Qanunvericilik › “Dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 24.10.2023) › Tam mətn

“Dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 24.10.2023)

“Dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 24.10.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1. “Dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına göndərilməsini təmin etsin.

4. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.

1.1. Bu Qaydalar “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.12-1-ci maddəsinə əsasən hazırlanmışdır və uşaq evləri istisna olmaqla dövlət məktəbəqədər təhsil müəssisələrinə (bundan sonra – təhsil müəssisələri) tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını müəyyən edir.

1.2. Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir.

1.3. Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (o cümlədən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmış) şəxslər iştirak edə bilərlər.

1.4. Tərbiyəçi-müəllimlərin yerdəyişməsi bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq onların müraciəti əsasında həyata keçirilir.

2.1. Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsi (bundan sonra – müsabiqə) iki mərhələdən (test imtahanı və müsahibə) ibarət olmaqla təşkil edilir. Müsabiqənin test mərhələsi mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.

2.2. Nazirlik təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu barədə özünün rəsmi internet saytında və mediada müsabiqə elanı verir. Müsabiqə elanı müsabiqənin başlamasına azı bir ay qalmış verilir.

2.3. Müsabiqədə iştirak etmək üçün namizəd “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə işə qəbul üzrə müvafiq alt sistemdə qeydiyyatdan keçir və ona həmin sistemdə “Şəxsi kabinet” açılır. Namizəd “Şəxsi kabinet”ə daxil olaraq elektron ərizəni doldurur və onu təsdiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci və 32.2-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.3.1. namizədin orta ixtisas və ya ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;

2.3.2 ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti.

2.4. Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonra məlumatların uyğunluğu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə yoxlanılır. Sənədlərin uyğunluğu yoxlanıldıqdan sonra namizədin test imtahanına buraxılması, yaxud buraxılmaması barədə məlumat onun “Şəxsi kabinet”inə göndərilir. Namizədlər test imtahanı ilə bağlı məlumatları (keçirilmə vaxtı və yeri barədə və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər.

2.5. Test imtahanında namizədlərə məktəbəqədər təhsilin məzmunu və metodikasına aid 40 sual, pedaqoqika, uşaq və yaş psixologiyasına aid 20 sual təqdim edilir.

2.6. Test suallarının cavablandırılması üçün 120 dəqiqə vaxt ayrılır.

2.7. Test imtahanında yolverilməyən hərəkətlər, habelə imtahana gətirilməsi qadağan edilən əşyaların siyahısı yaddaş kitabçasında əks olunur və onun “Şəxsi kabineti”nə göndərilir.

2.8. Namizəd yaddaş kitabçasında müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs test imtahanından kənarlaşdırılır. Müvafiq pozuntular test imtahanı başa çatdıqdan sonra aşkar edilərsə, həmin şəxsin nəticələri ləğv edilir.

2.9. Test imtahanında hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir və hər səhv cavaba görə 0,25 (sıfır tam yüzdə iyirmi beş) bal çıxılır. Sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

2.10. Test imtahanının keçid balı hər il Nazirlik tərəfindən müəyyən edilir.

2.11. Test imtahanında keçid balını toplamış namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılır.

2.12. Müsabiqənin müsahibə mərhələsi Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin aidiyyəti yerli bölmələri (bundan sonra – yerli bölmələr) və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

2.13. Müsahibələrin keçirilməsi məqsədilə hər il Nazirlik tərəfindən müvafiq komissiyalar yaradılır.

2.14. Müsahibələrin keçirilmə tarixi barədə məlumat aidiyyəti üzrə yerli bölmələrin və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin rəsmi internet səhifələrində elan edilir.

2.15. Müsahibə mərhələsində namizədlərin peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub-olmaması barədə qərar verilir.

2.16. Müsahibədən keçmiş namizədlərə yerli bölmələr və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən vakant yerlər təklif olunur.

2.17. Müsahibədən keçmiş namizədlərin nəticəsi eyni olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir:

2.17.1. şəhid ailəsinin üzvlərinə;

2.17.2. təhsil pilləsi (səviyyəsi) daha yüksək olanlara;

2.17.3. təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə;

2.17.4. pedaqoji stajı daha çox olanlara;

2.17.5. müəssisəyə daha yaxın ərazidə yaşayanlara.

2.18. Test imtahanında və ya müsahibədə iştirak etməyən namizədlər üçün təkrar test imtahanı və müsahibə keçirilmir.

2.19. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün yerli bölmələr və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən tabeliyində olan təhsil müəssisələrinə göndərilir.

3.1. Tərbiyəçi-müəllimlərin bir təhsil müəssisədən digərinə yerdəyişməsi təhsil müəssisələrində işləyən tərbiyəçi-müəllimlərin müraciətləri əsasında yerli bölmələr və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

3.2. Yerdəyişmə ilə bağlı müraciətlərə baxılması məqsədilə yerli bölmələrin və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin əmrləri ilə komissiyalar yaradılır.

3.3. Yerdəyişmə ilə bağlı müraciətlərə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır.

3.4. Bir vakant yerə birdən çox müraciət olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir:

3.4.1. şəhid ailəsi üzvlərinə;

3.4.2. daha yüksək təhsil pilləsini (səviyyəsini) bitirənlərə;

3.4.3. pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə.

3.5. Komissiya tərəfindən yerdəyişməsi məqbul hesab edilən tərbiyəçi-müəllimlər barədə məlumatlar əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün yerli bölmələr və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən tabeliyində olan təhsil müəssisələrinə göndərilir.

1. 8 iyul 2024-cü il tarixli KQ-09 nömrəli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202407080009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2024-cü il)

2. 14 mart 2025-ci il tarixli KQ-03 nömrəli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202503140003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 aprel 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver