Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisələri) müşahidə şuralarında (himayəçilik şuralarında və ya direktorlar şuralarında) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin təmsil olunması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
4.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaların 4.1-ci bəndində, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydaların 3.1-ci və 6.1-ci bəndlərində nəzərdə tutulan məlumat və hesabat formalarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yeni dövlət müəssisəsinin təsis edilməsi, habelə mövcud dövlət müəssisəsinin yenidən təşkili və ya ləğvi ilə bağlı məlumatları hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alındığı tarixdən 5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
6. Dövlət müəssisələri:
6.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaların 4.1-ci və 4.6-cı bəndlərində nəzərdə tutulmuş məlumatları (hesabatları) 2026-cı il aprelin 1-dən başlayaraq, həmin Qaydalarda göstərilmiş müddətlərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formada həmin Nazirliyə təqdim etsinlər;
6.2. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydalara uyğun olaraq, 2023 – 2025-ci illərin yekunu üzrə maliyyə hesabatlarını (maliyyə hesabatının tərtibi qanunla müəyyən edilmiş qaydada məcburi olduğu halda), habelə 2026-cı il üzrə təsdiq edilmiş büdcələrini 2026-cı il aprelin 30-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
7. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2025-ci il
1.1. Bu Qaydalar dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisəsi) illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqi, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.
1.2. Dövlət müəssisələrinin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqi, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.
1.3. Dövlət müəssisələri bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan məlumatları və hesabatları Nazirliyə təqdim edirlər.
1.4. Mikro və kiçik sahibkarlıq subyekti olan dövlət müəssisələri Nazirliyə yalnız bu Qaydaların 4.1.4-cü yarımbəndində nəzərdə tutulan məlumatları təqdim edirlər.
1.5. Bu Qaydalar maliyyə təsisatları istisna olmaqla qeyri-kommersiya hüquqi şəxslərinə, uşaq evlərinə, sosial xidmət müəssisələrinə, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə, məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil məktəblərinə, xüsusi təhsil müəssisələrinə, ailə tipli kiçik qrup evlərinə şamil edilmir.
1.6. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.6.1. büdcə layihəsi və proqnozu – dövlət müəssisəsinin ortamüddətli dövr üzrə (növbəti il rüblər üzrə tərtib edilməklə) bu Qaydaların 4.2-ci bəndində müəyyən olunmuş məlumatları özündə əks etdirən proqnoz göstəriciləri;
1.6.2. büdcə – dövlət müəssisəsinin növbəti il üzrə (rüblər üzrə tərtib edilməklə) bu Qaydaların 4.2-ci bəndində müəyyən olunmuş məlumatları özündə əks etdirən və dövlət müəssisəsinin idarəetmə orqanı tərəfindən təsdiq edilən maliyyə sənədi;
1.6.3. ictimai əhəmiyyətli xidmətlər göstərilməsi üzrə öhdəliklər – ictimai maraqların qorunması və ümumi rifahın təmin edilməsi məqsədilə dövlət müəssisəsinə qanunla və ya müqavilə ilə tapşırılan xidmətlərin göstərilməsi ilə bağlı dövlət müəssisəsinin xüsusi öhdəlikləri;
1.6.4. dövlət müəssisəsinin xarici törəmə müəssisəsi – xarici dövlətin qanunvericiliyi əsasında qeydiyyata alınmış və Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən dövlət müəssisəsi;
1.6.5. monitorinq – dövlət müəssisəsinin büdcə göstəricilərinin optimallaşdırılması üçün potensial imkanların müəyyən edilməsi məqsədilə dövlət müəssisəsinin büdcə layihəsi və proqnozları üzrə, həmçinin dövlət müəssisəsinin gəlir və xərc smetalarının icra vəziyyəti üzrə dövri müşahidənin aparılması prosesi;
1.6.6. təhlil – dövlət müəssisəsinin büdcə layihəsi və proqnozunun, həmçinin büdcəsinin icra göstəricilərinin qiymətləndirilməsi prosesi.
1.7. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunları ilə və digər normativ hüquqi aktlarla müəyyən olunmuş mənaları ifadə edir.
2.1. Dövlət müəssisələri üzrə monitorinqin və təhlilin məqsədləri aşağıdakılardır:
2.1.1. dövlət maliyyəsinin səmərəli idarə edilməsi;
2.1.2. dövlət müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması;
2.1.3. dövlət müəssisələrində uçot və hesabatlılığın təkmilləşdirilməsi;
2.1.4. korporativ maliyyə və əməliyyat risklərinin müəyyən edilməsi və bu risklərin dövlət maliyyəsinə təsir potensialının qiymətləndirilməsi;
2.1.5. dövlət müəssisələrinin mənfəətliliyinin artırılması və dövlət büdcəsi resurslarından asılılığının azaldılması;
2.1.6. ortamüddətli və uzunmüddətli dövrdə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları qarşısında yarana biləcək öhdəliklərin öncədən müəyyən edilməsi.
3.1. Dövlət müəssisələrinin növbəti il üzrə büdcə layihələri və proqnozları Nazirliyin müəyyən etdiyi formada hazırlanır və cari il iyulun 1-dək Nazirliyə təqdim olunur.
3.2. Nazirlik dövlət müəssisələrinin büdcə layihələrində və proqnozlarında dövlət maliyyəsinə təsir göstərə bilən əsaslı risklər aşkarladıqda həmin layihə və proqnozları dövlət müəssisələri ilə müzakirə edir. Müzakirələrin nəticələri protokollarla rəsmiləşdirilir.
3.3. Nazirlik təqdim olunmuş büdcə layihələrinin və proqnozlarının təhlilini apararaq yekun rəyini cari il sentyabrın 15-dək aidiyyəti dövlət müəssisələrinə təqdim edir.
3.4. Hər il dekabrın 20-dən gec olmayaraq dövlət müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda və ya onların nizamnamələrində müəyyən olunmuş qaydada dövlət müəssisəsinin növbəti il üzrə (rüblər üzrə tərtib edilməklə) büdcəsi təsdiq edilir.
3.5. Dövlət müəssisələrinin büdcələrində normativ hüquqi aktlarla və ya onların nizamnamələri ilə müəyyən olunmuş hallarda və qaydada dəyişiklik edilə bilər.
3.6. Nazirlik dövlət müəssisəsinin büdcəsində dəyişikliklə bağlı rəyini dəyişiklik layihəsi daxil olduqdan sonra 30 (otuz) gün müddətində aidiyyəti dövlət müəssisəsinə təqdim edir.
3.7. Nazirlik dövlət müəssisələrindən büdcə layihələri və proqnozları, həmçinin büdcədə dəyişiklik edilməsi ilə bağlı sorğu əsasında əlavə məlumatlar əldə edə bilər.
4.1. Dövlət müəssisələri aşağıdakı məlumat və hesabatları müvafiq dövr ərzində Nazirliyə təqdim edir:
4.1.1. büdcə layihələrini və proqnozları – cari il iyulun 1-dək;
4.1.2. büdcəni – cari il dekabrın 31-dək;
4.1.3. dəyişiklik edilmiş büdcəni (dəyişikliyin səbəbi göstərilməklə) – təsdiqləndikdən sonra 10 (on) gün müddətində;
4.1.4. pul vəsaitinin hərəkətinə dair məlumatları – hər ay bitdikdən sonra növbəti ayın 15-dək;
4.1.5. maliyyə vəziyyətinə və maliyyə fəaliyyətinə dair rüblük məlumatları – hər rüb bitdikdən sonra növbəti ayın 20-dək;
4.1.6. dövlət müəssisələrinin xalis mənfəətinin bölgüsü barədə hesabatı – cari il avqustun 15-dək;
4.1.7. dövlət müəssisələrinin borclarına, o cümlədən dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinə dair məlumatları – hər ay bitdikdən sonra növbəti ayın 10-dək.
4.2. Büdcə layihələri və proqnozları, həmçinin büdcə aşağıdakı məlumatları əhatə edir:
4.2.1. pul vəsaitinin hərəkəti haqqında proqnoz məlumatları (gəlir və xərc smetası);
4.2.2. mənfəət və ya zərər haqqında proqnoz məlumatları;
4.2.3. maliyyə vəziyyəti haqqında proqnoz məlumatları;
4.2.4. bu Qaydaların 4.2.1-ci – 4.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş məlumatlara dair izahlı qeydləri və izahlı arayışlar.
4.3. Bu Qaydaların 4.1.5-ci yarımbəndində nəzərdə tutulan maliyyə vəziyyətinə və maliyyə fəaliyyətinə dair rüblük və ilin əvvəlindən artan yekunla məlumatlar aşağıdakıları əhatə edir:
4.3.1. 34 nömrəli Mühasibat Uçotu Beynəlxalq Standartlarının tələbləri nəzərə alınmaqla aralıq maliyyə hesabatları barədə:
4.3.1.1. maliyyə vəziyyəti haqqında hesabat;
4.3.1.2. mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat (ilin əvvəlindən artan yekunla);
4.3.1.3. kapitalda dəyişikliklər haqqında hesabat;
4.3.1.4. pul vəsaitinin hərəkəti haqqında hesabat (ilin əvvəlindən artan yekunla);
4.3.1.5. izahlı qeydlər;
4.3.2. insan resursları, ştat vahidləri və əməkhaqları barədə məlumat;
4.3.3. xalis mənfəətin istifadəsi barədə məlumat (ilin əvvəlindən artan yekunla);
4.3.4. dövlət investisiya proqramı üzrə investisiya layihələri, o cümlədən xarici ölkələrdə investisiya qoyuluşları və birbaşa investisiyalar barədə məlumat;
4.3.5. ictimai əhəmiyyətli xidmətlər göstərilməsi öhdəlikləri üzrə icra hesabatı;
4.3.6. dayanıqlı inkişafla əlaqədar məlumatların açıqlanması haqqında hesabat.
4.4. Dövlət müəssisəsinin məlumat və hesabatları onun icra orqanının rəhbəri tərəfindən Nazirliyin təsdiq etdiyi formaya uyğun olaraq “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında təqdim edilir.
4.5. Dövlət müəssisəsinin xarici törəmə müəssisəsinin bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan məlumatlarını və hesabatlarını həmin dövlət müəssisəsinin payçısı (səhmdarı) və Azərbaycan Respublikasında rezident olan dövlət müəssisəsi təqdim edir.
4.6. Təqdim etdiyi aylıq və rüblük məlumatlarda dəqiqləşdirilmə zərurəti olduqda, dövlət müəssisəsi bu barədə Nazirliyə məlumat verir və Nazirliyin bildirişi əsasında 5 (beş) iş günü müddətində dəqiqləşdirilmiş məlumatları Nazirliyə təqdim edir.
4.7. Nazirlik dövlət müəssisəsinin aylıq və rüblük məlumatlarının, habelə büdcə layihələri və proqnozları üzrə məlumatların dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilmiş məlumatlarla uyğunluğunu yoxlayır. Uyğunluğun yoxlanılması və ya Nazirliyin digər təhlilləri nəticəsində uyğunsuzluq aşkar edildikdə, dövlət müəssisəsi Nazirliyin bildirişi əsasında 5 (beş) iş günü müddətində dəqiqləşdirilmiş məlumatları Nazirliyə təqdim edir.
5.1. Dövlət müəssisələrinin büdcə layihələrinin və proqnozlarının monitorinqi, habelə onların gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili zamanı aşağıdakılar araşdırılır:
5.1.1. dövlət müəssisələrinin büdcə göstəricilərinin icra göstəriciləri ilə müqayisəsinin nəticələri;
5.1.2. dövlət müəssisələrinin ayrı-ayrılıqda, fəaliyyət sahələri və tabe olduqları qurumlar üzrə maliyyə göstəricilərinin, o cümlədən maliyyə-iqtisadi sağlamlığının cari vəziyyəti və dinamikası;
5.1.3. dövlət müəssisələrinin xərclərinin həmin müəssisələrin funksiyalarına və xərclərin istiqamətinə görə göstəriciləri;
5.1.4. beynəlxalq maliyyə təşkilatlarının qabaqcıl təcrübəsi nəzərə alınmaqla, dövlət müəssisələrində stress-testlər aparılması və digər qiymətləndirmə alətlərinin tətbiq edilməsi yolu ilə dövlət müəssisələri üzrə ayrı-ayrılıqda, habelə tabe olduqları qurumlar üzrə və icmal olaraq səmərəlilik göstəriciləri, fiskal risklər və risk səviyyələri;
5.1.5. dövlət müəssisələrində aşkarlanmış fiskal risklərin digər müəssisələrə, həmçinin dövlət maliyyəsinə, o cümlədən dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına və dövlət borcuna mümkün təsiri, habelə həmin risklərin digər müəssisələrdə yaranma potensialı;
5.1.6. dövlət müəssisələrinin ortamüddətli dövr üzrə biznes strategiyaları və inkişaf istiqamətləri üzrə hədəf göstəricilərinin müəyyən edilməsi ilə bağlı maliyyə-iqtisadi məlumatlar;
5.1.7. dövlət müəssisələrinin fəaliyyəti üzrə dövlət siyasətinin hazırlanmasına, həmin siyasətin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə və təkmilləşdirilməsinə əsas verən digər məsələlər.
5.2. Nazirlik dövlət müəssisələrinin büdcə layihələri və proqnozlarının monitorinqi, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirir və icra göstəricilərinin təhlilini apararaq nəticələri barədə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 2 (iki) ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim edir.
5.3. Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməli olan məlumat hazırlanarkən Nazirlik dövlət müəssisələrinin büdcə layihələri və proqnozlarının monitorinqi, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlilinin nəticələrini dövlət müəssisələri ilə müzakirə edə və onlardan əlavə məlumatlar ala bilər. Müzakirələrin nəticələri protokollarla rəsmiləşdirilir.
Bu Qaydaların tələblərinin pozulmasına görə dövlət müəssisəsinin icra orqanının rəhbəri şəxsən cavabdehdir.
1.1. Bu Qaydalar dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisəsi) xalis mənfəətinin bölüşdürülməsini və dividend siyasətinin ümumi prinsiplərini, həmçinin xalis mənfəətin bölüşdürülməsinə, o cümlədən dövlət büdcəsinə dividend ödənişlərinə dair nəzarət mexanizmləri ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.
1.2. Bu Qaydalar səhmləri Azərbaycan Respublikasının hüdudlarından kənarda aparıcı birjaların listinq siyahısında yer alan dövlət müəssisəsinə şamil edilmir.
1.3. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. dividend – dövlət müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində əldə olunan xalis mənfəətindən dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə münasibətdə paylarına (səhmlərinə) uyğun olaraq payçıya (səhmdara), dövlət adından yaradılan publik hüquqi şəxsə münasibətdə isə dövlət büdcəsinə edilən ödəniş;
1.3.2. səlahiyyətli orqan – dövlət müəssisəsinin təsis sənədinə, o cümlədən nizamnaməsinə uyğun olaraq xalis mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malik olan orqan.
1.4. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.5. Bu Qaydalarda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir.
2.1. Bu Qaydaların əsas məqsədləri aşağıdakılardır:
2.1.1. dividend gəlirlərinin müəyyənləşdirilməsi;
2.1.2. dövlət müəssisəsinin fəaliyyətinin dövlətin sosial və iqtisadi maraqlarına uyğunluğunun təmin edilməsi;
2.1.3. dövlət müəssisəsinin səmərəli və mənfəətli fəaliyyətə təşviq edilməsi;
2.1.4. dövlət müəssisəsinin uzunmüddətli inkişafı və maliyyə dayanıqlığının qorunması;
2.1.5. xalis mənfəətin optimal bölgüsünün təmin edilməsi.
2.2. Dövlət müəssisəsinin xalis mənfəətinin bölüşdürülməsinin və dividend siyasətinin əsas prinsipləri aşağıdakılardır:
2.2.1. şəffaflıq – mənfəətin hesablanması, bölgüsü və dividendlərin ödənilməsi barədə bütün qərarlar aydın, hesabatlı və maraqlı tərəflər üçün əlçatan olmalıdır;
2.2.2. bərabərlik – dövlət müəssisəsinin inkişaf və investisiya tələbləri nəzərə alınmaqla bütün payçıların (səhmdarların) maraqları bərabər şəkildə qorunmalıdır;
2.2.3. fiskal ehtiyac – dövlət müəssisəsinin maliyyə sabitliyini pozmadan, dövlətin fiskal ehtiyacları, habelə paylarına (səhmlərinə) uyğun olaraq digər fiziki və hüquqi şəxslərin maraqları təmin olunmalıdır.
3.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Nazirlik) cari il mayın 1-dək növbəti il üzrə dövlət büdcəsinə dividend ödənişlərinin proqnozlarının tərtibinə dair təlimat məktubunu və müvafiq məlumat formalarını dövlət müəssisəsinə göndərir.
3.2. Dövlət müəssisəsi əvvəlki hesabat ilinin faktiki göstəriciləri əsasında növbəti ilin dividend ödənişləri üzrə proqnoz göstəricilərinə dair müvafiq məlumatları Nazirlik tərəfindən müəyyən edilmiş formaya uyğun cari il iyulun 1-dək Nazirliyə təqdim edir.
3.3. Nazirlik bu Qaydaların 3.2-ci bəndinə uyğun təqdim olunmuş məlumatları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhlil edir və növbəti il üzrə dövlət müəssisəsinin dividend ödənişlərinə dair minimum proqnoz göstəricilərini müəyyən edir.
3.4. Dividend ödənişləri proqnozlaşdırılan zaman dövlət müəssisəsinə növbəti ildə dövlət büdcəsindən ayrılması nəzərdə tutulan maliyyə yardımları, subsidiyalar və investisiya məbləğləri nəzərə alına və həmin məbləğdə növbəti il üçün dividend ödənişi proqnozları azaldıla bilər.
3.5. Bu Qaydaların 3.3-cü bəndinə uyğun olaraq müəyyən edilmiş minimum icmal proqnoz məbləği növbəti ilin dövlət büdcəsi haqqında qanun layihəsində nəzərə alınır və onun dövlət müəssisələri üzrə bölgüsü növbəti ilin dövlət büdcəsi haqqında qanunun tətbiqi ilə bağlı fərmana əsasən müəyyən edilir.
4.1. Dövlət müəssisəsinin xalis mənfəəti, ilk növbədə, həmin dövlət müəssisəsinin dövlət büdcəsi və (və ya) Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında cari il üzrə mövcud olan borc öhdəliklərinin (əsas və faiz borcu), o cümlədən əvvəlki illər üzrə yığılmış və ödənilməmiş borc öhdəliklərinin (əsas və faiz borcu) ödənilməsinə yönəldilir.
4.2. Bu Qaydaların 4.1-ci, 5.7–5.9-cu bəndləri nəzərə alınmaqla, dövlət müəssisəsinin xalis mənfəətindən minimum 30 faiz məbləğində dividend ödənilir.
4.3. Dövlət müəssisəsinin illik maliyyə hesabatları əsasında xalis mənfəətindən dividend hesablandıqdan sonra mənfəətin qalan hissəsindən səlahiyyətli orqanın qərarlarına əsasən istifadə olunur.
5.1. Bu Qaydaların 5.2-ci bəndi nəzərə alınmaqla, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin dövlətə aid payları (səhmləri) üzrə dividendlər, habelə dövlət adından yaradılan publik hüquqi şəxslərin dividendləri dövlət büdcəsinə ödənilir.
5.2. Dövlət müəssisəsinin törəmə müəssisələri olduğu halda hər bir törəmə müəssisəsinin maliyyə hesabatları əsasında xalis mənfəətindən dövlətin payına (səhminə) müvafiq olaraq dividend hesablanaraq dövlət büdcəsinə ödənilir.
5.3. Dövlət müəssisəsinin illik maliyyə hesabatları maliyyə ili başa çatdıqdan sonra növbəti il aprelin 30-dan gec olmayaraq Nazirliyə təqdim edilir.
5.4. Dövlət müəssisəsi tərəfindən dividend ödənişləri müəssisənin illik maliyyə hesabatları təsdiq edildiyi tarixdən növbəti il ərzində üç bərabər hissəyə bölünməklə ilk üç rübün sonuncu ayının 20-dək ödənilir.
5.5. Dövlət müəssisəsi tərəfindən dividend ödənişləri müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödənilmədikdə həmin dövlət müəssisəsinə dövlət büdcəsindən ayrılması nəzərdə tutulan maliyyə yardımları, subsidiyalar və investisiya məbləğləri ödənilməmiş dividend məbləği qədər azaldılır.
5.6. Dövlət müəssisəsi yenidən təşkil olunduqda həmin dövlət müəssisəsinin xalis mənfəətindən bu Qaydalara uyğun olaraq dövlət büdcəsinə ödənilməli olan dividend ödənişləri üzrə öhdəliklər onun hüquqi varisinə keçir.
5.7. Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin hesabat ili üzrə xalis mənfəəti 100,0 (yüz) min manatdan az, dövlət adından yaradılan publik hüquqi şəxslərin xalis mənfəəti 20,0 (iyirmi) min manatdan az olduqda dövlət büdcəsinə dividend hesablanmır.
5.8. Dövlət müəssisəsinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa, habelə qanunda nəzərdə tutulmuş digər hallarda dövlət müəssisəsi dividendləri elan edə və ödəyə bilməz.
5.9. Dövlət müəssisəsinin xalis aktivlərinin dəyəri dividendlərin ödənilməsi nəticəsində onun nizamnamə kapitalının miqdarından az olarsa, dividend məbləği xalis aktivlərinin dəyərinin nizamnamə kapitalının miqdarından az olmayacağı məbləğədək azaldılır.
5.10. Dövlət müəssisəsi tərəfindən ölkənin sosial-iqtisadi fəaliyyəti ilə bağlı strateji layihələrin icrası həyata keçirilərkən həmin dövlət müəssisəsinin müvafiq dövr üzrə xalis mənfəətindən dövlət büdcəsinə dividend ödənişindən tam və ya qismən azadolma Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
6.1. Dövlət müəssisəsi dövlət büdcəsinə ödənilmiş dividendlər və bölüşdürülmüş xalis mənfəətin istifadəsi barədə rüblük (artan yekunla) hesabatı hər rüb üzrə növbəti ayın 30-dək Nazirliyə müəyyən olunmuş formada təqdim edir.
6.2. Bu Qaydaların tələblərinə uyğun olaraq dövlət müəssisəsinin xalis mənfəətinin bölüşdürülməsinə, dividendlərin düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə ödənilməsinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir və ildə bir dəfə bu barədə hesabat hazırlanaraq noyabrın 30-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
6.3. Dövlət müəssisəsinin təsərrüfat fəaliyyəti üzrə maliyyə nəticələri iki il ardıcıl olaraq zərərlə yekunlaşdıqda Nazirlik müvafiq təhlillər aparılmaqla zərərin səbəblərini araşdırır və araşdırmanın nəticələrinə uyğun olaraq təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
Bu Qaydaların tələblərinə riayət edilməsinə görə dövlət müəssisəsinin icra orqanının rəhbəri şəxsən cavabdehdir.