12.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinə aşağıdakılar daxildir:
12.1.1. aylıq vəzifə maaşı;
12.1.2. diplomatik rütbəyə görə əlavə haqq;
12.1.3. təmsilçiliyə görə əlavə haqq;
12.1.4. xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 (beş) saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq;
12.1.5. əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələr (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraitinə və s.).
12.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqqın məbləğləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
12.2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları və bu Qanunun 12.1.4-cü maddəsində müəyyən edilən əlavə haqq bu Qanuna və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4-cü maddəsində təsbit edilmiş şərtlərə uyğun müəyyən edilir.
12.2-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidməti fəaliyyətləri qiymətləndirilməyən vəzifələrdə xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pilləsi diplomatik xidmət stajının müddətindən asılı olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsi nəzərə alınmaqla müəyyən edilir.
12.2-3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidməti fəaliyyətləri qiymətləndirilən vəzifələrdə xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pilləsi diplomatik xidmət stajının müddətindən və diplomatik xidmət əməkdaşının xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsindən asılı olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.4-cü maddəsi nəzərə alınmaqla müəyyən edilir.
12.2-4. Diplomatik xidmət orqanı əməkdaşına dövlət büdcəsindən ödənilən dövlət məvacibi yalnız bu Qanunla müəyyən edilir.
12.2-5. Bu Qanunun 12.1.5-ci maddəsində nəzərdə tutulan əlavələr müvafiq qaydada hesablanan məbləğin 50 (əlli) faizi məbləğində tətbiq edilir.
12.2-6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) diplomatik xidmətə qəbul həyata keçirilənədək diplomatik vəzifədə müvəqqəti işləyən işçinin aylıq vəzifə maaşı minimum əməkhaqqından aşağı olmamaqla həmin diplomatik vəzifənin 1-ci ödəniş pilləsi üzrə vəzifə maaşının 50 (əlli) faizi məbləğində müəyyən edilir.
12.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən inzibati-texniki xidmət əməkdaşlarının dövlət məvacibi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
12.4. Diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət məvacibi bu Qanunun 14.2.2.1-ci maddəsində nəzərdə tutulan vəzifələr üzrə tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən aylıq haqdır.
12.5. Diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına, habelə bu Qanunun 13.15–13.17-ci maddələrində nəzərdə tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə dövlət məvacibi və təyin olunduqları diplomatik nümayəndəliyin və ya konsulluğun yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla aylıq əlavə ödənilir. Aylıq əlavənin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydada dövlət məvacibinin əməkdaşa ödənilən hissəsinə fərqləndirici əmsal tətbiq edilməklə müəyyən edilir.
12.6. Diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının yalnız dövlət məvacibi qanunla müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunur. Diplomatik xidmət orqanı əməkdaşlarına verilən vergiyə və digər icbari ödənişlərə cəlb olunmayan ödənişlərdən heç bir tutulmalar həyata keçirilmir.