Qanunvericilik › “Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.10.2024) › Tam mətn

“Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.10.2024)

“Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.10.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 31 oktyabr 2024-cü il

1.1. Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7.7-ci maddəsinin ikinci cümləsinə, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya (bundan sonra – Konvensiya) və ona əlavələrlə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, həmçinin “Doc 8335, müfəttiş yoxlamalarına, sertifikatlaşdırmaya və davamlı nəzarətə dair Təlimat”ının yoxlama və davamlı nəzarətə dair müddəalarına uyğun olaraq hazırlanmışdır və digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin yerinə yetirilməsi üzrə prosedurları müəyyən edir.

1.2. Azərbaycan Respublikasının ərazisinə enən və ərazisindən qalxan digər dövlətdə qeydiyyatda olan mülki hava gəmisinin (bundan sonra - hava gəmisi) istismarçısı istismarçı sertifikatına və istismar tələblərinə uyğun fəaliyyət göstərməli, uçuşları naviqasiya, kommunikasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş və bu Qayda ilə müəyyən edilmiş digər tələblərə cavab verən hava gəmisi ilə yerinə yetirməlidir.

1.3. Azərbaycan Respublikasının ərazisinə enməsi və ərazisindən qalxması üçün Konvensiyanın 83 bis maddəsinə uyğun olaraq, digər dövlətdə qeydiyyatda olan hava gəmisinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzv dövlətləri ilə saziş imzalamış və uçuşa yararlılıq sertifikatının verilməsi öhdəliyini ötürmüş qeydiyyat dövləti və ya istismarçı dövlət tərəfindən verilmiş hava gəmisinin uçuşa yararlılıq sertifikatı olmalıdır.

1.4. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar Qanunda, Konvensiyada və onun əlavələrində nəzərdə tutulmuş mənaları ifadə edir.

1.5. Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna və bu Qaydanın 1.1-ci bəndində nəzərdə tutulmuş digər sənədlərə uyğun olaraq həyata keçirilir.

1.6. Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.

2.1. Digər dövlətdə qeydiyyatda olan istismarçı uçuşdan əvvəl istismar etdiyi hava gəmisində aşağıdakıları yoxlamalıdır:

2.1.1. hava gəmisinin heyəti və sərnişinlər üçün tələb olunan miqdarda oksigen təminatı;

2.1.2. mətni ilə birlikdə sərnişin təlimatlandırma kartları;

2.1.3. uçuş heyəti və sərnişin kabinəsində daşınabilən yanğınsöndürücü vasitələr;

2.1.4. xilasedici qayıq və xilasetmə jiletləri, yaxud fərdi üzmə vasitələri;

2.1.5. pirotexniki qəza-xəbərdarlıq qurğuları;

2.1.6. ilkin və təcili tibbi yardım çantaları;

2.1.7. möhkəmləndirilmiş konstruksiyaya malik uçuş heyəti kabinəsinin qapısı;

2.1.8. qəza çıxış işarələri və işıqlandırılma;

2.1.9. havada toqquşmaların qarşısının alınması üzrə xəbərdarlıq sistemi;

2.1.10. qəza mayakları;

2.1.11. hava gəmisinin uçuş məlumatının qeydiyyatı, uçuş heyətinin kabinəsinin səsyazmasını, uçuş görüntülərinin çəkilişini və məlumat bağlantısını qeydə alan qurğular;

2.1.12. yer səthinə təhlükəli yaxınlaşma barədə xəbərdarlıq sistemi.

3.1. Digər dövlətdə qeydiyyatda olan istismarçı tərəfindən istismar edilən hava gəmisinin bortunda aşağıdakılar olmalıdır:

3.1.1. hava gəmisinin qeydiyyat sertifikatı;

3.1.2. hava gəmisinin uçuşa yararlılıq sertifikatı;

3.1.3. istismarçı sertifikatı və istismar tələbləri;

3.1.4. hava gəmisinin uçuş təlimatı və ya onun gəmisinin uçuş-texniki xarakteristikalarını göstərən digər sənəd;

3.1.5. radioavadanlıq sertifikatı;

3.1.6. hava gəmisi jurnalı, yaxud texniki qeydiyyat kitabı və ya ümumi bəyannamə;

3.1.7. hava gəmisinin texniki xidmət buraxılışı;

3.1.8. yanacaqla və yağla doldurulmaya dair qeydlər;

3.1.9. səs-küy çirklənmələri normalarına uyğunluq üzrə sertifikat;

3.1.10. bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş saziş;

3.1.11. minimal avadanlıqların siyahısı;

3.1.12. hava gəmisinin istismar təlimatı;

3.1.13. normal, qeyri-normal və qəza vəziyyətində fəaliyyət prosedurlarına dair yoxlama siyahıları;

3.1.14. aeronaviqasiya xəritələri;

3.1.15. qanunsuz müdaxilə aktlarının baş verdiyi hallarla bağlı hava gəmisinin axtarışı proseduru üzrə yoxlama siyahısı;

3.1.16. tələblərə uyğun tərtib edilmiş yük və balans sənədləri;

3.1.17. meteoroloji məlumatları və proqnozları əks etdirən sənədlər;

3.1.18. operativ uçuş planı;

3.1.19. NOTAM-lar (Aeronaviqasiya Məlumat Xidmətinin heyətə vaxtında çatdırılması mühüm olan məlumatlardan ibarət bildirişlər).

4.1. Digər dövlətdə qeydiyyatda olan istismarçı tərəfindən istismar edilən hava gəmisinin uçuş heyəti:

4.1.1. şəhadətnamə, vəsiqə və sertifikatlara, habelə uçuş heyətinin hər bir üzvünün tibbi yoxlamadan keçməsini təsdiq edən sənədlərə malik olmalıdır;

4.1.2. uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbul etməməlidir.

1. 7 oktyabr 2025-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 9 oktyabr 2025-ci il, № 217, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 972)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver