Qanunvericilik › “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.06.2003) › Tam mətn

“Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.06.2003)

“Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.06.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının 1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Ehtiyat Fondunun vəsaitindən istifadə olunması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 mart tarixli 59 nömrəli qərarı (2-ci bəndi istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 2 iyun 2003-cü il

1. Bu Qaydalar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanına əsasən hazırlanmışdır və dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitlərindən istifadə qaydalarını müəyyən edir.

2. Dövlət büdcəsində nəzərdə tutulmayan xərclər habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün Ehtiyat Fondundan vəsait ayrıla bilər.

3. Ehtiyat Fondundan vəsait ayrılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edildikdə, müvafiq əsaslandırıcı sənədlər də təqdim edilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Ehtiyat Fondundan vəsait ayrılmasına dair təqdim edilən əsaslandırıcı sənədləri araşdırdıqdan sonra, Ehtiyat Fondundan vəsait ayrılması məsələsinə baxır və zəruri hallarda qədər (sərəncam) qəbul edir.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamında verilmiş tapşırıqlara əsasən Ehtiyat Fondundan vəsait ayrılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müvafiq qaydada icra edilir.

6. Ehtiyat Fondundan ayrılmış vəsait yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamında göstərilən məqsədlərə yönəldilir.

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.

7. Ehtiyat Fondundan ayrılmış vəsaitin müəyyən edilmiş məqsədlərə xərclənməsi mümkün olmadığı hallarda və ya ayrılmış vəsaitə qənaət olunarsa, bu vəsait mövcud qanunvericiliyə uyğun olaraq təxirəsalınmadan ilkin mənbəyinə qaytarılmalıdır.

8. Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır.

9. Ehtiyat Fondundan ayrılmış vəsaitin uçotunu Azərbaycan Respublikası Maliyyə Nazirliyi aparır.

10. Ehtiyat Fondundan vəsait almış təşkilatların vəzifəli şəxsləri həmin vəsaitin təyinatı üzrə xərclənməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

11. Ehtiyat Fondundan ayrılmış vəsaitin səmərəli və təyinatı üzrə xərclənməsinə nəzarəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

12. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər rüb Ehtiyat Fondundan ayrılmış vəsaitlər barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim edir.

1. 21 iyun 2005-ci il tarixli 112 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 548)

2. 9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 936)

3. 27 mart 2017-ci il tarixli 103 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2017-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 501)

4. 27 oktyabr 2017-ci il tarixli 471 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 oktyabr 2017-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10, maddə 1933)

5. 1 mart 2018-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 3 mart 2018-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 579)

6. 27 iyun 2018-ci il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1376)

7. 4 iyun 2022-ci il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2022-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 662)

8. 17 mart 2026-cı il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 18 mart 2026-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 284)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver