İcra məmurlarına həvalə olunmuş vəzifələrin həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanı təmin edir.
Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi, habelə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icra sənədlərinin icrası üzrə icra məmurlarının fəaliyyəti icra xidmətini təşkil edir.
Bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, icra xidmətinə Azərbaycan Respublikasının Baş icra məmuru rəhbərlik edir.
Probasiya nəzarətinin həyata keçirilməsi, o cümlədən ictimai işlər növündə inzibati tənbehin icrası üzrə icra məmurlarının fəaliyyəti probasiya xidmətini təşkil edir.
Probasiya xidmətinə Azərbaycan Respublikasının Baş probasiya məmuru rəhbərlik edir.
İcra məmurlarının fəaliyyətinin əsasları Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Cinayət-Prosessual Məcəllə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində icra məmurları müvafiq olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, digər məhkəmələrin icra məmurları müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilirlər.