC OF AZERBAIJAN” sözləri yazılır, yuxarıda ortada Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri verilir, gerbin təsvirinin yanında “DƏNİZÇİNİN ŞƏXSİYYƏT SƏNƏDİ”, altında “SEAFARERS’ IDENTITY DOCUMENT” sözləri yazılır, yuxarı sağ küncündə şəxsiyyət sənədinin tipini bildirən “SID” sözü göstərilir və onun yanında elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir edilir. This document is a stand-alone document and not a passport.” sözləri yazılmışdır.

Dənizçinin şəxsiyyət sənədində:

dənizçinin şəxsiyyət sənədinin üz tərəfində 26 mm x 32 mm ölçülü fotoşəkil üçün yer qoyulmuşdur;

üz tərəfinin orta hissəsində “Sənəd №/Document No”, “Adı, Soyadı/Full Name”, “Vətəndaşlığı/Nationality”, “Cinsi/Sex”, “Doğulduğu tarix/Date of birth”, “Səciyyəvi əlamətləri/Identfying characteristics”, “Doğulduğu yer/Place of birth”, “Verilmə tarixi/Date of issue”, “Etibarlılıq müddəti” /Date of expiry”, “Verildiyi yer/Place of issue”, “Sahibinin imzası/Signature of holder” sözləri yazılır;

dənizçinin şəxsiyyət sənədinin arxa tərəfinin yuxarı hissəsində “This document is a seafarers’ identity document for the purpose of the Seafarers' Identity Documents Convention (Revised), 2003, of the International Labour Organization. This document is a stand-alone document and not a passport.”, orta hissəsində “Sənədi verən orqanın əlaqə vasitələri / Issuing authority contact details” sözləri yazılır, həmin sözlərin altında sənəd verən orqanın adı və rekvizitləri üçün yer ayrılır, “Telefon/Phone No”, “Veb/Web” sözləri göstərilir;

aşağı hissəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun olaraq maşınla oxuna bilən üç zolaqlı optik nəzarət oxunuşu hissəsi yerləşir.

Dənizçinin şəxsiyyət sənədinin elektron daşıyıcısında (çipində) olan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun olaraq ingilis dilində olmalıdır.

1. 2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 10, maddə 886)

2. 21 iyun 2013-cü il tarixli 700-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2013-cü il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 792)

3. 17 oktyabr 2014-cü il tarixli 1068-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 9 noyabr 2014-cü il, № 245; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1348)

4. 1 fevral 2019-cu il tarixli 1473-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 188)

5. 30 mart 2020-ci il tarixli 42-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 aprel 2020-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 393)

6. 25 may 2021-ci il tarixli 324-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyun 2021-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 553)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver