“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 09 avqust tarixli 1009 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 1.6-cı bəndini nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 5.13-cü bəndini rəhbər tutaraq
1. Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 2007-ci il 09 noyabr tarixli 230 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2007-ci il 29 noyabr tarixində 3372 nömrə ilə dövlət qeydiyyatına alınmış “Dövlət əmlakının özəlləşdirilməsi prosesində nominal dəyəri ilə ilk növbədə əmək kollektivinə və ya icarəçiyə təklif olunan səhmlərin (hissələrin) satılması qaydaları haqqında Təlimat” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 2007-ci il 09 noyabr tarixli 230 nömrəli əmri ləğv edilsin.
3. Hüquq şöbəsi bu Qərarın 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
4. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi bu Qərarın surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin.
5. Qərarın icrasına nəzarət Komitə sədrinin müavini R.Cəlilova həvalə edilsin.
1.1. Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın (bunda sonra – II Dövlət Proqramı) 4.6-cı və 16.4-cü bəndlərinə uyğun olaraq hazırlanmışdır və
- II Dövlət Proqramı qəbul edilənədək bağlanmış və müvafiq qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (bundan sonra – Xidmət) qeydiyyatdan keçmiş icarə müqaviləsi əsasında fəaliyyət göstərən orta və iri müəssisələrin bazasında yaradılmış səhmdar cəmiyyətlərin səhmlərinin 30%-nin nominal dəyəri ilə ilk növbədə icarəçiyə təklif olunmasının və satılmasının;
- II Dövlət Proqramı qəbul edilənədək bağlanmış və müvafiq qaydada Xidmətində qeydiyyatdan keçmiş icarə müqaviləsi əsasında fəaliyyət göstərən və kiçik müəssisə kimi özəlləşdirilən müəssisələrin dəyərinin (obyektin start qiymətinin) 85%-nin ilkin start qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunmasının və satılmasının;
- orta və iri müəssisələr qrupuna aid edilən dövlət elmi müəssisələrinin bazasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin 30%-nin nominal dəyəri ilə ilk növbədə əmək kollektivinə təklif olunmasının və satılmasının qaydalarını tənzimləyir.
1.2. Dövlət əmlakının özəlləşdirilməsi prosesində nominal dəyəri ilə ilk növbədə əmək kollektivinə və ya icarəçiyə təklif olunan səhmlərin (hissələrin) satılması zamanı müəssisələrin əmək kollektivi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir və bu zaman müəssisənin özəlləşdirmə planına (emissiya prospektinə) daxil edilmiş, habelə müəssisə rəhbərliyi tərəfindən təqdim edilmiş məlumatlar əsas götürülür.
1.3. Dövlət əmlakının özəlləşdirilməsi prosesində nominal dəyəri ilə ilk növbədə əmək kollektivinə və ya icarəçiyə təklif olunan səhmlərin (hissələrin) satışı məqsədilə qanunvericiliklə və bu Təlimatla müəyyən edilmiş tədbirlər II Dövlət ProqramıC:\Users\Application Data\3971na və Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisəsini özəlləşdirmə komissiyasının fəaliyyəti haqqında Əsasnamə”yə uyğun olaraq yaradılmış müəssisənin özəlləşdirmə komissiyası tərəfindən həyata keçirilir.
1.4. Fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri özəlləşdirilə bilməz.
2.1. II Dövlət Proqramı qəbul edilənədək bağlanmış və müvafiq qaydada Xidmətındə qeydiyyatdan keçmiş icarə müqaviləsi əsasında fəaliyyət göstərən orta və iri müəssisələrin səhmlərinin:
- 15%-i əmək kollektivinə güzəştli satışa yönəldilir;
- 30%-i nominal dəyəri ilə ilk növbədə icarəçiyə təklif olunur;
- 55%-i ixtisaslaşdırılmış pul hərracında satılır.
2.2. II Dövlət Proqramının 16.4-cü bəndinə uyğun olaraq dövlət elmi müəssisələrinin özəlləşdirilməsi onların profilini saxlamaq şərti ilə aşağıdakı kimi həyata keçirilir:
Həmin müəssisələr kiçik müəssisələr qrupuna aid edildiyi halda II Dövlət Proqramının 6.1-ci bəndinə uyğun olaraq özəlləşdirilir. Orta və iri müəssisələr qrupuna aid edildiyi halda isə onun səhmlərinin:
- 15%-i əmək kollektivinə güzəştli satılır;
- 30%-i nominal dəyəri ilə ilk növbədə əmək kollektivinə təklif olunur;
- 55%-i ixtisaslaşdırılmış pul hərraclarına və ya investisiya müsabiqəsinə yönəldilir.
2.3. Orta və iri müəssisələr qrupuna aid edilən dövlət elmi müəssisələrinin bazasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin ilk növbədə əmək kollektivinə təklif olunan 30%-nin, icarə müqaviləsi əsasında fəaliyyət göstərən orta və iri müəssisələrin bazasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin ilk növbədə icarəçiyə təklif olunan 30% səhmlərinin sayı və nominal dəyəri cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) və səhmdar cəmiyyətin təsis olunması barədə sərəncamda göstərilir.
2.4. Səhmlərin əmək kollektivinə və ya icarəçiyə təklif olunması onların hərraca çıxarılmadan ilk növbədə əmək kollektivinə və ya icarəçiyə təklif olunmasını və əmək kollektivi və ya icarəçi səhmləri almağa razılıq verdikdə onların nominal dəyərinin Azərbaycan Respublikasında dövriyyə vasitəsi olan manatla ödənilməsini nəzərdə tutur.
2.5. Xidmət orta və iri müəssisələr qrupuna aid edilən dövlət elmi müəssisələrinin və II Dövlət Proqramı qəbul edilənədək bağlanmış və müvafiq qaydada Komitədə qeydiyyatdan keçmiş icarə müqaviləsi əsasında fəaliyyət göstərən orta və iri müəssisələrin bazasında səhmdar cəmiyyəti təsis edildikdən sonra səhmlərin 30%-nin nominal dəyəri ilə ilk növbədə əmək kollektivinə və ya icarəçiyə təklif olunması barədə səhmdar cəmiyyətinə məlumat verilməsini və bu məqsədlə əmək kollektivinin ümumi yığıncağında elan verilməsini, habelə Xidmətin rəsmi internet səhifəsində dərc edilməsini həyata keçirir.
2.6. Müəssisənin özəlləşdirmə komissiyası nominal dəyəri ilə əmək kollektivinə və ya icarəçiyə təklif olunan səhmləri almaq hüququ olan hər bir şəxsin satışla bağlı məlumatlandırılması üçün zəruri tədbirləri görür.
2.7. Əmək kollektivinə və ya icarəçiyə təklif olunan səhmlərin satışı aşağıdakı qaydada həyata keçirilir:
- müəssisənin özəlləşdirmə komissiyası tərəfindən səhmləri satın almaq hüququ olan şəxslərin tam siyahısı tərtib edilir;
- təklif olunan səhmlərin ümumi sayı və nominal dəyəri əmək kollektivi üzvlərinin sayına bölünməklə işçilərin hər birinə düşəcək səhmlərin sayı və buna müvafiq ödəniləcək pul vəsaitinin məbləği müəyyənləşdirilir. Hesablamalar zamanı yuvarlaqlaşdırmalar ümumi qaydada həyata keçirilir;
- satış Xidmət tərəfindən rəsmi elan olunmuş gündən etibarən 25 gün ərzində həyata keçirilir və komissiya tərəfindən təqdim edilmiş sənədlər əsasında satışın yekunlarına əsasən satılmış səhmlərin sayı müəyyən edilir;
- müəssisənin özəlləşdirmə komissiyasının təqdim etdiyi sənədlər əsasında satışın yekunlarını təsdiq etmək üçün satışda iştirak etmiş şəxslərin ümumi yığıncağı keçirilir, satılmış səhmlərin dəyərinin komissiyanın sədri tərəfindən müvafiq bank hesabına köçürülməsi təmin edilir və müvafiq yekun sənədləri Xidmətə təqdim edilir.
2.8. Təqdim edilmiş yekun sənədlər əsasında Xidmət tərəfindən işçilərə müvafiq səhmlər üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas olan bildiriş verilir.
2.9. Xidmət tərəfindən müvafiq yekun sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə bu barədə məlumat verilir.
2.10. II Dövlət Proqramının 16.4-cü bəndinə və 4.6.3-cü yarımbəndinə uyğun olaraq, əmək kollektivi və ya icarəçi ona təklif olunan səhm zərfini almaqdan imtina etdikdə həmin səhm zərfi, müvafiq olaraq II Dövlət Proqramının 5.8-ci və 6.1-ci bəndlərində göstərilən qaydada özəlləşdirilir.
3.1. II Dövlət Proqramı qəbul edilənədək bağlanmış və müvafiq qaydada Xidmətində qeydiyyatdan keçmiş icarə müqaviləsi əsasında fəaliyyət göstərən kiçik müəssisələrin dəyərinin (obyektin start qiymətinin) 15%-i əmək kollektivinə güzəştli satışa yönəldilir, 85%-i isə ilkin start qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunur.
3.2. Kiçik müəssisələrin dəyərinin (obyektin start qiymətinin) ilkin start qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunan hissəsi və onun dəyəri özəlləşdirmə planında və sərəncamda göstərilir.
3.3. Xidmət kiçik müəssisələrin dəyərinin (obyektin start qiymətinin) ilkin start qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunan hissəsi və onun dəyəri barədə icarəçiyə təklif verir.
3.4. İcarə müəssisəsinin rəhbərliyi start qiyməti ilə əmək kollektivinə təklif olunan hissəni almaq hüququ olan hər bir şəxsin satışla bağlı məlumatlandırılması üçün zəruri tədbirləri görür.
3.5. İcarəçi kiçik müəssisələrin dəyərinin (obyektin start qiymətinin) ilkin start qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunan hissəsini almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir.
3.6. Təlimatın 2.1-ci bəndində müəyyən olunmuş qaydada icarəçi qismində çıxış etmiş icarə müəssisəsinin əmək kollektivi üzvlərinə Xidmət tərəfindən müvafiq şəhadətnamə verilir.
3.7. İcarəçilər icarə müəssisəsinin satışa çıxarılmış və ilk növbədə onlara təklif olunan nizamnamə kapitalı hissəsini almaqdan imtina etdikdə, həmin müəssisələr müvafiq olaraq II Dövlət Proqramının 6.1-ci bəndində göstərilən qaydada özəlləşdirilir.
1. 6 iyun 2023-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306060012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 iyun 2023-cü il)