Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 255 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 21 oktyabr 2025-ci il
1.1. Bu Sənəd “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-17.3-1-ci maddəsinə əsasən hazırlanmışdır və dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarlarını və qaydasını müəyyən edir.
1.2. Bu Sənəddə istifadə olunan digər anlayışlar Qanunda Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
2.1. Aşağıdakı meyarlardan hər birinə cavab verən dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) xidmətlər zərfinə daxil edilir:
2.1.1. rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhalinin ölüm və (və ya) əlillik faizi yüksək olan və (və ya) sayında davamlı artım müşahidə olunan xəstəliklərin və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlərin farmakoterapevtik müalicəsində və ya xidmətlər zərfində qeyd edilən tibbi xidmətlərin həyata keçirilməsində istifadə olunması;
2.1.2. farmakoterapevtik müalicənin dəyərinin rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində həmin farmakoterapevtik müalicəyə ehtiyacı olan şəxslərin sayı nəzərə alınmaqla, icbari tibbi sığorta fondunun maliyyə imkanlarına mütənasibliyi;
2.1.3. farmakoterapevtik müalicənin sübutlu təbabət prinsiplərinə uyğunluğu;
2.1.4. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə sığorta təminatında olması;
2.1.5. klinik protokollarda mövcudluğu;
2.1.6. effektiv və təhlükəsiz olması.
2.2. Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) xidmətlər zərfindən çıxarılması meyarları aşağıdakılardır:
2.2.1. yeni və səmərəli farmakoterapevtik müalicə üsullarının tətbiqi;
2.2.2. Azərbaycan Respublikasında tətbiqinin qadağan edilməsi;
2.2.3. bu Sənədin 2.1-ci bəndi ilə müəyyən edilən meyarlardan ən azı biri ilə uyğunsuzluğu.
2.3. Aşağıdakı meyarlardan hər birinə cavab verən tibb vasitələri xidmətlər zərfinə daxil edilir:
2.3.1. xidmətlər zərfində qeyd edilən tibbi xidmətlərin həyata keçirilməsində istifadə olunması;
2.3.2. tibb vasitəsinin sübutlu təbabət prinsiplərinə uyğunluğu;
2.3.3. tibb vasitəsinin effektiv və təhlükəsiz olması.
2.4. Tibb vasitələrinin xidmətlər zərfindən çıxarılması meyarları aşağıdakılardır:
2.4.1. yeni və səmərəli tibb vasitəsinin tətbiqi;
2.4.2. tibb vasitəsinin Azərbaycan Respublikasında tətbiqinin qadağan edilməsi;
2.4.3. tibb vasitəsinin bu Sənədin 2.3-cü bəndi ilə müəyyən edilən meyarlardan ən azı biri ilə uyğunsuzluğu.
3.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu Sənədin 2-ci hissəsində qeyd olunan meyarlara uyğunluğu baxımından dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) və tibb vasitələri 5 (beş) ildə bir dəfədən az olmayaraq təhlil olunur və əsaslandırılmış təklif təqdim olunması barədə qərar verilir.
3.2. Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfindən çıxarılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.