Qanunvericilik › Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Dövlət əmlakının özəlləşdirilməsinə dair əqdlərin rəsmiləşdirilməsi

Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır.

29.2. Bu Qanunun 29.1-ci maddəsində göstərilən alqı-satqı müqaviləsində hərracın, müsabiqənin və yaxud satınalmanın şərtlərindən irəli gələn öhdəliklərdən başqa dövlət əmlakının alqı-satqı müqaviləsinin tələbləri kimi aşağıdakılar göstərilməlidir:

29.2.1. özəlləşdirilən dövlət əmlakının satıcısı və alıcısı barədə məlumat;

29.2.2. özəlləşdirmə obyektinin adı, yerləşdiyi yer, torpaq sahəsi, tərkibi və dəyəri;

29.2.3. səhmdar cəmiyyətinin səhmlərinin sayı, onların növü və nominal dəyəri;

29.2.4. özəlləşdirmə obyektinin dəyərinin ödənilməsi forması və onun alıcının mülkiyyətinə verilməsi qaydaları;

29.2.5. tərəflərin öhdəlikləri və onların icra müddəti;

29.2.6. tərəflərin razılığı ilə digər şərtlər.

29.3. Özəlləşdirilmiş əmlak özəlləşdirmə əqdi qüvvədə olduğu müddətdə özgəninkiləşdirildikdə bu əqdlə müəyyən edilmiş öhdəliklər həmin əmlakı əldə etmiş yeni mülkiyyətçi üçün məcburidir.

29.4. Alqı-satqı müqaviləsində müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi üzərində nəzarəti dövlət əmlakının satıcısı həyata keçirir.

29.5. Özəlləşdirmə prosesində bağlanan əqdlərin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və özəlləşdirilmiş obyekt üzərində alıcının mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə dövlət əmlakının alıcılarına özəlləşdirilən müəssisə və obyektlərə, onların, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə verilir.

29.6. Özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər.

29.7. Alıcı ixtisaslaşdırılmış çek və pul hərraclarında aldıqları səhmlərə mülkiyyət hüququnu auksionların nəticələri haqqında protokolun təsdiq etdiyi gündən əldə edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver