Qanunvericilik › “Digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.11.2024) › Tam mətn

“Digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.11.2024)

“Digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.11.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 2.3.19-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 21 noyabr 2024-cü il

1.1. Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 33.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və digər dövlətdə qeydiyyatda olan istismarçı (bundan sonra – xarici dövlətin istismarçısı) tərəfindən istismar edilən hava gəmisinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qayda Azərbaycan Respublikasının ərazisinə uçuşlar həyata keçirən xarici dövlətin istismarçısına şamil olunur.

1.3. Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar Qanun və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.5. Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya (bundan sonra – Konvensiya) və Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 8335, müfəttiş yoxlamalarına, sertifikatlaşdırmaya və davamlı nəzarətə dair Təlimat”ına (bundan sonra – “Doc 8335, müfəttiş yoxlamalarına, sertifikatlaşdırmaya və davamlı nəzarətə dair Təlimat”) uyğun olaraq həyata keçirilir.

1.6. Xarici dövlətin istismarçısı tərəfindən istismar edilən hava gəmisinin yoxlanılmasını həyata keçirən Agentliyin müfəttişi Qanunun 44.6-cı maddəsinə uyğun olaraq təlim keçməlidir.

2.1. Xarici dövlətin istismarçısı tərəfindən istismar edilən hava gəmisinin uçuşlarının təhlükəsizliyinə nəzarət aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

2.1.1. aviasiya personalının uyğunluğu;

2.1.2. uçuş əməliyyatlarına dair sənədlər;

2.1.3. hava gəmisinə dair sənədlər;

2.1.4. hava gəmisinin texniki vəziyyəti;

2.1.5. hava gəmisində uçuşların təhlükəsizliyi ilə bağlı olan avadanlıqlar;

2.1.6. hava gəmisinin yük bölməsi.

3.1. Agentlik xarici dövlətin istismarçısı tərəfindən istismar edilən hava gəmisində uçuşların təhlükəsizliyi ilə bağlı nəzarət üzrə müfəttiş yoxlamalarını bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş istiqamətlərə uyğun olaraq həyata keçirir. Həmin yoxlamalar xarici dövlətlərin istismarçılarının sayı və fəaliyyətinin xüsusiyyətləri, hava limanlarında (aerodromlarında) etdikləri enişlərin sayı və təhlükəsizlik risklərinə dair məlumatlar nəzərə alınmaqla formalaşdırılan hesablama metodologiyası üzrə Agentlik tərəfindən təsdiq edilən illik proqram (bundan sonra – illik proqram) əsasında hava gəmilərinin cədvəl üzrə uçuş vaxtına riayət edilməklə aparılır.

3.2. Xarici dövlətin istismarçısının hava gəmisinə nəzarət zamanı uçuşların təhlükəsizliyinə təhdid yaradan hər hansı hal aşkar edildikdə Agentlik aşkar edilən nöqsanlarla bağlı onların bu Qaydanın 3.5-ci bəndində nəzərdə tutulmuş kateqoriyalarına uyğun tədbirlər görür.

3.3. İllik proqrama uyğun olaraq təşkil edilmiş yoxlamaya dair məlumat barəsində yoxlama tədbirləri aparılan xarici dövlətin istismarçısının adının, yoxlanılan sahənin (bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilmiş əhatə dairəsinə dair elementlərin), yoxlamanın tarixinin, yerinin, başlama və başaçatma vaxtının qeyd olunduğu yoxlama vərəqinə daxil edilir. Yoxlama başa çatdıqdan sonra həmin yoxlama vərəqinin 1 (bir) nüsxəsi hava gəmisinin kapitanına (komanda verən pilotuna), o olmadıqda isə uçuş heyətinin digər üzvünə və ya xarici dövlətin istismarçısının nümayəndəsinə verilir.

3.4. Xarici dövlətin istismarçısı tərəfindən istismar edilən hava gəmisinin yoxlanılmasına və yoxlamanın nəticəsinə dair məlumatlar Agentlik tərəfindən saxlanılır.

3.5. Konvensiyaya və “Doc 8335, müfəttiş yoxlamalarına, sertifikatlaşdırmaya və davamlı nəzarətə dair Təlimat”a uyğun olaraq texniki tələblərə uyğun olmayan hava gəmisinin istismarçısının yoxlanılması nəticəsində aşkar edilmiş “Doc 8335, müfəttiş yoxlamalarına, sertifikatlaşdırmaya və davamlı nəzarətə dair Təlimat”ın 6-1 nömrəli cədvəlindəki nümunəvi siyahıya, habelə Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin “RAMP” yoxlamaları Təlimatı”na əsasən uçuşların təhlükəsizliyi üzrə və ya bu Qaydanın 2.1.2-ci və 2.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlərin şərtlərinə uyğunsuzluqlarla bağlı olan nöqsanlar aşağıdakı III, II və I kateqoriyaya bölünür:

3.5.1. III kateqoriya - uçuşların təhlükəsizliyinə böyük təsir göstərən uyğunsuzluqla bağlı olan nöqsanlar;

3.5.2. II kateqoriya - uçuşların təhlükəsizliyinə əhəmiyyətli təsir göstərən uyğunsuzluqla bağlı olan nöqsanlar;

3.5.3. I kateqoriya - uçuşların təhlükəsizliyinə kiçik təsir göstərən uyğunsuzluqla bağlı olan nöqsanlar.

3.6. Bu Qaydanın 3.5-ci bəndində nəzərdə tutulmuş nöqsanlar aşkar edildikdə Agentlik tərəfindən aşağıdakı tədbirlər görülür:

3.6.1. I kateqoriya nöqsanlar üzrə - nöqsan hava gəmisinin kapitanının (komanda verən pilotunun) nəzərinə çatdırılır;

3.6.2. II və III kateqoriya nöqsanlar üzrə - hava gəmisinin kapitanına (komanda verən pilotuna), xarici dövlətin istismarçısına və ya onun nümayəndəsinə, habelə mülki aviasiya sahəsində səlahiyyətli qurumuna nöqsan, yoxlamanın nəticələri və görülməli olan müvafiq düzəldici tədbirlər barədə yazılı məlumat verilir.

3.7. Agentlik tərəfindən xarici dövlətin istismarçısına II və III kateqoriya nöqsanlarla bağlı bu Qaydanın 3.6.2-ci yarımbəndində nəzərdə tutulmuş tədbirlər barədə yazılı məlumatın verilməsi ilə yanaşı, ondan müvafiq düzəldici tədbirlərin görüldüyünü təsdiq edən sənədlərin göndərilməsi tələb olunur, habelə istismarçı dövlət qeydiyyat dövlətindən fərqli olduğu və Konvensiyanın 83 bis maddəsinə əsasən istismarçı dövlətlə qeydiyyat dövləti arasında müqavilə olduğu halda həmin müqaviləyə uyğun olaraq hava gəmisinin qeydiyyata alındığı və uçuş heyətinin şəhadətnamələrini vermiş dövlətin səlahiyyətli qurumu məlumatlandırılır.

3.8. Agentlik tərəfindən III kateqoriya nöqsanlarla bağlı aşağıdakı tədbirlərdən birinin görülməsi dərhal təmin edilir:

3.8.1. hava gəmisinin uçuş əməliyyatlarına məhdudiyyət qoyulur;

3.8.2. dərhal düzəldici tədbirlərin görülməsi tələb edilir;

3.8.3. hava gəmisinin uçuşu dayandırılır;

3.8.4. uçuş icazələri ləğv edilməklə xarici dövlətin istismarçısının hava gəmisinin Azərbaycan Respublikasının hava məkanından uçmasına qadağa qoyulur.

3.9. Bu Qaydanın 3.8.3-cü yarımbəndi nəzərə alınmaqla III kateqoriya nöqsan aşkar edildikdə xarici dövlətin istismarçısının (hava gəmisinin mülkiyyətçisinin) düzəldici tədbirlər görülmədən uçub getmə niyyəti müəyyən edilərsə, Agentlik hava gəmisinin kapitanına (komanda verən pilotuna) və ya xarici dövlətin istismarçısına (hava gəmisi üzərində mülkiyyət hüququna malik hava gəmisinin sahibi) növbəti bildiriş alınanadək uçuş üçün icazənin verilmədiyi barədə yazılı xəbərdarlıq təqdim edir (göndərir). Agentlik bu bərədə istismarçının dövlətini və hava gəmisinin qeydiyyat dövlətini dərhal yazılı qaydada məlumatlandırır və hava gəmisinin qalxması üçün şəraitin təmin edilməsi şərtlərini onlara çatdırır. Aşkar edilmiş nöqsanın xarici dövlətin istismarçısı tərəfindən istismar edilən hava gəmisinin uçuşa yararlılıq sertifikatının hüquqi qüvvəsinə təsir etdiyi hallarda Agentlik həmin hava gəmisinə qoyulan qadağanı yalnız onun istismarçısı tərəfindən aşkarlanan nöqsanla bağlı müvafiq tələblərə uyğunluğun təmin edilməsinə, o cümlədən qeydiyyat dövləti və ya istismarçı dövlət tərəfindən verilmiş uçuş icazəsinin və ya eyni hüquqi qüvvəyə malik digər sənədin, həmçinin tranzit uçuşun həyata keçiriləcəyi üçüncü dövlətlərin icazəsinin olmasına dair sübutlar təqdim edildikdən sonra götürür.

3.10. Xarici dövlətin istismarçısının istismar etdiyi hava gəmisinin uçuş və kabinə heyətinin üzvləri tərəfindən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrinin qəbul olunduğunun müəyyən edilməsi üçün onlar xüsusi texniki vasitələrdən (alkotester, narkotester) istifadə olunmaqla müayinədən keçirilirlər. Əsaslı səbəb və ya şübhə olduqda həmin müayinənin istənilən vaxt keçirilməsinə yol verilir.

3.11. Xarici dövlətin istismarçısının istismar etdiyi hava gəmisinin uçuş və ya kabinə heyətinin üzvü tərəfindən alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrinin qəbul edildiyi aşkar olunduğu və ya əsaslı səbəb, yaxud şübhə olmasına baxmayaraq, şəxsin müayinədən imtina etdiyi hallarda həmin şəxsin vəzifəsinin icrası dayandırılır və o, uçuşa buraxılmır.

1. 7 oktyabr 2025-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 9 oktyabr 2025-ci il, № 217, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 972)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver