Ali təhsili olan Azərbaycan Respublikasının vətəndaşları icra məmurları ola bilərlər.
Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarının qulluğa qəbulu və qulluq keçməsi bu Qanunla və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarının qulluğa qəbulu “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qulluğa qəbulun şərtləri nəzərə alınmaqla müsabiqənin keçirilməsi yolu ilə aparılır. Müsabiqə test imtahanından və söhbətdən ibarətdir. Müsabiqədən uğurla keçmiş namizədlər icra məmuru qismində fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində azı 3 aylıq icbari təlimə cəlb edilirlər. İcbari təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər qulluğa qəbul edilirlər. Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarına qanunla müəyyən edilmiş qaydada xüsusi rütbə verilir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində, Azərbaycan Respublikasının Ali Məhkəməsində və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində icra məmurlarının qulluğa qəbulu və qulluq keçməsi dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.