Azərbaycan Respublikası Prezidentinin “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 861 nömrəli Fərmanının 2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası
1. “Dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotu qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və daxili nəzarət sektorunun müdiri vəzifəsini icra edən E.Əzizova tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Qərarın icrasına nəzarət Nazir müavini Nigar Əliyevaya həvalə edilsin.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 28 iyun 2013-cü il tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Bu Qaydalar “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən hazırlanmışdır və dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotu qaydasını müəyyən edir.
2. Dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotu kağız üzərində və elektron daşıyıcılarında aparılır.
3. İcbari dispanserizasiya tədbirləri Azərbaycan Respublikasının vətəndaşlarını, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri və əcnəbiləri əhatə edir.
4. Dispanserizasiyadan keçiriləcək uşaqların uçotu ambulator-poliklinika yardımı göstərən müalicə profilaktika müəssisəsi tərəfindən xidmət etdiyi ərazi üzrə aparılır.
5. Uşaqlar yaşayış yeri və ya olduğu yer üzrə uçota alınırlar.
6. Uçota alınmış uşaqlar 2 əsas qrupa bölünürlər: bilavasitə tibb müəssisəsinin ərazisində yaşayan uşaqlar və bu müəssisəyə təhkim olunmuş uşaqlar (təhsil müəssisələrində təhsil alanlar və sosial xidmət müəssisələrində olanlar). Təhkim olunmuş uşaqlara dispanserizasiya məqsədi ilə aparılan müayinələrin nəticələri barədə məlumatlar onların uçotda olduqları tibb müəssisəsinə göndərilir.
7. Təhsil və sosial xidmət müəssisələrində uşaqların bölgüsü həmin müəssisələrin strukturuna uyğun olaraq qruplar və siniflər üzrə aparılır.
8. Uşaqların uçotu tibbi müəssisəyə müraciət edən uşaqların tibb heyəti tərəfindən siyahıya alınma yolu ilə dəqiqləşdirilməsi, eləcə də uşaqlara evlərdə baxışların aparılması vasitəsi ilə həyata keçirilir.
9. Yenidoğulmuş uşaqların uçota alınması doğuşayardım xidməti göstərən müəssisə tərəfindən verilmiş “Doğum haqqında tibbi şəhadətnamə” əsasında “Vətəndaşların elektron sağlamlıq kartı” sistemindən (VESKS) istifadə etməklə həyata keçirilir.
10. Tibb müəssisəsi tərəfindən uçota götürülən hər bir uşağa “Uşağın inkişaf tarixi” açılır.
11. Dispanserizasiyadan keçmiş hər bir uşağa aparılan müayinələrin nəticələri “Uşağın inkişaf tarixi” və VESKS-ə daxil edilir.
12. İcbari dispanserizasiyadan keçmiş uşaqların registrində uşağın şəxsiyyəti, dispanserizasiyanın nəticələri və sağlamlıq vəziyyəti barədə qısa məlumat, aldığı tibbi yardımlar haqqında göstərişlər qeyd olunur, hər bir uşaq üçün xüsusi kart doldurulur və bu kart ümumi məlumat bankına daxil edilir.
13. Dispanserizasiyadan keçmiş uşaqlar sağlam, xəstə və xəstələnmə riski olan uşaqlar qruplarına bölünərək bir-birindən ayrı dispanser müşahidəsinə götürülürlər.
14. Hər bir xəstə və xəstələnmə riski olan uşağa diaqnozuna uyğun olaraq müalicə həkimi tərəfindən müəyyən olunmuş dövrülüklə müayinələr aparılır və nəticələri “Uşağın Dispanser Müşahidə Kartı”na və VESKS-ə daxil edilir.
15. Dispanserizasiyanın illik nəticələri rəsmi statistika hesabatı formalarına daxil edilir.