"Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda, habelə müəyyən edilmiş qaydada hüquq mühafizə orqanlarının qərarlarına əsasən qeyri-büdcə təşkilatlarında aparılan təftiş və yoxlamalar nəticəsində aşkar edilmiş məbləğlərin bərpası hesabına əldə olunan vəsaitin sonrakı təyinatı, istifadəsi, habelə bərpa edilmiş məbləğin növbəti maliyyələşmələr zamanı nəzərə alınması Qaydaları"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli, 827 nömrəli Fərmanının 7-ci bəndinin beşinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda, habelə müəyyən edilmiş qaydada hüquq mühafizə orqanlarının qərarlarına əsasən qeyri-büdcə təşkilatlarında aparılan təftiş və yoxlamalar nəticəsində aşkar edilmiş məbləğlərin bərpası hesabına əldə olunan vəsaitin sonrakı təyinatı, istifadəsi, habelə bərpa edilmiş məbləğin növbəti maliyyələşmələr zamanı nəzərə alınması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 28 iyul 2003-cü il № 94
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 28 iyul tarixli, 94 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
1.1. "Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli, 827 nömrəli Fərmanına müvafiq olaraq, bu Qaydalar dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (bundan sonra – büdcə təşkilatları), habelə müəyyən edilmiş qaydada hüquq mühafizə orqanlarının qərarlarına əsasən qeyri-büdcə təşkilatlarında aparılan təftiş və yoxlamalar nəticəsində aşkar edilmiş məbləğlərin bərpası hesabına əldə olunan vəsaitin (bundan sonra – əldə olunan vəsait) sonrakı təyinatını, istifadəsini, habelə bərpa edilmiş məbləğin növbəti maliyyələşmələr zamanı nəzərə alınmasına təmin etmək məqsədi ilə hazırlanmışdır.
II. Zİyan məbləğlərİnİn bərpası hesabına əldə olunan vəsaİtİn sonrakı təyİnatı, İstİfadəsİ, habelə bərpa edİlmİş məbləğİn növbətİ malİyyələşmələr zamanı nəzərə alınması
2.1. Əldə olunan vəsait təftiş və yoxlamanın gedişi dövründə və ondan sonrakı dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada pul və (və ya) natura formasında bərpa edilən məbləğlər hesab olunur.
2.2. Büdcə təşkilatlarında əldə olunan pul vəsaiti bütövlükdə Azərbaycan Respublikası dövlət büdcəsi gəlirlərinin təsnifatına müvafiq olaraq dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür.
2.3. Qeyri-büdcə təşkilatlarında aparılan təftiş və yoxlamalar nəticəsində aşkar edilmiş ziyan məbləğləri hesabına əldə olunan pul vəsaiti bütövlükdə həmin təşkilatın hesablaşma hesabına köçürülərək ilkin təyinatı üzrə xərclənir.
2.4. Təftiş və yoxlamalar nəticəsində aşkar edilmiş ziyan məbləğləri, vəsaitin ilkin təyinatı üzrə nəzərdə tutulmuş mal-materialların, ərzaq məhsullarının və digər dəyərlilərin natura şəklində büdcə təşkilatlarının anbarlarına mədaxil edilməsi, həmçinin iş və xidmətlərin görülməsi yolu ilə (cari ilin xərclər smetasında həmin məqsəd üçün nəzərdə tutulduğundan artıq olmamaq şərti ilə) bərpa edilə bilər.
Büdcə təşkilatlarının müvafiq xərc maddələri üzrə növbəti aylarda nəzərdə tutulan maliyyələşməsi təftiş və yoxlamalar nəticəsində aşkar olunmuş ziyan məbləğlərinin natura şəklində bərpa olunan hissəsi məbləğində azaldılır.
2.5. Qeyri-büdcə təşkilatları üzrə təftiş və yoxlamalar nəticəsində aşkar olunmuş məbləğlər mövcud qanunvericiliyə uyğun olaraq, həmin vəsaitin ilkin təyinatı üzrə nəzərdə tutulmuş mal-materialların, ərzaq məhsullarının və digər dəyərlilərin alınaraq təşkilatların anbarlarına mədaxil edilməsi, həmçinin iş və xidmətlərin görülməsi yolu ilə bərpa edilə bilər.
2.6. Büdcə təşkilatlarında yerinə yetirilməsi rəsmiləşdirilən, tikinti-quraşdırma, əsaslı və cari təmir işlərinin dəyərinin artırılması səbəbindən yaranan ziyan məbləği faktiki yerinə yetirilmiş, lakin dəyəri ödənilməmiş (təftiş və yoxlamanın aparıldığı tarixə) təmir-tikinti işlərinə görə idarə, müəssisə və təşkilatların podratçı təşkilatlara olan kreditor borcları (ödənilməsinə dövlət öhdəliyi götürülmüş kreditor borcları) hesabına bərpa edilə bilər. Bu halda, kreditor borcunun azaldılması barədə sifarişçi və podratçı təşkilatlar arasında müvafiq razılaşma aktı tərtib olunur və aktın bir nüsxəsi sonrakı ödənişlərə nəzarət etmək üçün müvafiq maliyyə orqanına təqdim edilir. Borcların azaldılması barədə tərtib olunmuş aktlardakı məlumat sifarişçi və podratçı təşkilatlarının mühasibat uçotunda əks etdirilir.
Qeyri-büdcə təşkilatlarında tikinti-quraşdırma, əsaslı və cari təmir işlərinin artırılmış dəyərinin bərpası da bu qaydada rəsmiləşdirilir və razılaşma aktının bir nüsxəsi sonrakı nəzarət üçün təşkilatın baş idarəsinə (nazirlik, komitə və şirkətlərə) göndərilir.
2.7. Əldə olunan vəsait barədə hər yarım ildən bir müvafiq maliyyə orqanları büdcə təşkilatlarından toplanmış məlumatları ümumiləşdirərək Maliyyə Nazirliyinin müəyyən etdiyi formada ona məlumat verir və məlumatların doğruluğu üçün mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.