Dini icma dinə birlikdə ibadət etmək və digər dini tələbatı ödəmək məqsədilə eyni inzibati ərazi vahidi hüdudlarında yaşayan könüllülük əsasında birləşmiş yetkinlik yaşına çatmış dindar şəxslərin yerli dini qurumudur. Dini icma azı 50 (əlli) nəfər yetkinlik yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən yaradılır.
Azərbaycan Respublikasında dini məsələlərdə islam dini icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər, digər dini icmaların Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ vardır.
İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunur və hər beş ildən bir attestasiya edilir. Attestasiya Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə keçirilir.
Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən qeyri-islam dini icmalarında din xadimlərinin təyinatını dini icmanın təqdimatı əsasında tabe olduqları dini mərkəz (idarə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirir.
Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən qeyri-islam dini icmasının tabe olduğu dini mərkəz (idarə) olmadıqda, din xadimlərinin təyinatını dini icma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirir.
Dini icması yaradılmamış dini ibadət yerlərinə və ziyarətgahlara dini mərkəz (idarə) tərəfindən bu Qanunla müəyyən olunmuş qaydada din xadimləri təyin edilə bilər.
Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandırır.