Qanunvericilik › Dini ekstremizmə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejimi

Dini ekstremizmə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasının hüdudları əməliyyatı aparan orqan tərəfindən müəyyən edilir.

7.2. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında bu əməliyyatı aparan şəxslər aşağıdakı hüquqlara malikdirlər:

7.2.1. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək, ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini və piyadaları buraxmamaq;

7.2.2. fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarını qadağan etmək;

7.2.3. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə və nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirmək;

7.2.4. fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq, belə sənədlər olmadıqda isə şəxsiyyətinin müəyyən edilməsi məqsədilə həmin şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətə tutmaq;

7.2.5. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədi ilə fiziki şəxslərin mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə maneəsiz daxil olmaq;

7.2.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxsləri tutmaq;

7.2.7. müqavimət göstərən dini ekstremistləri zərərsizləşdirmək;

7.2.8. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar zərurət yarandıqda fiziki şəxsləri əməliyyatın aparılma zonasından köçürtmək, binaların, qurğuların və digər tikililərin sökülməsini təmin etmək;

7.2.9. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətlərinin və kommunal xidmətlərin göstərilməsini müvəqqəti dayandırmaq;

7.2.10. dini ekstremist fəaliyyəti aşkar etmək, həmin fəaliyyətə qarşı mübarizə aparmaq və onun qarşısını almaq məqsədi ilə telefon danışıqlarına qulaq asma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərini tətbiq etmək;

7.2.11. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında sanitar-epidemioloji, baytarlıq və digər karantin tədbirlərini tətbiq etmək;

7.2.12. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsini məhdudlaşdırmaq.

7.3. Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişlərinin icrası əməliyyat zonasında bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver