“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:
2.1. beynəlxalq təcrübə nəzərə alınmaqla, donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması prosesinin təşkilinə və transplantasiya metodu ilə tibbi yardım göstərilməsinə dair tələbləri iki ay müddətində təsdiq etsin və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
2.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 sentyabr 2022-ci il
1.1. Bu Qayda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində insan orqan və toxumalarının (bundan sonra – donor orqanlar) götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydasını müəyyən edir.
1.2. Bu Qayda reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embrion), həmçinin qan və onun komponentlərinə şamil edilmir.
1.3. Donor orqanların götürülməsi, hazırlanması, saxlanması və daşınması Qanunun 7.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən siyahıda qeyd olunan tibb müəssisələri tərəfindən həyata keçirilir.
1.4. Donor orqanların transplantasiyası Qanunun 7.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən siyahıda qeyd olunan tibb müəssisələri tərəfindən həyata keçirilir.
2.1. Donor orqanların götürülməsi orqan və ya toxumaların transplantasiyası məqsədilə çıxarılması üçün aparılan cərrahi əməliyyatdır.
2.2. Canlı donordan donor orqanların götürülməsi Qanunun 16-cı və 18-ci maddələrinin, meyit donordan donor orqanların götürülməsi isə Qanunun 21-ci və 25-ci maddələrinin tələblərinə əməl etməklə cərrahi əməliyyat yolu ilə həyata keçirilir. Meyit donordan transplantasiya məqsədilə orqanlar götürülərkən bir neçə cərrahiyyə briqadasının eyni vaxtda və ya ardıcıl şəkildə işləməsinə yol verilir.
2.3. Canlı və meyit donordan donor orqanların götürülməsi yalnız həkim-transplantoloqların reyestrinə daxil edilmiş həkim-mütəxəssislər tərəfindən aparılır.
2.4. Meyit donordan donor orqanların transplantasiya məqsədilə götürülməsi başa çatdıqdan sonra donorun bədənindən götürülmüş hər bir orqanla bağlı forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təsdiq edilmiş 3 nüsxədə akt tərtib edilir, bir nüsxəsi donor orqanların götürülməsinin həyata keçirildiyi tibb müəssisəsində saxlanılır, bir nüsxəsi donor orqanla birlikdə resipiyentin olduğu və transplantasiyasının həyata keçiriləcəyi tibb müəssisəsinə, digər nüsxəsi isə “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə (bundan sonra – Koordinasiya Mərkəzi) göndərilir. Donor orqanların götürülməsi zamanı onun zədələnməsi və ya transplantasiya məqsədilə istifadəsini mümkünsüz edən digər hallar baş verdikdə bu barədə akta qeyd edilir. Donor orqan səyyar cərrahiyyə briqadası tərəfindən götürüldükdə donor orqanların götürülməsi haqqında aktın dördüncü nüsxəsi də tərtib edilərək səyyar cərrahiyyə briqadasının aid olduğu tibb müəssisəsinin arxivində saxlanılır.
3.1. Donor orqanların transplantasiya üçün hazırlanması həmin orqanların işemiyaya dayanıqlılığının artırılması, anatomik quruluşunun qorunub saxlanması, funksional vəziyyətinin yaxşılaşdırılması, transplantasiyadan sonra baş verə biləcək ağırlaşmaların qarşısının alınması məqsədilə görülən tədbirlərdir.
3.2. Götürülmüş donor orqanlar əməliyyat otağında steril şəraitdə olan bu məqsəd üçün ayrılmış xüsusi masanın üzərinə qoyulur, damarları kateterizasiya edilir və xüsusi konservləşdirici məhlulla yuyulur. Bu proses orqanın damarlarına vurulmuş məhlulun həmin damarlardan makroskopik təmiz və şəffaf şəkildə çıxmasına qədər davam etdirilir.
3.3. Donor orqanların hazırlanması prosesində orqanın, damarların və axarların ölçüsünün resipiyentin bədəninə uyğunlaşdırılınası ilə bağlı əlavə cərrahi əməliyyat aparıla bilər.
3.4. Meyit donordan götürülmüş orqanın hazırlanması prosesində onun funksional vəziyyətinin yaxşılaşdırılması üçün damarlarına dərman preparatlarının vurulması və ya perfuziyaların aparılması həyata keçirilə bilər.
3.5. Transplantasiya həyata keçirilənə qədər resipiyent vəfat etdikdə, canlı donordan götürülmüş donor orqanlar uyğun resipiyent aşkar edilənədək meyit donordan götürülmüş donor orqanların saxlandığı qaydada saxlanılır.
3.6. Meyit donordan götürülmüş donor orqanların transplantasiyasına qədər anatomik və funksional baxımdan qorunması məqsədilə onlar soyuq statik şəraitdə və ya perfuziya cihazına qoşulmaqla saxlanılır.
3.7. Soyuq statik şəraitdə donor orqanların saxlanması zamanı onlar steril mühitdə soyuq konservləşdirici məhlulda iç-içə yerləşdirilən xarici (xüsusi qutu, soyuducu) və daxili konteynerlərdə saxlanılır. Perfuziya cihazında orqanın saxlanması zamanı onun damarlarında xüsusi konservləşdirici məhlul dövr etdirilir.
3.8. Xarici konteyner və ya perfuziya cihazının üzərinə donor orqanları ilə bağlı məlumat etiketi vurulur. Bu etiketdə donor orqanların adı, donorun identifikasiya məlumatları, qan qrupu, götürülmüş müəssisənin adı, götürülmə tarixi və saatı qeyd edilir.
3.9. Transplantasiya məqsədilə meyit donordan götürülmüş və hazırlanmış donor orqanlar yalnız bu Qaydanın 3.7-ci bəndində qeyd olunan saxlanma tədbirləri görüldükdən sonra Nazirlik təsdiq etdiyi tələblərə riayət etməklə daşına bilər.
3.10. Donor orqanların götürülməsi, hazırlanması, saxlanması və daşınması prosesi Koordinasiya Mərkəzi tərəfindən əlaqələndirilir.
4.1. Donor orqanların transplantasiyası cərrahi əməliyyat aparmaqla həyata keçirilir.
4.2. Donor orqanların transplantasiyası həkim-transplantoloqların reyestrinə daxil edilmiş həkim-mütəxəssislər tərəfindən aparılır.
4.3. Transplantasiya məqsədilə canlı donordan götürülmüş donor orqanlar dərhal, saxlanılmadan və daşınmadan resipiyentə köçürülür. Sümük iliyini və kök hüceyrələrini dərhal transplantasiya etmək mümkün olmadıqda onların transplantasiya üçün hazırlanması, saxlanması və daşınması ilə bağlı tədbirlər görülür.
5.1. Donor orqanların hər biri üzrə onların xüsusiyyətləri nəzərə alınmaqla transplantasiya üçün götürülməsi, hazırlanması, saxlanması, daşınması prosesinin təşkilinə və transplantasiya metodu ilə tibbi yardım göstərilməsinə dair tələblər Nazirlik tərəfindən müəyyən edilir.
5.2. Donor orqanları götürülməsindən, hazırlanmasından, saxlanmasından və daşınmasından sonra transplantasiya üçün yararsız hesab edildikdə, utilizasiya olunmaq üçün Nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilir.
1. 7 mart 2024-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 mart 2024-cü il, “Xalq” qəzeti, 12 mart 2024-cü il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 306)