Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»-nın həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. «Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 may 1997-ci il.
1.1. Bu Əsasnamə dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış açıq tipli səhmdar cəmiyyətlərinin səhmdarlarının reyestrinin aparılması qaydalarını, reyestr saxlayıcısının və səhmlərin nominal saxlayıcısının vəzifələrini müəyyən edir.
1.2. Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri səhmdar cəmiyyətinin səhmləri ilə aparılan əqdlər haqqında yazıların qeydiyyat sistemidir.
2.1. Səhmdar cəmiyyətinin səhmdarlarının reyestrinə aşağıdakı məlumatlar daxil edilməlidir:
səhmdar cəmiyyətinin rekvizitləri;
səhmdar cəmiyyətinin nizamnamə kapitalının həcmi, buraxılışa elan olunmuş və tədavülə buraxılmış səhmlərin miqdarı, nominal dəyəri və növləri haqqında məlumat;
səhmlərin bölünməsi və cəmlənməsi haqqında məlumat;
hər bir qeydiyyatdan keçmiş şəxs haqqında onun səhmlərin mülkiyyətçisi və ya nominal saxlayıcısı olmasını, həmçinin adına yazılmış səhmlərin miqdarını, nominal dəyərini, növünü əks etdirən məlumatlar;
səhmdar cəmiyyətinin öz hesabına satın aldığı səhmlərinin miqdarı, nominal dəyəri və növü haqqında məlumat;
dividentlərin ödənilməsi haqqında məlumat;
səhmlərlə əqdlərin baş tutmasını təsdiqləyən sənədlər (razılaşma depozitinin iştirakı olmadan aparıldıqda) haqqında, həmçinin səhmlərə mülkiyyət hüququnun əldə edilməsinin başqa əsasları və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada səhmlərin öhdəliklərlə yüklənməsi faktı haqqında məlumat;
səhmlərin nominal saxlayıcısı haqqında məlumat;
depozitarlar haqqında məlumat.
2.2. Səhmdarların reyestri kağız daşıyıcılarında və elektron yazıları formasında aparıla bilər.
2.3. Səhmdarların reyestrinin aparılması sisteminə aşağıdakılar daxildir:
xronoloji qaydada qeydiyyat jurnalının aparılması;
qeydiyyata alınmış şəxslərin və girov saxlayıcıların şəxsi hesablarının aparılması;
səhmlərin nağd buraxılışı formasında səhm sertifikatlarının verilməsinin və onların ləğvinin qeydiyyatı jurnalının aparılması;
səhmdarların reyestrinə yazıların aparılmasını əsaslandıran sənədlərin uçot və saxlanması sisteminin (elektron daşıyıcılarındakı məlumatları daxil etməklə) aparılması;
qeydiyyata alınmış şəxslərin və girov saxlıyıcılarından alınmış ərizələrin (sorğuların) uçotunun aparılması;
qeydiyyata alınmış şəxslərə informasiya verilməsi və reyestrin məlumatları ilə tanış olmaq imkanının yaradılması.
2.4. Qeydiyyat jurnalı səhmdar cəmiyyəti tərəfindən elan olunmuş hər bir növü üzrə aparılır.
Hər bir qeydiyyat jurnalında aşağıdakılar göstərilir:
səhmdar cəmiyyəti tərəfindən buraxılışa elan olunmuş hər növ səhmlərin miqdarı və nominal dəyəri, emitent tərəfindən qiymətli kağızlar buraxılmasının dövlət qeydiyyatı kodu (səhmdar cəmiyyətinin buraxılışa elan etdiyi səhmlərin miqdarı dəyişildikdə, qeydiyyat jurnalında bu növ səhmlərin yeni yekun miqdarı göstərilir);
hər səhm növü üzrə dividendin elan olunma tarixi, dividend verilən səhmlərin sayı, bir səhmə ödənilən dividendin həcmi.
Səhmdar cəmiyyəti təsis olunarkən səhmdarların reyestrinə cəmiyyətin təsis sənədlərində göstərilən bütün təsisçilər, səhmlərin miqdarı və növü haqqında məlumatlar daxil edilir.
Səhmlərin əlavə emissiyasında, emissiya prospektinin qeydiyyata alındığı vaxtdan 5 (beş) gün müddətində, reyestrə mülkiyyətə alınmayan, əlavə emissiya olunan bütün səhmləri özündə əks etdirən şəxsi emissiya hesabının açılması haqqında yazılar daxil edilir.
2.5. Qeydiyyat jurnalında xronoloji qaydada səhmlərin hər bir əlavə emissiyası haqqında və hər bir ötürülməsi haqqında, o cümlədən qeydiyyata alınmış şəxsin adına yazılmış səhmlərin öhdəliklərlə yüklənməsi faktını özündə əks etdirən və ya səhmlərin sayının dəyişməsi ilə əlaqədar səhmlərin əlavə emissiyası və yazılar daxil edilir.
Qeydiyyat jurnalına daxil edilən yazılar özündə aşağıdakı məlumatı əks etdirilməlidir:
yazının nömrəsi haqqında (nömrə yazının daxil edilməsi tarixi üzrə ardıcıl verilir) məlumatı;
yazının daxil edilmə tarixi haqqında (yazının daxil edilmə tarixi dedikdə reyestrə yazıların daxil edilməsi üçün əsas olan sənədlərin reyestr saxlayan tərəfindən alınma tarixi nəzərdə tutulur) məlumatı;
səhmlərlə aparılan əməliyyatların növü haqqında məlumatı;
səhmdarların reyestrinə qeydiyyata alınmış şəxs kimi daxil edilən şəxsin adı haqqında, onun səhmlərin mülkiyyətçisi və ya nominal saxlayıcısı olması göstərilməklə, həmçinin onun şəxsi hesabının nömrəsi haqqında məlumatı, o cümlədən:
a) emitent tərəfindən səhmlərin tədavülə buraxılmasına dair məlumatı;
b) səhmdar cəmiyyəti yenidən təşkil olunduqda səhmlərin dəyişməsinə dair məlumatı;
v) səhmlərin girov qoyulduğu hallarda girov saxlayanın adı və şəxsi hesabının nömrəsi haqqında məlumatı;
q) qeydiyyata alınmış şəxsin adına yazılmış səhmlərin miqdarının, növünün dəyişməsi və öhdəliklərlə yüklənməsi haqqında məlumatı.
Reyestr saxlayan qeydiyyata alınmış şəxs haqqında məlumatı, o, qeydiyyatdan çıxdıqdan sonra 3 (üç) il müddətində saxlamağa borcludur.
2.6. Səhmdarların reyestrini saxlayan qeydiyyata alınmış hər bir şəxsə qeydiyyat jurnalında lazımi yazılar aparmaqla şəxsi hesab açır.
Şəxsi hesab aşağıdakı məlumatları əks etdirməlidir:
şəxsi hesabın nömrəsini;
qeydiyyatdan keçmiş şəxs haqqında (onun səhmlərin mülkiyyətçisi və ya nominal saxlayıcı olmasını qeyd etməklə):
a) fiziki şəxslər üçün—adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, ünvanı və vəkil edilmiş şəxs haqqında (əgər o, təyin olunarsa) məlumatı;
b) hüquqi şəxslər üçün—hüquqi şəxsin tam rəsmi adı, vəkil olunmuş nümayəndəsi və qeydiyyat aparan orqanın adı, qeydiyyatın nömrəsi və tarixi, hüquqi ünvanı haqqında məlumatı;
v) səhmə mülkiyyət hüququ iki və ya daha artıq şəxsə məxsus olarsa, onda azı iki şəxsin adı, atasının adı, soyadı və bütün mülkiyyətçilər adından çıxış edən vəkil edilmiş şəxs haqqında məlumatı;
q) qeydiyyata alınmış şəxslərə lazımi informasiyanın verilməsinə, dividendlərin və digər ödəmələrin köçürülməsinə imkan yaradan məlumatları;
hesablanmış və ödənilmiş dividendlərin miqdarı haqqında məlumatı;
qeydiyyata alınmış şəxsin adına yazılmış səhmlərin miqdarı və növü, o cümlədən qeydiyyat jurnalında aparılan uyğun yazıların nömrəsini göstərmək şərti ilə səhmlərin miqdarının və növünün dəyişməsi haqqında məlumatı;
qeydiyyat jurnalında girovun predmeti olan səhmlərin miqdarının dəyişməsini, girovun yaranması və ona xitam verilməsi ilə bağlı yazıların nömrəsini, girov saxlayanın şəxsi hesabının nömrəsini qeyd etməklə, səhmlərin öhdəliklərlə yüklənməsi haqqında məlumatı;
səhm sertifikatları və onların verildiyi təqdirdə nömrələri haqqında məlumatı.
Bir şəxs eyni zamanda həm səhmdar cəmiyyətin səhmlərinin mülkiyyətçisi, həm də səhmlərin nominal saxlayıcısıdırsa, səhmdarların reyestrində bu şəxs üçün səhmlərin mülkiyyətçisi kimi bir şəxsi hesab və səhmlərin nominal saxlayıcısı kimi isə ayrılıqda digər şəxsi hesab açılır.
2.7. Səhmdarların reyestr saxlayanı tərəfindən qeydiyyata alınmış girov saxlayana açılan şəxsi hesab özündə qeydiyyat jurnalında uyğun yazının nömrəsini göstərməklə qeydiyyata alınmış girovun yaranmasını və ləğvini, qeydiyyata alınmış girovun predmeti olan səhmlərin miqdarının dəyişməsini və həmçinin qeydiyyata alınmış girov saxlayan haqqında məlumatı əks etdirir; qeydiyyata alınmış girov saxlayan bir nəfərdən artıq olarsa, onda şəxsi hesab özündə bütün girov saxlayanlar və ya girov saxlayanların vəkil edilmiş nümayəndəsi haqqında məlumatı əks etdirməlidir.
Qeydiyyata alınmış girova xitam verildikdə, səhmdarların reyestrində girov saxlayan haqqında məlumatlar girovun ləğv edilməsi günündən üç il müddətindən az olmayaraq saxlanmalıdır.
2.8. Səhmlər əlavə emissiya olunduqda, səhmdarların reyestr saxlayanı tərəfindən mülkiyyətə verilməmiş səhmlərin miqdarı əks olunan şəxsi hesab açılır. Göstərilən səhmlər satılana qədər onların səs hüququ olmur və onlara dividendlər hesablanmır.
2.9. Səhm sertifikatlarının təqdim olunması və ləğvi jurnalı səhmlərin sertifikat verilən hər bir növü üzrə ayrıca aparılmalı və özündə aşağıdakıları əks etdirməlidir:
sertifikatın nömrəsini (hər bir sertifikat üçün ayrılıqda göstərilməlidir);
sertifikatla təsdiq olunan səhmlərin miqdarını;
səhmlərin sertifikatı verilən, qeydiyyatdan keçmiş şəxsin adını;
sertifikatın təqdim olunduğu və ya etibarsız sayıldığı tarixi;
sertifikatın silinməsi tarixini;
səhm sertifikatının itirilməsi (oğurlanması, məhv olması və s.) və ya yararsız vəziyyətə düşməsi, həmçinin onun əvəzinə yeni sertifikat verilməsi haqqında məlumatın daxil olmasını.
2.10. Səhmdarların reyestrinin aparılma sistemi reyestr saxlayana daxil olan və reyestrə yazıların daxil edilməsinə əsas olan sənədlərin qeydiyyatını, uçotunu və saxlanmasını təmin etməlidir.
2.11. Qeydiyyata alınmış şəxsin və ya qeydiyyata alınmış girov saxlayana ərizələri (sorğuları) haqqında və hər bir ərizə (sorğu) üzrə görülən tədbirlər barəsində informasiya səhmdarların reyestr saxlayanı tərəfindən ərizə (sorğu) daxil olduğu gündən 3 (üç) il müddətində saxlanılmalıdır.
2.12. Səhmdarların reyestr saxlayanı tərəfindən daxil olan hər bir sənədin daxilolma tarixi və vaxtı haqqında qeydlər aparılmalıdır.
3.1. Səhmdarların reyestr saxlayanı tərəfindən səhmdarların reyestrindən verilən çıxarış sənəd kimi qiymətli kağız olmayıb, reyestrdəki yazıları təsdiqləyir və onun üzərində yalnız reyestrindən çıxarış olduğu və onun digər sənəd olmadığı birmənalı qeyd edilməlidir.
3.2. Səhmdarların reyestrindən çıxarış bir sənəd kimi qeydiyyata alınmış şəxsin adına yazılmış səhmlər haqqında səhmdarların reyestrində yazıları təsdiqləyir və aşağıdakıları özündə əks etdirir:
qeydiyyata alınmış şəxsin adını, atasının adını, soyadını;
qeydiyyata alınmış şəxsin adına yazılmış səhmlər haqqında yazıları təsdiqləyən çıxarışın tarixini;
səhmdar cəmiyyətinin tam adını, qeydiyyat aparan orqanın adını, qeydiyyatın nömrəsini və tarixini, cəmiyyətin hüquqi ünvanını;
qeydiyyata alınmış şəxsin adına reyestrdə yazılmış səhmlərin miqdarını və növünü (kateqoriyasını), səhmlərin nominal dəyərini və dividendin həcmini (imtiyazlı səhmlər üçün);
səhmlərin başqasına verilməsini, onların miqdarını və növünü (kateqoriyasını);
reyestr saxlayanın tam rəsmi adını və hüquqi ünvanını;
dividendin verilməsi həvalə olunan bankın və ya agentin tam rəsmi adını (onlar olduqda);
səhmdarların reyestrində olan səhmlərin girov öhdəlikləri ilə yüklənməsini və onların ləğv edilməsini, həmçinin qeydiyyata alınmış girov haqqında məlumatları, səhmlərin başqalarına verilməsinə qoyulan digər məhdudiyyətləri.
3.3. Səhmdarların reyestrindən çıxarış qeydiyyata alınmış girovun olması faktını təsdiqləyən sənəd kimi özündə aşağıdakıları əks etdirməlidir:
girov saxlayanın adını, atasının adını, soyadını;
adına girovun predmeti olan səhmlər yazılmış şəxsin adını, atasının adını, soyadını;
səhmdarların reyestrindən çıxarışın qeydiyyata alınmış girovun olmasını təsdiqlədiyi tarixi;
səhmdar cəmiyyətinin tam rəsmi adını, qeydiyyat aparan orqanın adını, qeydiyyatın tarixini və nömrəsini, həmçinin səhmdar cəmiyyətin hüquqi ünvanını;
səhmlərin növünə (kateqoriyasına) dair məlumatları;
səhmdarların reyestrinin məlumatlarına əsasən qeydiyyata alınmış girovda olan səhmlərin miqdarını;
reyestr saxlayanın tam rəsmi adını və hüquqi ünvanını.
Qeydiyyata alınmış girov saxlayanın qeydiyyata alınmış girovun predmeti olan səhmlərə görə çıxarış almaq hüququ var.
3.4. Səhmdarların reyestrindən çıxarış qeydiyyata alınmış girova xitam verilməsi haqqında yazıları təsdiq edən sənəd kimi bu Əsasnamənin 3.3.-cü bəndində nəzərdə tutulmuş məlumatlara əlavə olaraq aşağıdakıları özündə əks etdirməlidir:
qeydiyyata alınmış girova xitam verilməsi haqqında yazıların səhmdarların reyestrinə daxil edildiyi tarixi haqqında məlumatı;
girovun predmeti olan hər bir səhm növü (kateqoriyası) üçün qeydiyyata alınmış girovun xitam verilməsi haqqında yazıların daxil edildiyi reyestrdə səhmlərin miqdarı haqqında məlumatları.
3.5. Səhmlərin tədavülə buraxılması blank formasında olarsa, hər bir qeydiyyata alınmış şəxsin adına onun səhmlərə hüququnu təsdiqləyən səhm sertifikatı verilir. Bir səhmə görə tədavülə bir sertifikatdan artıq sertifikat buraxıla bilməz.
3.6. Səhmlərin başqasına verildiyi hallarda, verilən səhmlərin miqdarı səhm sertifikatının təsdiqlədiyi səhmlərin miqdarından az olduqda səhmdarların reyestr saxlayanı tərəfindən səhmlərin sertifikatı ləğv olunur, səhmləri alana, aldığı səhmlərin miqdarını təsdiqləyən səhm sertifikatı və səhmləri verənə qalan səhmlərin miqdarını təsdiqləyən səhm sertifikatı verilir.
3.7. Əgər qeydiyyata alınmış şəxs tərəfindən səhm sertifikatının itirilməsi və ya yararsız vəziyyətə düşməsi haqqında ərizə daxil olarsa, ona səhmdarların reyestr saxlayanı tərəfindən yeni sertifikat verilir.
3.8. Səhmdar cəmiyyəti yenidən təşkil olunarkən, səhmlərin bölündüyü, birləşdirildiyi və ya dəyişdirildiyi hallarda tədavüldə olan səhm sertifikatları reyestr saxlayana səhmlərə hüquqların keçməsi ilə əlaqədar qaytarılmayana qədər yeni səhmlərə dəyişdirilmir. Səhmdar cəmiyyəti yenidən təşkil olunarkən səhmlərin yeni sertifikatı özündə səhmlərin bölünməsi, birləşməsi və ya dəyişdirilməsi nəticəsində yaranan dəyişikliklərlə bağlı məlumatları, zərurət olduqda isə cəmiyyətin yeni rəsmi adını, səhmlərin miqdarını, növünü (kateqoriyası) və nominal dəyəri də daxil olmaqla əks etdirməlidir.
3.9. Girovda olan və ya digər öhdəliklərlə yüklənən, yaxud da başqasına verilmə hüququ məhdudlaşdırılan səhmlərə verilən sertifikatlarda bu haqda məlumatlar öz əksini tapmalıdır.
4.1. Səhmdar cəmiyyəti səhmdarların reyestrinin aparılmasını dövlət qeydiyyatına alındıqdan sonra 1 (bir) aydan gec olmayaraq təmin etməlidir.
Açıq tipli səhmdar cəmiyyəti təsis olunduqda, səhmdarların reyestr saxlayanı reyestrə mövcud qanunvericilikdə nəzərdə tutulan, habelə bu Əsasnamədə, cəmiyyətin təsis sənədlərində və səhmlərin ödənilməsini təsdiqləyən başqa sənədlərdə olan məlumatları daxil etməlidir.
4.2. Özəlləşdirmə prosesində açıq tipli səhmdar cəmiyyəti təsis olunduqda, səhmdarların reyestr saxlayanı reyestrə özəlləşdirmə planını təsdiq edən təsisçi (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) haqqında, Nizamnamədə olan məlumatları, səhmlərə hüquqları əldə edən şəxslər haqqında, habelə özəlləşdirmə haqqında qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərdə olan məlumatları daxil edir.
4.3. Səhmdar cəmiyyəti yenidən təşkil edildikdə səhmlərin əlavə emissiyası, dəyişməsi haqqında informasiya ən geci 5 (beş) gün müddətində reyestr saxlayan tərəfindən səhmdarların reyestrinə daxil edilir.
4.4. Səhmlər satın alındıqda, silindikdə və ya ləğv edildikdə reyestr saxlayan səhmdarların reyestrinə aşağıda göstərilən sənədlərdə olan məlumatları daxil etməlidir:
səhmlərin miqdarının azalması ilə nəticələnən səhmdar cəmiyyətinin təsis sənədlərinə edilmiş dəyişikliklər barəsində sənədlərdə;
səhmlərin satılması, silinməsi və ləğv olunması haqqında qərar qəbul etmiş səhmdarların ümumi yığıncağının protokolunda;
satılmış səhmlərin ödənilməsini təsdiqləyən sənədlərdə.
Qeydiyyata alınmış şəxsə münasibətdə, onun adına yazılmış səhmlər satın alındıqda, səhmdarların reyestr saxlayanı aşağıda göstərilən iki tarixdən sonra ən geci 5 (beş) gün müddətində səhmlərin satınalınma faktını reyestrə daxil etməlidir:
a) səhmlərin sertifikatının reyestr saxlayana qaytarılma tarixindən sonra (əgər bu səhmlərə münasibətdə sertifikat verilmişdirsə);
b) səhmdar cəmiyyəti tərəfindən səhmlərin ödənilməsi tarixindən sonra.
Səhmlərin satın alınması, silinməsi və ləğvi haqqında yazılar səhmdarların reyestrinə səhmlərin satın alınması və ya ləğvi tarixindən ən geci 5 (beş) gün müddətində daxil edilir.
4.5. Səhmdarların ümumi yığıncağının protokolu əsasında səhmlərin bölünməsi və ya birləşməsi hallarında səhmdarların reyestr saxlayanı hər bir qeydiyyata alınmış şəxsin adına yazılmış səhmlərin miqdarının dəyişməsini əks etdirən yazıları reyestrə daxil etməlidir.
Səhmdarların reyestr saxlayanı səhmdarların reyestrinə səhmlərin bölünməsi və ya birləşməsi ilə əlaqədar dəyişiklikləri əks etdirən yazıları bu dəyişikliklərin edildiyi vaxtdan sonra ən geci 10 (on) gün müddətində daxil edir.
4.6. Səhmdarların reyestr saxlayanı qeydiyyata alınmış şəxsdən ötürücü (və ya girov) sərəncamını aldığı gündən ən geci 3 (üç) gün müddətində aşağıdakıları yerinə yetirməyə borcludur:
səhmlərin ötürülməsi haqqında yazıları qeydiyyat jurnalına daxil etməli və ötürücü sərəncamda göstərilən səhmləri alana, qeydiyyata alınmış şəxsin adına şəxsi hesab açmalı;
qeydiyyata alınmış şəxsin, şəxsi hesabında və qeydiyyat jurnalında səhmlərin girov öhdəlikləri ilə yüklənməsinin yaranması və xitam verilməsi faktları haqqında lazımi yazıları daxil etməli.
4.6.1. Ötürücü sərəncam aşağıdakı məlumatları özündə əks etdirməlidir:
səhmlərin ötürücüsünün, onun səhmlərin mülkiyyətçisi və ya nominal saxlayıcısı olmasını göstərməklə adını, atasının adını, soyadını;
səhmdar cəmiyyətin tam rəsmi adını;
ötürülən səhmlərin miqdarını;
səhmlərin növünü (kateqoriyasını);
adına səhmlər yazımalı olan şəxsə münasibətdə qeydiyyata alınmış şəxs üçün bu Əsasnamənin 2.6.-cı bəndində nəzərdə tutulan məlumatları;
depozitarlar tərəfindən əqdlər qeydə alındıqda qeydiyyatı aparan depozitarın tam rəsmi adını, qeydiyyat tarixini və nömrəsini, hüquqi ünvanını, qiymətli kağızlar üzrə əməliyyatların aparılmasına hüquq verən lisenziyanın alınma tarixini və nömrəsini, əqdin qeydiyyat tarixini və nömrəsini.
4.6.2. Ötürücü sərəncam səhmlərin ötürülməsini aparan qeydiyyata alınmış şəxs tərəfindən və ya onun vəkil edilmiş nümayəndəsi tərəfindən və həmçinin səhmlər verilən şəxs və ya onun vəkil olunmuş nümayəndəsi tərəfindən imzalana bilər.
Qeydiyyata alınmış girovun predmeti olan səhmlərin ötürülməsi hallarında, ötürücü sərəncam qeydiyyata alınmış girov saxlayan və ya onun vəkil olunmuş nümayəndəsi tərəfindən imzalanmalıdır.
4.6.3. Ötürücü sərəncam reyestr saxlayana səhmlər adına yazılmalı olan şəxs və ya onun vəkil edilmiş nümayəndəsi tərəfindən təqdim edilə bilər.
4.6.4. Ötürücü sərəncamda adına səhmlər yazılacaq şəxs haqqında dividendin alınması üsulunu özündə əks etdirən əlavə məlumatlar (o cümlədən bankdakı hesablarının məlumatları) göstərilə bilər.
4.7. Səhmlərin ötürülməsi əqdlər depozitar tərəfindən qeydiyyata alınmadan həyata keçirildikdə ötürücü sərəncama səhmdarların reyestrinə, yazıların daxil edilməsinə əsas olan və səhmlərlə əqdləri təsdiqləyən sənədlər əlavə olunur.
4.8. Tədavülə ötürülməli səhmlərə hüququ təsdiqləyən bir və ya neçə səhm sertifikatları vardırsa, onda ötürücü sərəncama səhm sertifikatı (sertifikatları) əlavə olunmalıdır.
4.9. Qeydiyyata alınmış girovun predmeti olan səhmlər ötürüldükdə ötürücü sərəncamda, səhmlərin ötürülməsinin qeydiyyata alınmış girov saxlayanın hüquqlarının istifadəsi ilə bağlı olub-olmadığını əks etdirən məlumatlar olmalıdır.
4.10. Səhmdarların reyestr saxlayanı səhmdarların reyestrinə, qeydiyyata alınmış girovun yaranması və ləğv olunması faktlarını və ya girovun predmeti olan səhmlərin miqdarının dəyişməsini və ya da səhmlərin digər öhdəliklərlə yüklənməsi faktlarını girov sərəncamı alınan vaxtdan ən geci 3 (üç) gün müddətində daxil edir.
4.10.1. Girov sərəncamı adına səhmlər yazılmış qeydiyyata alınmış şəxs və ya onun müvəkkil nümayəndəsi tərəfindən imzalanmalıdır. Girovun predmeti olan səhmlərin miqdarının azalması hallarında girov sərəncamı bu səhmlərə münasibətdə qeydiyyata alınmış girov saxlayan və ya onun müvəkkil nümayəndəsi tərəfindən imzalanır.
4.10.2. Qeydiyyata alınmış girov saxlayana və öhdəliklərlə yüklənmiş səhmlərə münasibətdə girov sərəncamına bu Əsasnamənin 4.6.1.-ci bəndində nəzərdə tutulan məlumatlar daxil edilməlidir.
4.10.3. Tədavüldə öhdəliklərlə yüklənmiş bir və ya bir neçə səhm sertifikatları olduqda girov sərəncamına səhmlərin sertifikatı (sertifikatları) əlavə olunur.
4.11. Alınmış sərəncam əsasında səhmdarların reyestrinə yazıların aparılmasından imtina olunduqda, reyestr saxlayan, sərəncamın alındığı vaxtdan ən geci 5 (beş) gün müddətində sərəncam verən şəxsə imtinanın əsaslandırılmış səbəbini göstərməklə bildiriş göndərilməlidir.
5.1. Səhmdarların reyestr saxlayanının öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnamənin müddəalarına müvafiq olaraq həyata keçirir.
5.2. Aşağıdakılar reyestr saxlayan kimi çıxış edə bilməz:
fiziki şəxslər, o cümlədən sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər;
emitentin öz səhmlərinin nominal saxlayıcıları;
səhmdar cəmiyyətinin öz səhmdarları və ya onun səhmlərinə nəzarət edən hüquqi şəxslər.
5.3. Reyestr saxlayanın və emitentin hüquq və vəzifələri onlar arasında bağlanmış müqavilə ilə müəyyən olunur.
Səhmdarların reyestrinin aparılması və saxlanılması müqaviləsi səhmdar cəmiyyəti tərəfindən yalnız bir hüquqi şəxslə bağlanır. Müqavilə bağlandıqda emitent reyestr saxlayana reyestrin aparılması üçün vacib olan buraxılışa elan olunmuş və tədavülə buraxılmış səhmlər haqqında, səhmdar cəmiyyətin təsis sənədlərində olan dəyişikliklər haqqında məlumatları, səhmdarların iclasının protokolunu, səhmlərin ödənilməsini təsdiqləyən sənədləri və səhmdarların reyestrinə yazıların daxil edilməsinə əsas olan digər sənədləri təqdim etməlidir.
Reyestr saxlayan ilə müqavilə bağlayan səhmdar cəmiyyəti səhmdarların reyestrinin saxlanılmasına və aparılmasına cavabdehlikdən azad olmur.
5.4. Reyestr saxlayan bu Əsasnamədə nəzərdə tutulmuş vaxtda reyestrə yazıların aparılmamasına, reyestrə yazılar daxil edilərkən buraxdığı səhvlərə və səbəbsiz olaraq yazıların aparılmasından imtina edilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdehdir, həmçinin bu səbəbdən dəyən zərəri qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir.
5.5. Buraxılışa elan olunmuş səhmlərin miqdarından artıq səhm tədavülə buraxılarsa, emitent artıq səhmlərin tədavüldən çıxarılmasını və silinməsini təmin etməlidir.
5.6. Qeydiyyat jurnalı və şəxsi hesabın elektron daşıyıcılarında həmçinin kağız daşıyıcılarında olan məlumatlar itirildikdə, səhmdarların reyestr saxlayanı aşağıdakıları etməyə borcludur:
1 (bir) gün müddətində yazılı şəkildə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sənədlərin itirilməsi haqqında məlumat verməyə;
itirilmiş məlumatların bərpası məqsədi ilə əlaqədar şəxslər tərəfindən sənədlərin təqdim edilməsi və investisiya təsisatlarının iştirakı olmadan həyata keçirilən əqdlərin yenidən qeydiyyatını aparmaq üçün mediada məlumat dərc etdirməyə;
səhmdarların reyestrində yazıların aparılmasını dayandırmadan 10 (on) gün müddətində itirilmiş məlumatları yenidən bərpa etməyə.
Əqdlər investisiya təsisatlarının iştirakı ilə keçirilərsə, investisiya təsisatı qeydiyyat aparana səhmdarların reyestrinin məlumatlarının bərpası üçün lazımi sənədləri təqdim etməlidir.
5.7. Reyestr saxlayanın səhmdarların reyestrinin aparılması və saxlanması dair müqavilə əsasında əldə hüquq və səlahiyyətləri, başqa şəxsə vermək hüququ yoxdur.
5.8. Səhmdarların reyestr saxlayanı:
emitentlərin vəkil olunmuş şəxslərinin və qeydiyyata alınmış şəxslərin bütün iş günü ərzində səhmdarların reyestrinin məlumatları ilə tanış olmasını təmin etməlidir;
emitentə qeydiyyata alınmış şəxslərin siyahısını və ildə bir dəfədən az olmayaraq qeydiyyata alınmış şəxslərin tam siyahısını təqdim etməlidir (reyestr bağlandığı tarixə);
ayda bir dəfə tədavülə buraxılmış səhmlərin və ötürülməsi qeydiyyata alınmış şəxs tərəfindən aparılan səhm növlərinin (kateqoriyalarının) miqdarını tutuşdurmalıdır.
5.9. Emitentin sərəncamı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin müddəalarına, bu Əsasnamə və ya emitentin təsis sənədlərinə zidd olduqda səhmdarların reyestr saxlayanı onu icra etməməlidir.
5.10. Səhmdarların reyestrinin aparılmasını və saxlanılmasını həyata keçirən hüquqi şəxs reyestrdə qeydiyyata alınmış şəxslərin adına yazılmış səhmlərlə əqdlər apara bilməz.
6.1. Səhmlərin nominal saxlayıcısı—başqa şəxsin tapşırığı (səhmlərin mülkiyyətçisi və ya digər nominal saxlayıcısı) ilə öz adından səhmləri saxlayan, lakin həmin səhmlərin mülkiyyətçisi olmayan şəxsdir.
6.2. Nominal saxlayıcının səhmlərə hüquqları səhmlərin mülkiyyətçisi və ya digər nominal saxlayıcısı ilə bağlanmış müqaviləyə əsasən yaranır.
6.3. Qeydiyyata alınmış şəxs kimi səhmlərin nominal saxlayıcısı haqqında məlumat səhmdarların reyestrinə reyestr saxlayan tərəfindən daxil edilməlidir.
6.4. Nominal saxlayıcısı olan şəxs aşağıdakıları həyata keçirməyə borcludur:
səhmlərini saxladığı şəxsə veriləsi bütün ödənişlərin alınması üçün lazımi hərəkətləri aparmağa;
ancaq səhmlərini saxladığı şəxsin tapşırığına və onunla bağlanmış müqaviləyə uyğun olaraq əqdləri və əməliyyatları həyata keçirməyə;
başqa şəxsin tapşırığı ilə ayrı-ayrı hesablarda saxladığı səhmlərin uçotunu aparmaq, səhmlərini saxladığı şəxsin tələblərini ödəmək üçün ayrı-ayrı hesablarda lazımi miqdarda səhmlərin saxlanılmasını təmin etməyə.
6.5. Nominal saxlayıcı səhmlərini saxladığı şəxsin tələblərinə əsasən onun səhmlərə hüququnun həyata keçirilməsini təmin etməlidir.
6.6. Nominal saxlayıcı ildə bir dəfədən az olmayaraq səhmlərin miqdarını və növlərini (kateqoriyalarını) göstərməklə, səhmlərini saxladığı şəxs barəsində məlumatları, səhmdarların reyestr saxlayanına təqdim etməlidir.
6.7. Nominal saxlayıcı, səhmlərini saxladığı şəxsin tələbi ilə, səhmdarların reyestrində, nominal saxlayıcının adına yazılmış müəyyən növ (kateqoriya) və miqdarda səhmlərin həmin şəxsin adına keçirilməsi ilə bağlı yazıların reyestrə daxil edilməsi haqqında sənədi reyestr saxlayana göndərməyə borcludur.
6.8. Nominal saxlayıcının öz müştərilərinin tapşırığı əsasında saxladığı səhmlər onun kreditorlarına xeyrinə alına bilməz.
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1. 26 iyul 1999-cu il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 07, maddə 423)
2. 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 10, maddə 640)
3. 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 07, maddə 590)
4. 9 iyul 2009-cu il tarixli 120 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 iyul 2009-cu il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 523)
5. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610)
6. 28 dekabr 2022-ci il tarixli 1921 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1431)
7. 30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)