İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir:
icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;
icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır;
icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir;
alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir;
icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir;
tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə Elektron Hökumət İnformasiya Sistemində müvafiq qeydlər aparır;
icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edir;
icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat verir;
qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edir;
icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirir.
İcra xidmətinin icra məmuru məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir:
məhkəmədə hakimlərin, məhkəmə prosesinin digər iştirakçılarının və şahidlərin təhlükəsizliyini təmin edir;
məhkəmənin fəaliyyəti ilə əlaqədar hakimlərin sərəncamlarını icra edir;
məhkəmə və hakimin qərarı ilə təqsirləndirilən şəxs və digər şəxslər barəsində qanunda nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərini tətbiq edir;
iş vaxtı məhkəmə binalarının, müşavirə otaqlarının və məhkəmə iclas zalının mühafizəsini təmin edir;
məhkəmə iclas zalının iclasa hazırlığını yoxlayır, hakimin tapşırığı ilə cinayət işinin və maddi sübutların məhkəmə iclas zalına gətirilməsini və mühafizəsini təmin edir;
həbsdə saxlanılan məhkumların müşayiət edilməsində, onların mühafizəsi və təhlükəsizliyi məsələlərində hərbiləşdirilmiş qurumlarla qarşılıqlı fəaliyyət göstərir;
məhkəmənin ərazisində ictimai qaydaları təmin edir, qanun pozuntularının qarşısını alır, onları aradan qaldırır, nizam-intizamı pozanları aşkar edərək qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görür;
məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirir;
icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir.
Probasiya xidmətinin icra məmuru Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən vəzifələrlə yanaşı aşağıdakı vəzifələri də yerinə yetirir:
icraata daxil olmuş sənədlərin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;
üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərə və onların nümayəndələrinə iş materialları ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır;
üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərin müraciətlərinə baxır və müvafiq tədbirlər görür;
probasiya xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir.