“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 13 noyabr tarixli 483-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 654 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi üzrə müvafiq tədbirlər həyata keçirsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 10 aprel 2008-ci il
1.1. Bu Qaydalar “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 13 noyabr tarixli 483-IIIQD nömrəli Qanununa, “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 13 noyabr tarixli 483-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 654 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin, dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.13-cü maddəsinə uyğun olaraq verilmiş büdcə ssudalarının geri qaytarılmasını təmin etmək üçün hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondunun - Təminat Fondunun (bundan sonra - Fond) vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi mexanizmlərini müəyyən edir.
1.2. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil təşkilatlardan manatla alacaqları kreditlərə dövlət zəmanətinin verilməsinə dair tələblər, müraciət qaydası, zəmanət üzrə ödəniş şərtləri və digər məsələlər Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq müəyyən edilir.
2.1. Dövlət borcu və zəmanəti üzrə Azərbaycan Respublikasının üzərinə götürdüyü maliyyə öhdəliklərini çevik və səmərəli idarə etmək və vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə Fondun manat və ya maliyyə öhdəliyinə xidmət edən digər valyuta növündə hesabları yaradılır.
2.2. Fondun vəsaitləri qanunvericilikdə nəzərdə tutulmuş mənbələr hesabına formalaşır.
2.3. Əsas borcalandan alınan haqqın miqdarı verilən dövlət zəmanəti üzrə riskin dərəcəsi və əsas borcalanın maliyyə vəziyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir və ümumi zəmanət məbləğinin 0,5 (sıfır tam onda beş) faizindən az və 5 (beş) faizindən çox ola bilməz.
2.4. Dövlət zəmanətinin verilməsinə görə əsas borcalanın Fonda köçürdüyü haqq dövlət zəmanəti verildikdən sonra geri qaytarılmır.
2.5. Fondun vəsaitinin ortaillik məbləği dövlət zəmanəti ilə təmin olunmuş borc və kreditlər üzrə hesabat ili ərzində bütün əsas borcalanlar tərəfindən gözlənilən maliyyə öhdəlikləri məcmusunun 25 (iyirmi beş) faizindən az olmamalıdır.
2.6. Maliyyə əməliyyatları xəzinədarlıq vasitəsi ilə həyata keçirilir.
3.1. Fondun vəsaiti təyinatı üzrə istifadə edilməlidir və onun başqa məqsədlər üçün xərclənməsinə yol verilmir.
Fondun vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
3.2. Fondun vəsaitlərindən bu Qaydaların tələblərinə uyğun istifadə edilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
3.2-1. Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda ayrılmış vəsait dövlət borcuna xidmət xərclərinin icra edilməsi üçün kifayət etmədikdə həmin xərclərin çatışmayan hissəsi Təminat Fondu hesabına icra edilir.
3.2-2. Fondun xərclərinin yuxarı həddi onun büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməz.
3.3. Əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini tam və ya qismən icra edə bilmədiyi və ya müəyyən olunmuş qaydada icra edə bilmədiyi və defolt baş vermək təhlükəsi yarandığı və bu öhdəliyin icrasının zamin tərəfindən yerinə yetirilməsi tələb olunduğu təqdirdə, verilmiş dövlət zəmanətinin müddəalarına əsasən öhdəliyin yerinə yetirilməsi bu Qaydaların 3.2-ci və 3.5-ci bəndlərinin tələblərinə əməl etməklə, Fonda toplanmış vəsaitlər hesabına bir büdcə ili ərzində təmin edilir.
3.4. Əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc üzrə gözlənilən maliyyə öhdəliyini icra edə bilməməsi barədə öhdəliyin icra tarixinə ən azı 30 gün qalmış Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə əsaslandırılmış məlumat və rəsmi müraciət təqdim edir.
3.4-1. Əsas borcalan rəsmi müraciətinə axırıncı maliyyə ili üçün müvafiq qaydada təsdiq edilmiş gəlirlər və xərclər smetasının icrası barədə hesabatı, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, axırıncı maliyyə ili üçün maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə, həmçinin kredit bürosundan özünə aid kredit hesabatını və kredit hesabatında əksini tapmayan digər borcları haqqında məlumatı əlavə edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi əsas borcalandan təqdim edilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb etmək hüququna malikdir.
3.5. Əsas borcalanın təqdim etdiyi məlumatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq strukturu tərəfindən təhlil edildikdən sonra nəticə barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilir.
3.6. Dövlət zəmanətinin şərtlərinə uyğun olaraq, Fond tərəfindən il ərzində hər bir əsas borcalanın əvəzinə həyata keçirilən ödənişlərin sonradan Fonda bərpa edilməsi məqsədi ilə növbəti ilin ikinci ayının son iş gününədək həmin əsas borcalan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə müqavilə imzalayır. Həmin müqavilənin şərtləri əsas borcalanın maliyyə vəziyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
3.8. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.13-cü maddəsinə uyğun olaraq büdcə ili ərzində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə verilən büdcə ssudaları həmin şəxslər tərəfindən il ərzində qaytarıla bilmədikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi verilən büdcə ssudalarının bağlanılması (ödənilməsi) üçün Fondun vəsaitindən istifadə edə bilər.
4.1. Fondun vəsaitlərinin bu Qaydalara uyğun olaraq idarə edilməsi və ya etibarlı idarəetməyə verilməsi həmin vəsaitləri dəyərsizləşmədən qorumaq və Fonda əlavə gəlir gətirmək məqsədini daşıyır.
4.2. Fondun vəsaitlərinin valyuta strukturu dövlət borcu və zəmanəti üzrə öhdəliklərin valyuta strukturları nəzərə alınaraq təşkil olunur və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi valyuta vəsaitlərinin idarə edilməsində geniş təcrübəyə malik olan qurumu idarəetməyə cəlb edə bilər.
4.3. Fondun vəsaitləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin valyuta strukturuna uyğun olaraq, nüfuzlu beynəlxalq reytinq agentlikləri (Standard & Poor's, Fitch Ratings, Moody's, bundan sonra – beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum “A” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində yerləşən banklarda, habelə Azərbaycan Respublikasında bank lisenziyasına malik və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqi Azərbaycan Respublikasının (suveren) borc reytinqindən maksimum 1 (bir) pillə aşağı olan banklarda depozitlərə (tələbli və müddətli) və ya bu banklar tərəfindən buraxılmış borc kağızlarına yerləşdirilir.
4.4. Fondun vəsaitlərinin idarəetməyə verilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə idarəetməyə götürən arasında bağlanmış müqavilə əsasında həyata keçirilir və fərqli şərtlər, qaydalar nəzərdə tutulmadıqda, valyuta vəsaitlərinin yerləşdirilməsindən əldə edilən gəlirlər, idarəetmə ilə əlaqədar xərclər çıxıldıqdan sonra Fondun gəlirlərinə, itkilər isə xərclərinə aid edilir.
4.5. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlir idarəetməyə götürən tərəfindən Fondun hesabına köçürülür və Fondun daxilolmalarında “vəsaitlərin idarə olunmasından əldə olunan gəlir” kimi uçota alınır.
5.1. Fondun vəsaitinin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq struktur bölməsi tərəfindən aparılır.
5.2. Fondun maliyyə əməliyyatları barədə illik hesabatları dövlət büdcəsinin icrası barədə hesabatla birgə təqdim olunur.
5.3. Fondun hesabında ilin sonuna istifadə olunmamış vəsait növbəti büdcə ilində onun gəlirlərinə daxil edilir.
6.1. Fondun vəsaitinin xərclənməsi üzərində nəzarət mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
6.2. Bu Qaydaların tələblərini pozan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
1. 9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936)
2. 27 mart 2017-ci il tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2017-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 503)
3. 6 iyul 2017-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1474)
4. 3 avqust 2018-ci il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 avqust 2018-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1796)
5. 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)
6. 18 mart 2019-cu il tarixli 112 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 546)
7. 28 mart 2019-cu il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 568)
8. 4 iyun 2022-ci il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2022-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 662)
9. 10 may 2023-cü il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 may 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 719)
10. 24 fevral 2026-cı il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 fevral 2026-cı il, “Xalq” qəzeti, 13 mart 2026-cı il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 189)
11. 3 avqust 2026-cı il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 6 avqust 2026-cı il, № 139)